`Türkiyə o vaxt möhkəm dursaydı... ` - MÜSAHİBƏ

`Türkiyə o vaxt möhkəm dursaydı... `  - MÜSAHİBƏ
  15 Sentyabr 2014    Oxunub:11890

Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri Samir Həmidovun AzVision.az-a müsahibəsi. 



- Bakının işğaldan azad olunmasından bu gün 96 il ötür. Ümumiyyətlə, Bakının azad olunması, bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi dövrün geosiyasi vəziyyəti ilə indiki vəziyyəti necə müqayisə etmək olar? Hansı fərqlər var?


- XX əsrin əvvəlləri dünyanın beynəlxalq münasibətlər tarixində ən mürəkkəb dövr idi. İlk olaraq mürəkkəblik gətirən o idi ki, bu, imperiyaların dağıldığı dövr idi. 1917-18-ci illərdə 4 imperiya – Çar Rusiyası, Avstriya-Macarıstan, Osmanlı və Alman imperiyası dağıldı. Daha sonra Şərqi Avropada və Qafqazda 10-a qədər yeni müstəqil dövlət yarandı.

Üçüncüsü isə, region və bütövlükdə Avropa transformasiya prosesində idi. Yəni, keyfiyyət dəyişikliyi prosesi gedirdi. Köhnə qaydalarla yeni qaydalar arasında ziddiyyət başlamışdı. Köhnə qaydalar dövlət suverenliyinin mütləqliyi, gizli diplomatiya, imperiya hüququ idi. Yeni qaydalar isə, milli müqəddəratı təyinetmə, yeni müstəqil dövlətlərin yaranması, demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi kimi məsələlər gündəliyə çıxmışdı. Çox mürəkkəb dövr idi.

Rusiya imperiyası daxilən dağılmış və müharibədən məğlub kimi çıxmışdı. Nəticə etibarilə ölkə nəinki ətrafdakı prosesləri idarə edə bilmirdi həm də daxildən parçalanmışdı. Əvvəllər Rus imperiyasının tərkibində olan Şərqi Avropa ölkələri – Polşadan başlayaraq Azərbaycana qədər olan ərazidə yeni dövlətlər yaranmışdı. Bunların da əksəriyyəti Versal sülh konfransında dünya birliyi tərəfindən tanınmışdı.

- Xüsusi olaraq Azərbaycanın o vaxtkı və bugünkü geosiyasi vəziyyətində hansı fərqlər var idi? 



- 1918-20-ci illərdə faktik olaraq yeni dövlət qurulurdu. Heç vaxt Azərbaycanda paytaxtı Bakı olan mərkəzləşmiş dövlət olmamışdı. Bu, bir ilk idi və hər şeyin ilki çətin olur. Çoxlu yeni kadr potensialına ehtiyac var idi, müxtəlif dövlət strukturları qurulmalı, cəmiyyət yaradılmalı idi. Azərbaycan müstəmləkə zülmündən qurtulan yeni dövlət kimi fəaliyyət göstərməli idi.

Ən mürəkkəb məsələlərdən biri ordu quruculuğu idi. Ümumiyyətlə, hər şeyi sıfırdan başlamaq lazım idi. Bundan başqa qonşularımız – İran, Ermənistan və Gürcüstan bizim müstəqilliyimizi qəbul etmək istəmirdilər. Ən yaxın mütəffiqimiz olacaq Türkiyənin özü isə transformasiya prosesində idi. Müharibədən məğlub kimi çıxmışdı,rejim dəyişmişdi. Osmanlı dağılmaqda və yerində Türkiyə cümhuriyyəti qurulmaqda idi.

Amma 1991-ci ildə, müstəqil olanda biz pis-yaxşı 70 il sovetlər birliyinin tərkibində dövlətçilik ənənəsi qazanmışdıq, dövlət strukturlarının dəyişikliyə ehtiyacı olsa da, bazası var idi. Yəni boş yerdə deyildik. 

İkincisi, qonşuluğumuzda artıq güclü dövlət kimi formalaşmış müttəfiq Türkiyə var idi. 
Üçüncüsü, dünya özü I Dünya Müharibəsindən sonra olduğu kimi ağır transformasiya dövrü keçirmirdi. Sovet İttifaqı dinc yolla çökdü və yerində yeni dövlətlər yarandı. O zamanlar dövlətlərin sayı az idi. Məsələn, 1945-ci ildə BMT-nin Nizamnaməsini 50-51 dövlət imzalamışdı. 1991-ci ildə biz müstəqilliyimizi bərpa edəndə dünyada 180-dən çox dövlət var idi. Çox dövlət fərqli- daha mürəkkəb geosiyasi proses deməkdir. 
Bu gün Azərbaycanın dünya birliyinə qatılması nisbətən daha münasib geosiyasi şəraitdə baş verir. Amma əvvəlki dövrə baxsaq, o zaman daha mürəkkəb vəziyyət idi.

Nəzərə almaq lazımdır ki, Azərbaycan o zamanlar parlamentli respublika idi. Bu, bizim həm üstünlüyümüz, həm də çatışmayan cəhətimiz idi. Çünki elə mürəkkəb şəraitdə Azərbaycana monolit rejim, güclü dövlət quruluşu lazım idi. İndi isə Azərbaycanın inkişaf etmiş neft strategiyası var, o zaman isə bu yeni-yeni qurulurdu.

1990-cı illərdə beynəlxalq münasibətlər, beynəlxalq hüququn normaları artıq formalaşmışdı. I Dünya Müharibəsindən sonra 4 imperiya, II Dünya Müharibəsindən sonra Britaniya və Fransa imperiyaları dağıldı. Son olaraq 1991-ci ildə sovet imperiyası çökdü. Yeni Sistem formalaşdı. Bu baxımdan vəziyyət nisbətən fərqlidir. Amma səhvlər etsəydik, müstəqillik elə qazandığımız illərdə də itəcəkdi. 



- Qeyd etdiniz ki, müttəfiqimiz Türkiyə də həmin illər transformasiya prosesini yaşayırdı, yəni vəziyyət bir o qədər də ürəkaçan deyildi. Belə halda onun Azərbaycana, Bakını işğaldan azad etməyə köməklik göstərməyi sırf qardaşlıq münasibətlərinə görə idi, yoxsa siyasi maraqlar var idi? 



- Müharibə dövründə imzalanmış müqavilələr əsasında Qafqaz regionu Osmanlının nüfuz dairəsində idi. Mərkəz bloku – Avstriya-Macarıstan, Almaniya, Osmanlı dövlətləri əraziləri öz aralarında nüfuz dairələrinə bölmüşdü. Burada Qafqaz da Osmanlının payına düşmüşdü. Sonradan Almaniya ilə Rusiya arasında gizli müqavilə olanda bu razılaşma dəyişdirilmişdi. Almanlar Qafqazı gizli olaraq ruslara güzəştə getmişdilər.

Osmanlıların bura gəlməsi həm də geosiyasi maraqlara xidmət edirdi. Eyni etnik qrupu, dini, dili paylaşdığımız xalq kimi yardıma gəlmişdilər, çünki sonradan Osmanlı zabitlərinin bir qismi burada qaldılar. Bu amil var idi. 



Amma eyni zamanda müharibənin məntiqindən irəli gələn nəticə var idi ki, onlar bu əraziyə nəzarət etmək istəyirdilər. Hər halda türklər maraqlı idi ki, burada qardaş dövlət formalaşsın, bu da onlar üçün arxa cəbhə, dayaq mövqeyi olsun. 

Sonradan Leninlə Atatürk arasında anlaşma nəticəsində faktik olaraq Azərbaycan “güzəştə” gedildi. Tarixi şərait elə gətirdi ki, həmişə bir-birinə düşmən mövqedə olmuş Rusiya və Türkiyə Cümhuriyyəti müttəfiq oldu. Çünki onların hər ikisi o dövrdə qərbin təzyiqinə məruz qalmışdı və bu da onları tarixdə ilk dəfə olaraq təbii müttəfiqə çevirdi. O zaman Naxçıvanın muxtariyyətini saxlamaq şərti ilə Azərbaycan güzəştə gedildi. 



Bu gün Ermənistan da deyir ki, Lenin bizə xəyanət elədi. Rusiya Türkiyə ərazisində Böyük Ermənistan dövləti yaratmaq anlayışından imtina etdilər, yalnız balaca sovet Ermənistanı qaldı. Bizimçün sərfəli olmayan tərəfi bu oldu ki, müstəqilliyimizi itirdik. Türkiyə bəlkə də daha möhkəm dursaydı, itirməzdik. 



- Hazırda da Azərbaycan hərbi sahədə Türkiyəylə əməkdaşlıq edir. İndi uzunmüddətli hərbi təlimlər gedir. Bunun məhz Bakının işğaldan azad olunmasının ildönümü ərəfəsində olmağı təsadüfdürmü? 



- Hər təsadüfdə bir zərurət var. Tarixi müttəfiqliyin məntiqi ardıcıllığıdır. Biz tarixən həm qardaş-dost dövlət olmuşuq, həm də strateji müttəfiq. Bizim genişmiqyaslı hərbi təlimlər də regionda Türkiyə-Azərbaycan müttəfiqliyinin bariz nümunəsidir, göstəricisidir. Eyni zamanda bu, çox həssas durumdur. Bildiyiniz kimi, yaxın vaxtlarda ermənilər atəşkəsi pozmuşdular. Buna görə də hərbi qüvvələrin daim döyüş hazırlığında olmağına ehtiyac var. Vəziyyət belədir ki, həm Ukrayna-Rusiya müharibəsi, həm də Ermənistanın Azərbaycana qarşı təxribatları ordunun daim döyüş hazırlığı vəziyyətində olmağını tələb edir.

Fatimə Kərimli
Fotolar Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti