Ombudsmanda səfir Koray Tarqayla görüş olub

Ombudsmanda səfir Koray Tarqayla görüş olub
  27 Aprel 2013    Oxunub:1393
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqayı və onu müşayiət edən şəxsləri qəbul edib.
Ombudsman Aparatından verilən məlumata görə, görüşün məqsədi insan hüquqları sahəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.

E. Süleymanova ATƏT-lə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığa önəm verdiyini vurğulayıb, fəaliyyət dövrü ərzində bu nüfuzlu qurumla birlikdə seminar və treninqlərin keçirildiyini, bir sıra tanınmış beynəlxalq ekspertlərin bu tədbirlərə qatıldığı, səmərəli təcrübə mübadiləsinin aparıldığını, MPM-in iki illik hesabatlarının tərcümə edildiyini, həmçinin Müvəkkilin regional əməkdaşlar üçün seminarların təşkil edildiyini söyləyib.

Ombudsman qonaqlara müvafiq dövlət məmurları, hüquqşünaslar və hüquq fakültəsinin tələbələri tərəfindən asanlıqla mənimsənilməsi məqsədilə bir sıra hüquqi nəşrləri vahid bir məcmu şəklində hazırlanıb çap edilməsini tövsiyə edib.

O, qonaqlara İşgəncə Əleyhinə Assosiasiyanın “Polisdə Həbsin Monitorinqi” adlı praktiki bələdçi kitabının Azərbaycan dilinə tərcüməsinin məqsədəuyğun olduğunu söyləyib. Müvəkkilin bu təklifi qonaqlar tərəfindən müsbət qarşılanıb.

K. Tarqay insan hüquqlarının müdafiəsində böyük rol oynayan ikitərəfli əlaqələri yüksək dəyərləndirib. Daha sonra o, layihə çərçivəsində gələcək əməkdaşlığın insan hüquqlarının müdafiəsi istiqamətində səylərin artırılması prosesində mühüm rol oynayacağını ifadə edib.


Teqlər:  





Xəbər lenti