“Müğənnilər 2 saat oxuyub 15 min alırlar, biz isə...” – Müsahibə

“Müğənnilər 2 saat oxuyub 15 min alırlar, biz isə...” – Müsahibə
  16 Sentyabr 2014    Oxunub:5348
“Yas qadağasına ilk əvvəl Təzə Pirdən başlamaq lazım idi”

`Dəvətnamə alanda “həmişə toyda” sözünü də deyə bilmirik`

Milli Məclisin deputatı Zahir Orucun AzVision.az-a müsahibəsini təqdim edirik:

- Zahid müəllim, son günlər mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri dövlət tərəfindən yas və toy mərasimlərinə qoyulan qadağadır. Təbii ki, bu gözlənildiyi kimi birmənalı qarşılanmadı. Razı qalanlar da oldu, narazılıq edənlər də.. Siz bu barədə nə düşünürsünüz?

- Məsələ təkcə yas mərasimlərində israfçılığa qarşı inzibati vasitələrlə tədbir görməkdə deyil. Qeyd edim ki, bütövlükdə bu qayda xalqımız tərəfindən müdafiə olunur və sanki ilk addımın yuxarılardan atılması gərək imiş ki, bütövlükdə cəmiyyət bunu alqışlasın, ona tabe olsun və hər yerdə bu qəbul edilsin. Məsələnin ən önəmli tərəfi odur ki, bu bizi bütövlükdə milli inkişafdan salır, Azərbaycan cəmiyyətini taqətsizləşdirir, həyatdan getmişin ailəsini çox ağır sosial yük altına salır və beləliklə bu çox mənfi şəkildə davam edən məsələyə son verilməsindən gedir.

Mən bilmirəm bizim sosioloqlar, cəmiyyətşünaslar tətqiq edib tapa bilərlərmi ki, ötən əsrlərdən bu yana bu cür mərasimlərin menyusu, onun süfrəsinin zənginləşməsi hansı dövlərlə təsadüf edir. Bu 200 il əvvəl baş verib? ya son 20-30 ilin məhsuludur? Ancaq bundan asılı olmayaraq, mən bir paraleli demək istəyirəm. Hindular inəyi xeyli müqəddəsləşdiriblər və əgər onlar yolun ortasında yatan inək görürlərsə hamısı onun qırağında yatmalıdırlar ki, bu müqəddəsliyin üzərindən keçməsinlər. Bir ingilis də bir dəfə onlara baxıb həmin mərasimdə iştirak edir. Bu zaman başqa bir ingilis də soruşur ki, bunun sənə nə aidiyyatı var ki? Axı sən ingilissən. Cavab çox ibrətamizdir və bizim bu yas mərasimlərini, millətimizin durumunu, faciəsini izah edir. İngilis belə cavab verib: vaxtilə bir neçə əsr bundan öncə bunların inanclarına bu məsələni biz daxil etmişik. Əgər mən ayağa qalxsam o zaman hindular da ayıla bilər, bu bizim çoxsaylı hinduları idarəetməyimizi çətinləşdirər.

-Sizcə, xeyir-şər məclislərində dövlət nəzarətinin artırılması indiki durumda nə ilə bağlı idi?

- Mən hesab edirəm ki, bizim mərasimlərimiz sözün həqiqi mənasında milli inkişafımıza bir buxovdur və hamı bunu cəmiyyət, məişət səviyyəsində dilə gətirirdi. Düşünürəm ki, bu sadəcə menyulara təsir göstərməli deyil. Eyni zamanda qəbir yerlərinin tutulması, alınması, bütövlükdə qəbirstanlıqların mavzoleyə çevrilməsinə, bahalı qəbir daşlarına da öz təsirini göstərməlidir.

“Bu proses Təzə Pir məscidindən başlasın”

Burada da bir fikri qeyd edim ki, Azərbaycanın din adamları bu sahədə olan əsas ilahiyyatçılar bu məsələnin önündə getməlidirlər, insanlara qarşı çıxaraq, onlara müqavimət göstərərək yox. Çünki mən çox arzulayıram ki, bu Təzə Pir məcsidindən başlasın. Ona görə ki, Azərbaycanın elitasının mərasimləri bu məsciddə keçirilir. Və bu cür addımlar örnək kimi cəmiyyətə təqdim olunduqca, hər kəs dərk edəcək ki, belə olmalıdır.

- Zahid müəllim, ümumilikdə ilk olaraq bu addımın Naxçıvandan başladığı bildirilir.

-Baxın Naxçvanda məhz Vasif Talıbovun təşəbbüsü ilə bu proses getdi və indi hamı ona dua edir. Həqiqətən də axı bu mərasimin həyatını itirən insanın ruhuna nə aidiyyatı var? Ölü qalıb orada, adamlar başqa qayğıların faciəsini daşımaqdadırlar.

“Şadlıq evlərinin əlində girovuq”

-Necə hesab edirsiniz, toy mərasimlərindəki bu israfçılıq necə öz həllini tapmalıdır. Artıq buna da nəzarət etməyin vaxtı çatıbmı?

- Bugünki realıqda toy mərasimlərimiz də ayrı bir faciənin yaşandığı məkandır.İki gəncin gələcək xoşbəxtliyinin təminatına və nikahının rəsmiləşməsinə xidmət etməli olan toylarımız aşırı dərəcədə dəbdəbəyə,valideynlərin soyulmasına və adamların musiq-yemək-davranış terroruna məruz qalmasına səbəb olur.Heç kəs bu qapalı dairədən çıxa bimir və şadlıq evlərinin formalaşdırdığı gerçəklik nəinki milli dəyərlərimizi tapdalayır.eləcə də dağılan ailələrin statistikasında özünə yer tapir.Fikir verin,təntənlərimiz genişləndikcə boşanmalrın sayı da ona proporsional surətdə artmaqda davam edir. Gəlin razılaşaq ki, adamlar normal ünsiyyətdən məhrum olurlarsa, gənclər keçmişi, müxtəlif ədəbi hadisələri,tarixi və müsbət ailə dəyərlərini eşitmirsə, toylarda yetişən müğənnilərin dayaz və keyfiyyətsiz aparıcılığı, musiqisi altında oranı daha tez tərk etməyə çalışırsa,bunun harası “xeyir iş” oldu?

Bir masanın qiyməti 100-400 manat civarında dəyişir. Məgər orada şotlandların qədim viskilərini verirlər,yoxsa delikates dəniz yeməklərini? Bir adam qısa bir vaxtda bu qədər yeməyi necə istehlak edə bilər? Onsuz da razılaşdıq ki,orada hər şey adamları saxlamağa deyil,qovmağa yönəlib,belə olan halda start vəziyyətində-ilk addımda yeni ailə quran insanlarımızın maddi məhək daşını məhv etməyə ixtiyarımız varmı?

Üstəlik,bir məhsulun az qala 3-4 toy süfrəsini bəzədiyini nəzərə alsaq ki,sanitar və gigiyenik normaların da kobud pozulduğunun şahidləriyik. Bu xəstəlik mənbələrinə, insanımızı kiçildən və aşkar əsarətdə saxlayan ənənələrə qarşı “dur” deməyə həm cəmiyyətin,həm də yaxşı nümunələrlə toplumu yönləndirməyə borclu olanların gücü çatmalıdır.Adam az qalır desin ki,belə toylarla Qarabağa necə getmək olar?Biz düşmənə qarşı vuruşmalıyıq,yoxsa girovluğunda olduğumuz mərasim gerçəkliyinə qarşı?Məgər bunu da ermənilər başımıza gətirib?

““Həmişə toyda” sözünü deməkdən çəkinirik”

-Məsələnin başqa bir tərəfi də var. Şadlıq sarayları hələ geniş ayaq açmadığı dövrlərdə,lap elə sovet zamanında toylarda kiçik-təvazökar bir menyu var idi,admlar yeyib-içər sonra da toplaşıb musiqi və ədəbi-bədii məclislərini keçirərdilər.Mənəvi qidalanma o vaxtlar daha üstün tutulardı.İndi adamlar belə zəngin süfrələrdən ruhi və mədəni cəhətdən ac-yalavac geri dönürlər.Əksinə toylardan evlərimizə qəzəb və giley daşıyırıq və belə şəraitldə dəvətnamə alan adama “həmişə toyda” sözünü işlətmək ona qarğış eləmək kimi səslənir və bu qədər müqəddəs arzu məlum səbəblərdən böyük zərbə alır.Ona görə də mədəni islahatlar həyati bir ehtiyac kimi qarşıya çıxıb və kimsə birinci addımı atmalıdır.Bəzən insanlar qanun və inzibati normalarla buna qarşı getməyi də bizdən tələb edirlər.Bu da mükündür və belə olarsa,qətiyyən konstitusion normalar pozulmaz.Lakin mənəvi və mədəni inqilab üçün qanunlar olmadan da hərəkət etmək və uğur qazanmaq mümkündür.İstənilən halda bu istismarçı yarış və kobud dəbin dayandırılması üçün cəmiyyətdə anlaşma tapılmalıdır. Və şadlıq evlərinin missiyasi da dəyişməlidir. Onu tikib başa gətiriblər, yaxşı ediblər və qazanıblar, fayda götürüblər. Yetər ki, bundan sonra şadlıq evləri Azərbaycan cəmiyyətini istismar etməsin.

Mən daha bir məqamı vurğulamq istərdim – toylardakı musiqiçilər və aparıcılar haqqında. Məndə onların bir nçoxu barəsində məlumatlar var.Yaxın adamımızın xeyir işinə aparıcılardan dəvət etmək istədiyimiz üçün əsaslı arqumentlərə söykənirəm. Onlar cəmi 2-3 saat üçün 13-15 min manat tələb edirlər. Bildiyiniz kimi cəmi 6 saat sürən xeyir mərasimlərimizdə vaxt qrafik üzrə sənətçilər arasında bölüşdürülür və belə olan halda görün ki, dünyada hansı biznes növü ilə müqayisə aparmaq olar ki, sənətçilərimiz saatda 6-7 min manat əldə edirlər. Biz hələ onların professional səviyyəsindən danışmırıq. Göründüyü kimi bu açıq soyğunçuluq və insafsızlıq nümunəsidir.Bəzən idmançılarla müəllimlərin maaşını müqayisə edirlər. Deyə bilərlərmi ki,təsadüfən efirə çıxmış, özünə bir az tanıtım qazanmış adamların Azərbaycan müəllimindən üstün hansı müqddəs missiyası var ki, onların az qala 7-8 illik maaşını bir tədbirdən vurub çıxarırlar?

Deməli, milləti sanki buxovda saxlayan və bizim mental varlığımızı təhdid edən belə miirasdan qurtulmasaq,”toy adam”larına çevrilib qalacağıq. Axı gəlin razılaşaq ki, hər bir xalqın dünyəvi gücü onun təhsil və intellktual-elmi potensialı ilə müəyyənləşir və heç yerdə “xeyir işlərindəki dəbdəbəyə görə” bir toplumun üzvlərinə mükafat vermirlər!

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti