Bahalaşma davam edə bilər – TƏHLİL

Bahalaşma davam edə bilər – TƏHLİL
  16 Sentyabr 2014    Oxunub:4945
Ölkədə aqrar məhsulların, xüsusən də bəzi yeyinti məhsullarının qiymətlərində Kənd Təsərrüfatı Nazirliyi (KTN) təkzib etsə də, yüksəlişə meyl var. Düzdür, avqust ayında ümumilikdə istehlak mallarının qiymətləri ilə xidmət tariflərində, o cümlədən qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərdə əvvəlki ayla müqayisədə eyni səviyyə müşahidə edilib, ərzaqda isə hətta 0,1 faiz ucuzlaşma qeydə alınıb. Ancaq ay ərzində düyü, un, qoyun əti, süd, kərə yağı, limon, banan, kartof, şəkər və şəkər tozu kimi məhsulların qiymətlərində bahalaşma olub.

Ümumiyyətlə, göstərilən ayda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3, birillik bitkilər üzrə xiyar 55,9, qarpız 32,1, yonca 25,7, lobya 24,4, pomidor 21,2, buğda 3,7 faiz olmaqla, istehsalçı qiymətlər 8,6 faiz yüksəlib. Diri heyvanlar və heyvandarlıq məhsullarından təbii bal 1,2, qoyun və keçilər, yuyulmamış yun və digərlərinin istehsalçı qiymətlərində 0,1 faiz yüksəliş qeydə alınıb.

Bəs, bütün bunlar nəylə əlaqədardır?

KTN-in bu günlərdə verdiyi açıqlamada demək olar ki, əslində, heç nə baş vermədiyini, bilavasitə Rusiya bazarına ixrac imkanlarının genişlənməsi amilinin isə qiymətlərə daha çox psixoloji təsir göstərdiyini bəyan edib.

Həmin açıqlamada qeyd olunur ki, cari ilin ötən dövrü ərzində Azərbaycanda istehsal edilən meyvə, tərəvəz və bostan məhsullarının ixrac edilən hissəsi müxtəlif məhsullar üzrə ümumilikdə təqribən 7-10 faiz təşkil edib ki, bu da ötən ilə nəzərən cəmi 20,5 faiz artım demək olduğundan, ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının hamısının Rusiya bazarına çıxarıldığı kimi fikirlər tamamilə əsassızdır.

Açıqlamada o da vurğulanıb ki, KTN-nin monitorinqinə əsasən qiymətlərə Rusiya bazarına məhsul ixracının artmasından irəli gələn psixoloji təsir faktoru avqust ayının 8-9-dan etibarən işləməyə başlasa da, cəmi 20 gün sonra – həmin ayın 28-29-dan artıq, öz əhəmiyyətini itirməyə başlamış və avqust ayının axırında qiymətlər demək olar, sabitləşmişdi.

Sual olunur ki, bəs, yanvar-iyul ayları ərzində keçən illə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları istehsalında 4.2 faiz azalmanı necə izah etmək olar? Bunun aqrar məhsulların, xüsusən də yuxarıda adlarını çəkdiyimiz məhsulların qiymətlərindəki yüksəlişə təsiri olmayıbmı?

Və ən əsası, doğrudanmı, bahalaşma artıq, arxada qalıb?

İlk olaraq, sonuncu suala cavab verək ki, bahalaşma hələ qarşıdadır. Əvvəla, 20 gün ərzində bahalaşma heç bir şəkildə sırf psixoloji təsirin nəticəsi ola bilməzdi. Rusiya bazarlarına ixracının artmasına gəldikdə isə, bu da qiymətlərin birdən-birə yüksəlişinə şərait yaratmamalı idi. Sadəcə, burada həmişə olduğu kimi müəyyən işbazların rolu var. Amma sözümüz bunda deyil.

Bu dəfəki bahalaşmada daha çox məhz obyektiv amillərin böyük rolu var ki, ən əsasları fikrimizcə, bunlardır. Əvvəla, hələ ilin ortasından payız aylarında kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksələcəyi proqnoz edilmişdi. Üstəlik, bu il Azərbaycanda məhsuldarlıq üçün çox əlverişsiz təbii şərait oldu. Və bu, təkcə bizdə belə olmadı. Qışın sərt keçdiyi ABŞ-ın özündə də bu il quraqlıq və digər əlverişsiz təbii şərait ucbatından məhsuldarlıq az əldə olunub. Başqa sözlə desək, kənd təsərrüfatı məhsullarının istehsal qiymətləri hər yerdə yüksəlib.

İkincisi, ölkəmizdə keçən ilin sonundan etibarən, bir sıra enerji daşıyıcılarının – benzin ilə dizelin qiymətlərinin bahalaşması da cari ildə istehsal olunan məhsulların maya dəyərində oturmalı idi. Hələ yaxşı ki, bu qərar, aqrar istehsalın qızğın dövrünə yaxın təsadüf etmədi. Yoxsa, yuxarıda qeyd etdiyimiz psixoloji təsir amilinin əslində nə demək olduğunu o zaman görərdik. Çünki bizdə yanacağın qiymət artımının məhsul istehsalı zamanı maya dəyərdə bir neçə dəfə oturmasının dəfələrlə şahidi olmuşuq.

Və ən nəhayət isə, bir sıra məhsullar üzrə dünya bazarlarında idxal-ixrac və alqı-satqı əməliyyatları sahəsində vəziyyət siyasi amillər səbəbindən dəyişdiyindən, kənd təsərrüfatında da istehsal ümumən qeyri-müəyyən şəraitlə üzləşmişdir. Odur ki, daxili bazarların təmini getdikcə, bütün ölkələr üçün prioritet təşkil etməkdədir.
Bu xüsusda, biz də necə deyərlər, əlimizi və ayağımızı yığışdırmalıyıq. Əks təqdirdə, yeyinti məhsullarının satış qiymətləri birdən-birə hər an şok da yarada bilər.

Bunu avqust ayında 20 gün ərzində müşahidə edilən ajiotaj da sübut etdi.
KTN-də bildirirlər ki, Rusiya bazarına ixracın təsiri nəticəsində cari ilin avqust ayında meyvə, tərəvəz və bostan məhsullarının qiymətlərində baş verən dəyişiklik mövsümün əvvəlində istehsalçılar üçün əlverişsiz olan qiymət şərtlərinin əlverişli vəziyyətə gəlməsiylə yekunlaşıb. Və eyni zamanda, qiymətlərin yeni səviyyəsi istehlakçıların da mənafeyinə toxunmamış, ötən ilin müvafiq dövrü ilə eyni həddə qalmışdır.

Biz, bu mülahizənin əleyhinə çıxmırıq.

Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda əhali gəlirlərinin çox hissəsini məhz ərzaq məhsullarının alınmasına sərf edir. Və avqustdakı bahalaşma payız aylarında baş versəydi çox güman, prosesin ardıcıl və zəncirvari xarakter daşıyardı.

Bayaq isə qeyd etdik ki, əsas kənd təsərrüfatı məhsulların - ətin, südün, unun və bir sıra yeyinti məhsullarının bahalaşması hələ qarşıdadır: üzü qışa doğru bunun əyani şahidi olacağıq.

Odur ki, ölkədə ümumi kənd təsərrüfatı məhsulları istehsalında 4.2 faiz azalmanı ciddi mənfi siqnal kimi qəbul etmək gərəkir. Aqrar istehsalda tənəzzül təcili dayandırılmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti