“Azərbaycan Gənclərinin I Könüllülük Forumu” başlayıb

 “Azərbaycan Gənclərinin I Könüllülük Forumu” başlayıb
  29 Aprel 2013    Oxunub:1590
Gəncə şəhərində keçirilən “Azərbaycan Gənclərinin I Könüllülük Forumu” öz işinə başlayıb
AzVision.az xəbər verir ki, Azərbaycan Könüllülər İctimai Birliyinin həyata keçirdiyi layihədə Azərbaycanın müxtəlif regionlarından 100-ə yaxın gənc iştirak edir. Layihənin açılış mərasimində iştirak edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev və “Gələcəyə Körpü”İctimai Birliyinin Hakim Ələsgərov forumun işinə uğurlar arzulayıb.
Daha sonra isə “Azərbaycan Gənclərinin I Könüllülük Forumu” müxtəlif mövzuları əhatə edən panellərlə davam edib. Forumun ilk günü “Gələcəyə Körpü” İctimai Birliyinin baş katibi Hakim Ələsgərov və Amerika Sülh Korpusunun Gəncə SOS uşaq kəndindəki könüllüsü Kevin King “Beynəlxalq Könüllülük Proqramları” adlı panelin, İB Club həmtəsisçisi Şəmsi Bayramzadə “Könüllülüyün şəxsi inkişafda rolu” , ASAN Xidməti İnsan Resursları və Təlim şöbəsinin məsləhətçisi Azad Qardaşov “ASAN Xidməti- Gənclərin inkişafı naminə” və jurnalistlər Türkay Verdiyeva, Hacıbəy Heydərli, Yelena Sidorenko və Əfsələddin Ağalarov “ Yeni media- Yeni baxış” adlı panelin qonağı olub və iştirakçıları maraqlandıran suallara cavab verib.

Layihənin ilk günündə forum iştriakçıları könüllü ağacəkmə aksiyasında iştirak ediblər. İştirakçılar tərəfindən 200 dən çox ağac əkilib.

3 gün davam edəcək forum öz işinə 30 aprel tarixində yekun vuracaq.

Qeyd edək ki, “Azərbaycan Gənclərinin I Könüllülük Forumu”nun keçirilməsində əsas məqsəd aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, könüllülük işini inkişaf etdirmək, gənclərdən ibarət könüllü qrupların yaradılmasını və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyasını təmin etmək, peşəkar mütəxəssislərin təcrübələrini iştirakçılara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir.

Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyininin birgə təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyəti, “İRƏLİ” İctimai Birliyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin dəstəyilə həyata keçiriləcək.


Teqlər:





Xəbər lenti