“Bu ölkəmizdəki yüksək tolerant mühitin əyani göstəricisidir”

“Bu ölkəmizdəki yüksək tolerant mühitin əyani göstəricisidir”
  29 Aprel 2013    Oxunub:1190
Dini icmaların iştirakı ilə "Yaşıl dünyamızı birgə qoruyaq" adlı ağacəkmə aksiyası keçirilib
Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Tolerantlıq Mərkəzi”nin təşəbbüs layihəsi çərçivəsində Sumqayıtda müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə "Yaşıl dünyamızı birgə qoruyaq" adlı ağacəkmə aksiyası keçirilib.

Aksiyada Dövlət Komitəsinin rəhbərliyi, o cümlədən ölkəmizdə fəaliyyət göstərək dini konfessiyaların rəhbərləri də iştirak etmişlər. DQİDK sədri Elşad İskəndərov bildirib ki, aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması və müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmləndirilməsinə kömək, Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə, dini icma nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və onların Heydər Əliyev ideyaları ətrafında birləşdirilməsidir.

Dövlət Komitəsinin sədri ölkəmizdəki mövcud tolerantlıq barədə ətraflı danışıb, qeyd edib ki, dinlərarası münasibətlər tolerantlığın ötəsindədir.

“Bu gün burada həm müsəlman, həm yəhudi, həm də xristian dini icmaların nümayəndələri var. Onlar bir yerdə ağacəkmə aksiyası keçirirlər. Bu cür bir aksiya dünya praktikasında demək olar ki, yalnız Azərbaycana məxsusdur. Eyni zamanda bu ölkəmizdəki yüksək tolerant mühitin əyani göstəricisidir.”

Daha sonra ağacəkmə aksiyasına start verilib. Aksiya çərçivəsində əkiməsi nəzərdə tutulan 9 min ağacdan 1000-i əkilib.


Teqlər:





Xəbər lenti