Azərbaycan “Cənub” qaz dəhlizindən nə qazanacaq?

Azərbaycan “Cənub” qaz dəhlizindən nə qazanacaq?
  22 Sentyabr 2014    Oxunub:1861
Sentyabrın 20-də Səngəçal terminalında dövlət və hökumət başçılarının iştirakı ilə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Bu mərasim “Əsrin müqaviləsi”ndən sonra ölkəmizin imzaladığı ikinci böyük miqyaslı beynəlxalq layihə oldu.
Prezident İlham Əliyevin imza atdığı bu proje bir neçə ildən sonra Azərbaycan qazının Avropaya çıxışını təmin edəcək.

Bəs görəsən “Əsrin müqaviləsi”ndən sonra “Cənub” qaz dəhlizi ölkəmizə hansı imkanlar verəcək?

Neft Araşdırmaları Mərkəzinin sədri, iqtisadçı-ekspert İlham Şaban AzVision.az-a açıqlamasında bildirib ki, bu layihə Azərbaycanın Xəzər sektorunda yerləşən böyük qaz ehtiyyatlarının dünya bazarına çıxmasına imkan yaradır.

Ekspertin sözlərinə görə, 2019-cu ildə Azərbaycan qazı bazara çıxacaq: “Bu qazı biz faktiki olaraq 1999-cu ildə tapmışıq və onun kiçik bir hissəsini 2007-ci ildə Türkiyə bazarına çıxarmışıq. Həmin zamanlar dünya bazarına çıxış imkanımız olmayıb. Biz ancaq o qazı regional bazarda satmışıq. Bu regional bazar Gürcüstan, Türkiyə və 2010-cu ildən sonra kiçik bir həcmi Dağıstana, Rusiya bazarına çıxarılıb.

“Cənub” qaz dəhlizi layihəsi ilə bağlı ölkəmiz 2005-ci ildən başlayaraq 2012-ci ilə qədər çalışdı. Layihə ilə bağlı Avropa və Türkiyə ilə uzun müddətli danışıqlar apardı və 2012-ci ildə razılıq əldə olundu.

Onun nəticəsidir ki, bu günlərdə “Cənub” qaz dəhlizinin təməli qoyuldu”.

İ.Şaban hesab edir ki, beş ildən sonra bu layihə imkan verəcək ki, bizim qazımız Avropaya çatsın. “Bundan sonra 40 il və bəlkə də daha çox müddət qazımız Avropaya ixrac olunacaq. Çünki həmin infrastruktur ən aşağısı 40 il, ondan sonra modernizə edilməklə 60 il müddətində resursların Avropa bazarına daşınmasına xidmət edəcək. Nəticədə birinci mərhələdə Azərbaycan öz resurslarınının satışından gəlir əldə edəcək. İkinci mərhələdə həmin infrastrukturun işlənməsindən gəlir əldə olunacaq. Buna görə də investisiya boyu Azərbaycan Dövlət Neft Şirkəti TANAP layihəsində operator, Transadriatik boru kəmərində 20 faizə və Cənubi Qafqaz Boru kəmərində 10 faiz paya sahib olub. Yəni, bu gələcəyə hesablanmış, uzun müddətli layihədə Azərbaycan həm hasilatda, həm də infrastrukturda özünün gələcəyini göstərəcək”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti