Ombudsman Gəncədə

Ombudsman Gəncədə
  29 Aprel 2013    Oxunub:1428
Ombudsman Elmira Süleymanova Gəncəyə səfər edib
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə respublikamızın hər bir rayonunda ictimai dinləmələr keçirir. Növbəti ictimai dinləmə Gəncə şəhərində təşkil olunub.
İctimai dinləmədə şəhər icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, prokurorluq və daxili işlər orqanlarının, dairə seçki komissiyalarının, habelə ictimaiyyətin, yerli qeyri-hökumət təşkilatları və KİV nümayəndələri, qadınlar, müəllimlər iştirak etmişlər.

İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev tədbiri açaraq, Ombudsmanı salamlayıb və bu ictimai dinləmənin əhəmiyyətini vurğulayıb. O, ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Gəncədə abadlıq-quruculuq işlərinin aparıldığını, habelə sosial-iqtisadi inkişaf siyasətinin həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirib.

Məruzəçi həmçinin insan hüquqlarının müdafiəsinin vacibliyini və MFP-nin əhəmiyyətini qeyd edərək, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə insan hüquqlarının təmini və adı çəkilən sənədin icrası sahəsində görülən işlərlə bağlı ətraflı məlumat vermiş, MFP üzrə müvafiq Tədbirlər planının qəbul olunduğunu söyləmiş, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönəlmiş tədbirlər haqqında danışmışdır.

Ombudsman “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə edərək, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş və ölkəmizdə insan hüquqları sahəsində ilk proqram olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” barədə məlumat vermişdir. Habelə 2011-ci ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş MFP-nin 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq, yeni prioritetlərə uyğun konkret istiqamətlər və tədbirlər müəyyən etdiyini vurğulayıb.

Müvəkkil 2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili kimi vurğulayaraq seçki hüquqlarının prioritet məsələ olduğunu, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq, ölkə Prezidentinin müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd etmiş, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini söyləyib.



Ombudsman eyni zamanda bəzi problemləri də qeyd edib, bu rayonda MFP-nin icrası, insan hüquqlarının, o cümlədən seçki hüquqlarının daha səmərəli təmin olunması üzrə digər zəruri məsələləri müzakirəyə çıxarıb.

Gəncə şəhər rəhbərliyi və digər iştirakçılar göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirərək MFP-nin icrasında maraqlı olduqlarını, bu sənədin həyata keçirilməsini dəstəklədiklərini, rayon üzrə tədbirlər planlarına əsasən, əhalinin bu prosesdə fəal iştirak etdiyini vurğulamış, səmərəli təklif və tövsiyələrə görə Müvəkkilə təşəkkür ediblər.

Tədbirin sonunda E.Süleymanova Ombudsman təsisatının qaynar xətləri barədə məlumat verərək, insanların müraciətlərinə dərhal baxıldığını vurğulayıb, MFP-nin nüsxələri, təsisat tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunub.


Teqlər:  





Xəbər lenti