“Bir gün sizi rəqib qismində qəbul edəcəyik” – İlham Əliyev

“Bir gün sizi rəqib qismində qəbul edəcəyik” – İlham Əliyev
  30 Aprel 2013    Oxunub:1246
Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan İspaniyanın “Atletiko Madrid” futbol klubunun heyətini qəbul edib.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, idmançıları salamlayan dövlət başçısı qonaqları burada görməkdən məmluğunu ifadə edib:

“Sizi böyük nümayəndə heyətində görmək xoşdur. Əminəm ki, Bakıda vaxtınızı yaxşı keçirirsiniz. Yəqin ki, Azərbaycan haqqında yaxşı məlumatınız vardır, əsasən də son dövrlərlə bağlı. Klubunuzun Azərbaycanın təqdimatı ilə bağlı gördüyü işlərdən məmnunluğumu bildirmək istərdim. Əlbəttə ki, bir dəfə görmək, on dəfə eşitməkdən daha yaxşıdır. Səfərinizin qısamüddətli olmasına baxmayaraq, əminəm ki, Azərbaycanı daha yaxından tanımaq və insanlarla daha yaxın ünsiyyət qurmaq üçün imkan tapacaqsınız.

Sizin klub dünyada çox tanınır və deyə bilərəm ki, Azərbaycanda çoxlu azarkeşiniz vardır. Bildiyimə görə, siz burada yerli komanda ilə görüş keçirəcəksiniz. Bu, dostluq görüşü olacaqdır. Amma ümid edirəm ki, bir gün siz rəsmi matçda görüşəcəksiniz.
Ümidvaram ki, bizim klubların şansları və göstərdikləri oyun səviyyəsi artacaq və bir gün sizi Bakıda rəqib qismində qəbul edəcəyik. Amma yenə də düşünürəm ki, əsas olan dostluq münasibətləri və bir-birini tanımaqdır. Əminəm ki, bu səviyyədə əməkdaşlıq sizin ölkəmizi daha yaxından tanımağa, bir çox sahədə daha sıx əlaqələr qurmağa yardım edəcəkdir.Bir daha xoş gəlmişsiniz. Azərbaycanda xoş vaxt keçirməyinizi arzulayıram.
“Atletiko Madrid” klubunun prezidenti Enrikio CEREZO Prezident İlham Əliyevə nümayəndə heyətini qəbul etdiyinə görə təşəkkür edib:

“Mən Bakıya gəlib çox təsirləndim. Çünki doğrudan da çox gözəl şəhəriniz vardır. Şadıq ki, ölkənizlə aramızda əməkdaşlıq yaranır. Azərbaycan xalqını tanımağıma çox şadam. Burada olmaqdan şərəf hissi duyuruq”.

İlham Əliyev xoş sözlərə görə təşəkkür edib: “Mən bilirəm ki, “Atletiko Madrid” futbol komandasının çox böyük tarixi vardır. Nəinki İspaniyada, dünya miqyasında sizin komandanızın xüsusi yeri vardır. Əlbəttə, bu əməkdaşlıq bizə imkan verəcəkdir ki, Azərbaycanda futbolun səviyyəsi daha da qalxsın və əlaqələrimiz daha da geniş olsun...
Bəli, ölkələrimiz arasında əməkdaşlıq lazımi səviyyədə deyil, ola bilsin bu, məlumat azlığından irəli gəlir. Əminəm ki, İspaniyada o qədər də çox insan Azərbaycan haqqında məlumatlı deyildir. Azərbaycanda əlbəttə ki, ölkənizi tanıyırlar, lakin İspaniyaya gedənlərin sayı çox deyildir. Şübhəsiz, iş adamları bu istiqamətdə daha çox iş görməlidirlər. Bizim Avropa ölkələri ilə çox fəal əlaqələrimiz vardır və Avropa İttifaqı bizim bir nömrəli ticarət tərəfdaşımızdır. Bizim ixracın əksər hissəsi Avropa İttifaqınadır. Əlbəttə ki, Avropanın aparıcı ölkələrindən biri olan İspaniya şirkətləri bu işdə daha fəal ola bilərlər.

Azərbaycanda tikinti, infrastruktur, enerji və digər sahələrlə bağlı çoxlu layihələr həyata keçirilir. Lakin əfsuslar olsun ki, ispan şirkətlərinin bu layihələrdə iştirakı yetərli deyil və bu baxımdan sizin əlaqələriniz, Azərbaycan haqqında çatdıracağınız məlumat daha çox ispan şirkətlərinin ölkəmizə gəlməsinə və birlikdə iş görməyimizə təkan verə bilər. Azərbaycanda yaxşı biznes imkanları, sərmayə mühiti mövcuddur. İqtisadiyyat daim inkişaf etməkdədir, böyük imkanlar vardır. Beləliklə, biz Azərbaycanda sizin ölkənizin daha çox şirkətlərini görmək istərdik.

Daha sonra “Atletiko Madrid” futbol klubunun oyunçusu Arda Turan çıxış edib:
“Cənab Prezident, əvvəlcə bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Biz “Azərbaycan” sözünü sinəmiz üstündə gəzdirdik. İspaniyada Azərbaycanın sponsorluğu ilə oynamaq bizim üçün, bir türk oyunçu olaraq xüsusilə mənim üçün çox böyük şərəfdir. Çünki bu gün Şəhidlər xiyabanını ziyarət edərkən söylədim ki, özümü həm bir türk, həm də bir azərbaycanlı olaraq hiss edirəm. Təbii ki, biz eyni millətik, eyni kökdənik. Bakını bu qədər gözəlləşdirdiyiniz üçün Sizə minnətdaram. Bakıda əvvəllər də olmuşam. İndi daha möhtəşəm görünür. Gənc ölkə olmağınıza baxmayaraq, Azərbaycanın inkişafı çox möhtəşəmdir. Ona görə də Sizə çox təşəkkür edirəm.

Prezident olaraq ölkəni bu dərəcədə inkişaf etdirdiyiniz, insanlara qayğı göstərdiyiniz, bizi yüksək səmimiyyətlə, xoş münasibətlə qarşıladığınız üçün Sizə çox təşəkkür edirəm. Mən bir türk, bir azərbaycanlı olaraq həqiqətən ev sahibi sayılıram. Ona görə çox şərəf duyuram. Bir daha təşəkkürümü bildirirəm”.

İlham Əliyev Arda Turana təşəkkürünü bildirib: “Çox sağ olun! Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz xoş keçəcəkdir. Bizim xüsusi münasibətlərimiz, xüsusi duyğularımız vardır. Bizi birləşdirən həm tarix, həm də bu gün vardır. Türkiyə-Azərbaycan sözün əsl mənasında iki dost, qardaş ölkədir. Sizin bu komandada iştirakınız bizi sevindirir. Çünki biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Ümidvaram ki, Azərbaycana bundan sonra daha tez-tez gələcəksiniz”


Teqlər:  





Xəbər lenti