İcbari tibbi sığortaya necə keçəcəyik? – TƏHLİL

İcbari tibbi sığortaya necə keçəcəyik? – TƏHLİL
  08 Oktyabr 2014    Oxunub:4746
Ölkəmizdə icbari tibbi sığorta sistemi deyəsən, artıq “ölü nöqtədən” tərpənmək istəyir. Hərçənd, buna inanmaq çətindir. Amma bir sıra hökumət nümayəndələrinin sözügedən məsələ ilə bağlı verdikləri açıqlamalar belə deməyə əsas verir. Belə ki, adı çəkilən sistemin fəaliyyətə başlama mexanizminin bəzi detalları təqribən məlum olub.

Eyni mövzuda ötən şərhimizdə yazmışdıq ki, icbari tibbi sığorta ilə bağlı ölkəmizdə bütün zəruri hüquqi-normativ baza yaradılsa da və bundan ötrü hətta zəruri maliyyə vəsaitlərinin mənbələri də dəqiq göstərilsə də, hər şey "kağız üzərində" qalır. O səbəbdən ki, hər hansı bir işin nəzəri olaraq işlənib hazırlanması onun hələ həyata keçirildiyi demək deyil. Bunun üçün müvafiq şərait olmalıdır.

Məsələ isə onda idi ki, ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiqi üçün hər cür hüquqi baza mövcud olsa da ilk növbədə iqtisadi şərait yoxdur. Azərbaycanda bu sahəyə cavabdeh olan ayrıca orqan - Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də yaradılıb. Ancaq necə deyərlər adı var, özü olmayan bu orqanın səlahiyyətləri belə, məlum deyil.

Ən ciddi sual yaradan məqam maliyyə mənbələri ilə bağlı idi. Belə ki, qanunla icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi üçün 3 mənbə - dövlət büdcəsi, işəgötürənlər və işçilərin tərəfindən həyata keçiriləcək ödənişlər nəzərdə tutulsa da, bunlardan yalnız birinci üzrə problem yoxdur. Digər 2-si - işəgötürənlər ilə işçilər üzrə sözügedən ödənişlərin necə həyata keçiriləcəyi isə məlum deyildi.

Çünki bizdə büdcə təşkilatlarında çalışanların əksəriyyətinin əmək haqqları aşağı səviyyədə olduğundan, onlardan tutulan fiziki şəxslərdən gəlir vergisi ilə sosial ayırmaların özü kifayət qədər “ağır yük” təşkil edir.
Hələ, bunu özəl sektor üçün demirik.

Üstəlik, sosial ayırma üzrə işəgötürən ilə işçilər arasında ödənişin bölünmə nisbəti 22+3 faiz təşkil etdiyindən birincilərin yükü daha ağır sayılır ki, bu da işçilərlə əmək müqavilələrinin bağlanmasına əngəl törədir.

Odur ki, icbari tibbi sığorta sistemi də işə düşdüyü təqdirdə işəgötürənlərə əlavə tibbi sığorta üzrə rüsumların da tədbiqi əmək haqqlarının leqalaşdırılması, həmçinin müqavilələrin bağlanması tədbirlərinə mənfi təsir edə bilər.

Ancaq yuxarıda qeyd etdiyimiz kimi bu sahədə bəzi detallar artıq, ilkin olaraq məlum olmuşdur. Belə ki, hökumət nümayəndələrinin qeyd olunan açıqlamalarına görə, işəgötürənlər üzrə icbari tibbi sığortaya əməkhaqqı fondundan təqribən 2-2,5 faiz ödəniş tədbiq ediləcək. İcbari tibbi sığorta sisteminin maliyyələşdirilməsinin üçüncü mənbəyi hesab olunan işçilərə isə maaşlarının təxminən 1-2 faizi qədər rüsum tədbiq olunacaq.

Düzdür, baş nazirin müavini demişkən, hər kəs icbari tibbi sığorta ödənişində iştirak etməyə hazır olmalı və əmək haqqlarının 1-2 faizi qədər rüsum ödəməkdə heç nə itirməyəcək, əksinə, qazanacaqlar.
Ancaq sual yaranır ki, bunu işəgötürənlər üçün demək olarmı?

Başqa sözlə desək, işəgötürənlərin üzərinə əlavə olaraq tibbi sığorta ödənişlərinin də tədbiqi əmək haqqlarının leqalaşdırılması və müqavilələrinin bağlanması işlərini bir az da çətinə salmayacaq ki?

Burada bir məqam da var. O da bundan ibarətdir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkədə pensiya məbləğlərinin yüksəldilməsinin həmişə yalnız sosial sığorta daxilolmaların həcmindən asılı olduğu deyilir. Eyni zamanda, əmək haqqlarının leqallaşdırılması və işçilərin qeydiyyatı sahəsində aparılan işlər də nə qədər tez səmərə verərsə, bunun da geniş imkanlar açacağı bildirilir.

Bilavasitə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkisafına dair Dovlət Proqramı”na əsasən isə sosial sığorta üzrə ödənişlərin həcmini yüksəltmək, əmək haqqlarını leqallaşdırılmaq və işçilərin qeydiyyatı sahəsində aparılan işləri səmərəli etmək qarşιya mühüm vәzifә olaraq qoyulmuşdur ki, məcburi sosial sığorta ödəmələri üzrə real pay səviyyəsini də dəyişdirmək vacib sayιlır. Belə ki, işəgötürənlə işçi arasında hazırki 22+3 faiz nisbətini ilkin mərhələdə müvafiq olaraq 20+5 faizlə əvəz etmək nəzәrdә tutulur.

Buna dair şərhimizdə yazmışdıq ki, işəgötürənlər üzrə 20 faizə endirim müsbət nəticə verəcək. Ancaq işçilərin əmək haqqlarından ayırmanın 5 faizә qaldırılması isə eyni nəticəni göstərməyə bilər.

Odur ki, ölkədə il ərzində yığılan ümumi vergi məbləğində fiziki şəxslərdən gəlir vergisi məbləğini yüksəlmək üçün qeyd olunan nisbəti 17+3 faiz nisbətində etməyi daha məqsədəuyğun saymışdıq.

Məsələnin kökündə həm də əmək müqavilələrinin bağlanması və yaxud yuxarıda qeyd etdiyimiz kimi fərdi gəlirlərin gizlədilməsi və iкili əməкhаqqı sistеmini аrаdаn qaldırmaq dayandığından bu, dövlət büdcəsinə və DSMF-a gəlirləri artmaq üçün də əlavə imkan yaradar.
İndi bunun əksinə olaraq, hazırki 22+3 faiz nisbət fonunda icbari tibbi sığortaya dair təxminən, 2+1 faiz əlavə rüsumun da tədbiqi müsbət nəticə verə bilərmi? Şübhəsiz ki, yox.

Doğrudur, ölkәdә son vaxtlar mövcud vergi siyasәti tәkmillәşdirilmәklə yanaşı, bir sιra stimullaşdιrιcι və inzibati tәdbirlәr vasitәsilә əmək haqqlarının gizlədilməsi, eləcə də işəgötürənlə işçilər arasında müqavilələrin bağlanmamasına qarşı nəzarət gücləndirilib.
Ancaq höкumət dərəcələri təкmilləşdirməkdən əlаvə vergi mədəniyyətinin də təşəkkül tapmasının qayğısına qalmalıdır ki, bu zaman bаşlıcа məqsəd gəlirləri gizlətməyə şərait yaradan amilləri ləğv etmək olmalıdır.

Bəs, icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi üçün işəgötürənlər ilə işçilər üzrə rüsumların ödəniş nisbətini necə müəyyən etmək məsləhətdir?

Fikrimizcə, icbari tibbi sığortaya dair ödəniş dərəcələrinin müəyyənləşdirilməsi siyasəti sosial sığorta ayırmaları mexanizmi ilə uzlaşdırmalı, daha dəqiq desək, eyni çərçivədə həyata keçirilməlidir. Məsələn, sosial sığorta ayırması üzrə 22+3 faiz nisbətin işəgötürənlər üzrə düşən pay səviyyəsinin 2 faizini icbari tibbi sığorta ödənişinə ayırmaq daha məqsədəuyğun olardı. O cümlədən, yerdə qalan 3 faizin 1 faizini də işçilərə şamil etmək şərtilə...

Sonda onu da qeyd edək ki, bu proses inkişaf etmiş ölkələr də asan başa gəlməyib. Keçən il təkcə ABŞ-da yeni ilə dair federal büdcənin qəbulu ilə əlaqədar Konqresdə yaranmış vəziyyəti xatırlamaq kifayətdir.

Yeri gəlmişkən, uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən azad sayılacaqlar. Bu isə təxminən 3-3,5 milyon insan deməkdir. Bu da problem deyil. O baxımdan ki, dövlət büdcəsi hesabına bu, kompensasiya olunacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti