`Yelbeyinliyim yollarımı bağladı` - Azərbaycanlı aktrisa

`Yelbeyinliyim  yollarımı bağladı` - Azərbaycanlı aktrisa
  09 Oktyabr 2014    Oxunub:20946
…Gözləri yenə qaynayır, par-par parıldayır. 67 yaşı olsa da, enerjisi hələ tükənməyib. Kinodan, çəkildiyi filmlərdən danışdıqca, gözləri bir az da işım-işım işıldayır. Elə bil, yenə Laçının dağlarında ayaqyalın qaçan 15 yaşlı Gülbənizdi, ya da susanda belə, baxışlarıyla danışmağı, qışqırmağı, üsyan eləməyi bacaran həmin Cəmilədi. Rəna Səlimova. Çoxdandı onun adı kino aləmindən uzaq düşüb. Amma vaxt vardı…

- Rəna xanım, söhbətə hardan başlayaq, ötən günlərinizdən, yoxsa bu gününüzdən?

- Fərqi yoxdu.

- Onda gəlin, ilk filminizdən başlayaq - “Cazibə qüvvəsi”ndən.

- Həə, o filmə çəkilməyim çox qəribə olub. Uşaqlıqdan xoreoqrafiya məktəbinə gedirdim. Leyla Şıxlinskaya ilə bir yerdə oxuyurdum. Bir gün “Arşın mal alan” filminə qızlar axtarırdılar, bizim məktəbə gəlib çıxmışdılar. Məni, bir də, Leylanı seçdilər. Biz anamızla bir yerdə kinostudiyaya getdik. Oturub gözləyirdik ki, indi bizi rejissor yanına çağıracaq. Otaqların birindən Rasim Ocaqov çıxdı. O vaxt mən onu tanımırdım. Məni görən kimi qışqırdı ki, Həsən, bura gəl, əsil Gülbənizi tapdım! Kinonun əsas rejissori Həsən SeyidbəyliYDİ. Sən demə, “Cazibə qüvvəsi” filminə də qız lazımmış. Məni sınaq çəkilişləri olmadan baş rola çəkdilər.

- Niyə sizi seçdilər, sizin cazibə qüvvəniz nəydi?
-Onlar bu rola çəkilmək üçün idmançı qız axtarırdılar. Bu film idmana həsr olunan ilk Azərbaycan filmiydi. Gülbəniz roluna çəkilmək üçün 500 qızı sınaqdan keçirmişdilər. Birini evdən qoymurdular, biri fotogenik deyildi. Mən idmançı olmasam da, dağ keçisi kimi qaçırdım. Ailəm sənət aləminə yaxın idi. Qardaşım Maestro Niyazinin orkestrində çalırdı, bizim evə tanınmış sənət adamları gəlib-gedirdi. Özüm rəqs məktəbində oxuyurdum, Qəmər Almaszadə kimi sənətkardan dərs almışdım. Həm də çılğın xarakterim vardı, qaynayırdım, gözlərim parıldayırdı. Onda mənim 15 yaşım vardı.

- Elə indi də eləsiniz.

- (Bərkdən gülür.) Mən eləyəm də…

- “Böyük cazibə” filminin bəzi çəkilişləri Laçında olub. O yerləri necə xatırlayırsız?

- Həə, gözəl yerləriydi. Biz orda məktəb binasında qalırdıq. Yadımdadır, axşamlar elə soyuq olurdu ki. Mən orda Laçının dağlarında qaçmalıydım. Heç kəs inanmırdı ki, mən - şəhər qızı bələd olmadığım bu dağlarda qaça bilərəm. Amma mən elə qaçırdım, elə bil, burda doğulmuşam. O filimdə Məlik Dadaşov, Tələt Əyyubov, Çeyhun Mirzəyev, Xəyal Bünyadzadə çəkilirdi.

- Xəyal Bünyadzadəylə tanışlığınız o filmdən başlamışdı?

-Həə, onu Rasim Ocaqov filmə gətirib. Yas mərasimində çay paylayırmış, Rasim müəllim onu görüb, xoşuna gəlib. Xəyal yaraşıqlı oqlanıydı. Onunla “Sən niyə susursan?” filmində də çəkildim. Xəyal Rasim obrazını oynayırdı...

- Sevginiz nəcə başladı?

- Elə kinoya çəkilə-çəkilə. Kino adamı təsirə salır. Xəyal mənim ilk sevgim olub. Bütün günü onunla bir yerdəydim. Onunla Gürcüstanda, Şəkidə, Gəncədə çəkilişlərdə olmuşam. Yavaş-yavaş başladıq qol-qola gəzməyə, sonra da evləndik. (Bərkdən gülür. ) Sonralar mən başqa filmlərə dəvət aldım, amma Xəyalı çəkmirdilər. Çəkilişə başlayırdıq, Xəyaldan ayrı dayana bilmirdim, ürəyim partlayırdı. İşi yarımçıq qoyub qaçırdım. Axırda rejissorlar dedi ki, Rənanı filmə çəkmək olmaz, bu qız filmin yarısında qaçıb gedir.

“Sən niyə susursan?” filminin çox hissəsi yollarda çəkilib. Ağsu döngələrinə, Şəkinin, Gürcüstanın yollarında çəkilmişik. Filmdə bir yer var: maşın batıb qalır yolda, sonra adamlar onu çıxarır, mən də maşının içərisindəyəm. Bax onu Gəncədə çəkmişik. Gəncənin alminum zavodunda. O vaxt SSRİ-yə Azərbaycanda alminum zavodunun olduğunu göstərməkdən ötrü çəkiliş orda aparılmışdı. Orda camaat çox gözəl oynayırdı.

O filmdə də məşhur aktyorlarla çəkilmişik: Mirzə Babayevlə, Həsən Turabovla, Fazil Salayevlə...

- Xəyal Axunzadəylə nə vaxt ailə qurdunuz?

- “Sən niyə susursan?” filmindən sonra.

- Bəs niyə ayrıldız?

- Nə bilim, onda hər ikimiz cavanıydıq... Məni kinolara çəkirdilər, onu yox, o da qısqanmağa başladı. Mən onun haqqında həmişə yaxşı danışmışam. O, indi Almaniyada yaşayır.

- Sonradan baş rollara çəkilməməyinizə Xəyalın qısqanclığı da səbəb olmayıb ki? Axı sonralar ancaq epizodik rollarda çəkildiniz: “Nəsimi”də rəqqasə, “Şir evdən getdi” filmində Zebra roluna...

-Səbəb təkçə onun qısqanclığı deyildi. Mən çəkiliş meydançasına Xəyalsız girmək istəmirdim. İstəyirdim, bizi həmişə bir yerdə çəksinlər. Başqa bir səbəb də vardı.

- Nəydi o?

- Mənə qəsdən mane olurdular. Məni “Babək”, “Alma almaya bənzər” filmlərinə çəkmək istəyirdilər, mane oldular.

- Kim?
-Kinostudiyanın o vaxtki direktoru. Məsələ belə olub. Sən demə, bizim binaya köçüblərmiş, mənim də xəbərim yox. Bir gün arvadıyla aramızda mübahisə oldu. Mən də bilmirəm, o qadın direktorun arvadıdı. Nəysə, sonradan öyrəndim, ərinə deyib ki, Rənanı filmə çəksən, dünyanı dağıdacam...

- Siz “Mən ki gözəl deyildim” filmində Səidə obrazına da çəkilməliydiniz. Amma alınmayıb...

- Həə, ilk çəkiliş günündə çox böyük qəza baş verdi. Lənkərana getmişdik. Liman qəsəbəsində döyüş səhnəsini çəkilirdi. Texniki səhv ucbatından böyük partlayış oldu. 4 nəfər öldü: fotoqraf, rejissor Ramiz Əsgərov, iki assent. Beş nəfər də yaralandı. Filmin operatoru Rasim Ocaqov da yaralanmışdı. O hadisədən sonra filmin çəkilişləri təxirə salındı. Sonra filmi Ağarza Quliyevlə Tofiq Tağıyev çəkdi. Səidə obrazına da Xuraman Qasımovanı dəvət elədilər.

“Nəsimi”dəsə əvvəlcə məni Şəms roluna çəkmək istəyirdilər. Hətta rolum təsdiqlənmişdi. Onda ikinci dəfə ailə qurmuşdim. Yoldaşım icazə vermədi. Nəsə, iki aydan sonra getdim, dedilər, rolu başqasına vermişik. Həsən Seyidbəyli dedi, kino səninçün oyuncaqdır? Axırda məni rəqqasə kimi çəkdilər. 10 gün Naxşıvanda qaldım, 160 manat aldım. Məni “Sevil”də Gülüş obrazına da çəkmək istəyirdilər. Yenə getmədim.

- İndi peşimansız?

- Bəs necə? O vaxt həmin filmlərə çəkilsəydim, indi Xalq artistiydim. Yelbeyinliyim yollarımı bağladı. Kaş, indiki ağlım onda olaydı...

- Darıxırsız kino üçün?

- Bəs necə, elə darıxıram!

- Hansı obrazı oynamaq istərdiniz?

- Mən fərqli rollar oynamağı xoşlayıram. Ana obrazını oynayardım. Bir də komik obrazları.

- İkinci həyat yoldaşınız sənət adamıydı?

- Yox. Amma mənə yaman vurulmuşdu. Evlənməyimizə anası razı deyildi, arvad dərddən xəstələndi. Aktrisa olmağım ona od qoymuşdu. Amma evləndik. Bir qızımız, bir oğlumuz oldu.
- Mən bilən, sizin tibb təhsiliniz də var.

- Həə, ginekologiya sahəsini oxumuşam. 18 il bu sahədə işləmişəm.Kinoya çəkilə-çəkilə işləyirdim.

- Rəqs, tibb, kino. Həyatda daha çox hansı köməyinizə gəlib?

- Rəqs, kino çox yaxşıdı. Amma ötəridi. Səni bir gün çəkirlər, bir gün yox. Tibbdəsə itirmirsən.
Bir az duruxur: ...Amma kinonu, kamera qarşısında olmağı daha çox sevirəm!

...Elə bil, onun cazibə qüvvəsinin sehrinə düşmüşdüm. Bu qüvvə o qədər güclüydü ki, müsahibəni alıb qayıdanda çantamı Rəna xanımın evində unutmuşdum...

Səfurə Çərkəzqızı
AzVision.az üçün




Teqlər:  





Xəbər lenti