MTN narkotacirləri ifşa edib
MTN-in digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Əliməmmədov Nazim Süleyman oğlu saxlanılıb, ondan külli miqdarda narkotik vasitə olan - 6,60 qram heroin, 4,82 qram tiryək, 82,16 qram həşiş qətranı və 23,30 qram qurudulmuş marixuana götürülüb.
Nazirlik tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Salmanova Telbəin Zülfüqar qızı və Kalov Samir Kamandar oğlu saxlanılıblar. Müəyyən edilib ki, Telbəin Salmanova və Samir Kalov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Salamat adlı vətəndaşı və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə 627,96 qram heroini İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriblər.
MTN tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Cəlilov Rauf Şahbaba oğlu, Fəttayev Samir Akir oğlu və Seyfullayev Cəlal Sənhan oğlu saxlanılıblar. Müəyyən edilib ki, adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Xurşud və Babək adlı vətəndaşları cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə 1 kiloqram 971,79 qram həşiş qətranını və 0,98 qram tiryəki İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriblər.
Bu il aprelin 28-də MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Abbasov Təyyar Yusif oğlu, Musazadə Pərviz Çingiz oğlu və Abbasov Elxan Voroşil oğlu saxlanılıb, sonuncuya məxsus «AzSamand» markalı avtomobilə keçirilmiş baxış zamanı oradan 9 kiloqram 327,91 qram qurudulmuş marixuana və 581,51 qram heroin aşkarlanaraq götürülüb. Məlum olub ki, Təyyar Abbasov, Pərviz Musazadə və Elxan Abbasov, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Təvəkkül adlı vətəndaşı cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitələri satış məqsədi ilə İrandan Azərbaycana qaçaq yolla gətirib.
MTN və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində “İran-Azərbaycan-Rusiya” marşrutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü, Astara rayonunun Şahağacı kənd sakini Cəfərov Coşqun Mais oğlu Moskva şəhərinin Şeremetyevo hava limanında saxlanılıb, onun üzərindən 477 qram heroin aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, Coşqun Cəfərov İranda əldə etdiyi həmin narkotik vasitəni 109 ədəd xüsusi bükülü halında udaraq, onları mədəsində “Tehran-Moskva” aviareysi üzrə təyyarə ilə Rusiya Federasiyasına gətirib.
Bütün faktlarla bağlı cinayət işləri başlanılıb, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri davam edir.
AzVision.az