Türkiyə üçün İŞİD tələsi – TƏHLİL

Türkiyə üçün İŞİD tələsi – TƏHLİL
  18 Oktyabr 2014    Oxunub:7270
İŞİD-in hücumundan sonra adı dərhal bütün dünyada məşhurlaşan Kobani şəhəri yavaş-yavaş xəbər lentlərindən çəkilməyə və təhlil materiallarına düşməyə başlayır. Çünki artıq İŞİD bu şəhərdən çəkilib və indi bütün gücünü cənuba ataraq, Bağdad istiqamətində irəliləyir. Amma çox ciddi bir sual qalmaqdadır: bu hərbi manevr İŞİD-in nəyinə lazım idi?

Cavab, əslində ortadadır: İŞİD Kobanidə öz missiyasını yerinə yetirdi. Türkiyədə yaşayan kürdlər öz suriyalı qardaşlarına yardım tələbilə ayağa qalxdılar, 35 vilayətdə toqquşmalar oldu, 40-dan çox adam öldü. Bu, Gəzi hadisələrindən sonra Türkiyədə yaşanan ən böyük iğtişaşdır. Bununla da kürdlərlə iki ildir ki, davam edən “çözüm sürəci” adlanan proses fiaskoya uğradı.

İstanbulda naməlum şəxslərin polisə atəş açması təsdiqləyir ki, aksiyaların çoxu təşkil olunub və ölkənin xaricində İŞİD-in Kobaniyə hücumi ilə daxilində PKK-nın fəallaşması sinxronlaşdırılıb. İş o yerə çatdı ki, hətta Türkiyə Ordusu Hakkari və Şırnakdakı PKK düşərgələrinə aviazərbə endirmək zorunda qaldı.

Məqsəd ayındır: Türkiyəni də Qərbin Yaxın Şərqdəki planlarında iştiraka sövq etmək. Burada eyni vaxtda bir neçə kompleks məqsəd güdülür.

Əgər Türkiyə İŞİD-i vurmazsa, ölkə daxilində iğtişaşlar başlayacaq, üstəlik, AKP özünün kürd millətindən olan seçicilərini itirəcək, bu isə böyük bir bazadır. Keçən ilin dekabrında Gəzi Parkı hadisələri zamanı əsasən iki zümrə - dünyəvi dövlət tərəfdarları və ələvilər oyuna daxil edilmişdilər, kürdlər qıraqda qalmışdı. Bu dəfə isə kürdlər də oyuna qatılsa, hər şey daha pis qurtara bilər.

Üstəlik, gələn il Türkiyədə parlament seçkisidir və kürdlərin dəstəyi olmasa, AKP təkbaşına deyil, koalisiya hökuməti formalaşdırmaq zorunda qalacaq. Bu isə Türkiyəyə həmişə qeyri-sabitlik və iqtisadi geriləmə gətirib.

Yox, əgər Türkiyə İŞİD-lə savaşmağa başlasa, bu, ölkəni fanatik islamçı-kammikadzelərin hədəfinə çevirə bilər. Yəni hər iki halda uduzan Türkiyə olacaq. Məhz elə buna görə də Qərb Türkiyəni nə yolla olursa-olsun, İŞİD-lə savaşa çəkmək istəyir. Görünür, kimlərinsə nəzərində artıq Türkiyə lazım olduğundan çox güclənib.

Ankaranın Rusiyaya qarşı sanksiyalara qoşulmaması da Qərbdə ciddi qıcıq yaradır. Təkcə ona görə yox ki, 31 milyard dollar dövriyyəsi olan ticarət tərəfdaşını itirmək Rusiyaya ciddi zərbə vurardı, həm də ona görə ki, bu, Türkiyənin Qərbin nəzərində lazım olduğundan artıq müstəqil siyasət yeritməsidir. İndi onu lokal konfliktlərə qatmaqla ciddi iqtisadi və geosiyasi layihələrdən uzaqlaşdırmaq üçün yaxşı fürsət yaranıb.

Yəni hazırda İŞİD-in bölgədə yerinə yetirdiyi funksiyalardan biri də Türkiyənin belə deyək, “ipini yığmaqdır”. İndi İŞİD-in üzündən Yaxın Şərqdə geosiyasi vəziyyət çox gərgin və mürəkkəbdir. Düzdür, burda Ərdoğanın xarici siyasətdə buraxdığı səhvlərin də rolu az olmadı. Onun Yaxın Şərqin ərəb ölkələri arasında liderlik statusu qazanmaq cəhdələri, İsraillə münasibətləri korlaması, İranın dəstək verdiyi Bəşər Əsədin devrilməsini az qala mütləq ideya halına gətirməsi və digər belə səhvlər Türkiyənin bölgədəki vəziyyətini xeyli mürəkkəbləşdirdi. Və indi Ərdoğan həm də özünün qaynatdığı bu qazanda Türkiyənin bişməməsi üçün çıxış yolu tapmalıdır.

Vüsal Məmmədov
AzVision.az




Teqlər:





Xəbər lenti