BMT-də Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında danışılıb

BMT-də Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında danışılıb
  01 May 2013    Oxunub:1564
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandıran nazir müavini ərazilərimizin 20%-nin Ermənistanın işğalı altında olmasını bununla əlaqədar insan hüquqlarının təmin olunması istiqamətində başlıca maneə qismində dəyərləndirib.
BMT İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 16-cı sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə interaktiv dialoq keçirilib. Xarici İşlər nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müzakirələr çərçivəsində ölkəmizin İşçi Qrupa təqdim etdiyi ikinci dövri hesabatı nəzərdən keçirilib, BMT-yə üzv dövlətlərin təklif və tövsiyələri səsləndirilib.

Tədbirin əvvəlində UDİ üzrə İşçi Qrupa nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Xələf Xələfov açılış nitqi ilə milli hesabatı təqdim edib. O, Azərbaycanın insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində universal beynəlxalq müqavilələrə qoşulduğunu və bu xüsusda BMT-nin müvafiq müqavilə qurumları çərçivəsində dövri hesabatlarının vaxtında təqdim edildiyini qeyd edib. Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizin İHŞ-nin xüsusi məruzəçiləri ilə əməkdaşlığa böyük önəm verdiyini deyib və bu xüsusda Azərbaycan hökumətinin xüsusi məruzəçilərə daimi dəvət göndərməsi haqqında İşçi Qrupunu məlumatlandırıb.

X.Xələfov UDİ üzrə İşçi Qrupa nümayəndə heyətinin yüksək səviyyəli olması və milli hesabatımızın tərtib olunması haqqında məlumat verib. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandıran nazir müavini ərazilərimizin 20%-nin Ermənistanın işğalı altında olmasını bununla əlaqədar insan hüquqlarının təmin olunması istiqamətində başlıca maneə qismində dəyərləndirib. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü əlavə edib.

Xarici işlər nazirinin müavini Azərbaycanda insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi və onun həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizə, “ASAN xidmət”in yaradılması, ölkəmizin dinlər və sivilizasiyalar arası dialoqa töhfə verməsi haqqında ətraflı məlumat verib.

İclas zamanı çıxış edən ölkələr Azərbaycan hökuməti tərəfindən insan hüquqları sahəsində həyata keçirilən tədbirləri və pozitiv dəyişiklikləri, o cümlədən ölkəmizin insan hüquqları üzrə beynəlxalq sənədlərə qoşulmasını, İHŞ və onun mexanizmləri ilə sıx əməkdaşlıq etməsi və ümumilikdə Azərbaycan Hökumətinin insan hüquqlarının təşviqi və müdafiəsinə davamlı olaraq diqqət yetirməsini alqışlayıblar. Daha sonra nümayəndə heyəti ölkələr tərəfindən qaldırılmış məsələlərə münasibət bildirərək, məhkəmə sistemində aparılan islahatlar, mətbuat, ifadə və toplaşmaq azadlığının ölkəmizdə tam şəkildə həyata keçirilməsi, uşaq və qadın hüquqlarının təminatı və ölkəmizin tərəf olduğu insan hüquqları sahəsində beynəlxalq sənədlərin həyata keçirilməsinin vəziyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Sessiya çərçivəsində Ermənistan nümayəndəsi Azərbaycan nümayəndə heyətinin rəhbərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli mövqeyini səsləndirməsinə maneə törətmək istədə də, İHŞ prezidenti Ermənistan tərəfini belə addımlar atmaqdan çəkinməyə çağırıb.

Tədbir çərçivəsində yekun nitqində gənc demokratiya olan Azərbaycanı islahatların aparılmaqda olduğu açıq cəmiyyət qismində səciyyələndirən X.Xələfov Azərbaycanın İHŞ-də fəal rol oynadığını və beynəlxalq ictimaiyyət ilə dialoqa hazır olduğunu bildirib. Xarici işlər nazirinin müavini müzakirələr zamanı Ermənistan tərəfindən səsləndirilən əsassız qeydlərə münasibət bildirərək, həmin dövlətin nümayəndəsinin bütün etik normalardan kənara çıxdığını və ölkəmizin beynəlxalq nüfuzunu zədələməyə növbəti uğursuz cəhd etdiyini vurğulayıb. Beynəlxalq hüquq çərçivəsində xalqların öz müqəddəratını təyin etmə prinsipinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni azlığa ayrıca dövlət yaratmaq hüququ vermədiyinə diqqəti yönəldən X.Xələfov Ermənistan tərəfindən sözügedən prinsipin ölkəmizə hərbi təcavüzünün nəticələri və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı nəticəsində yaranmış qəbuledilməz acınacaqlı vəziyyətin beynəlxalq ictimaiyyətdən gizlədilməsi və pərdələnməsi məqsədilə bəhanə qismində sui-istifadə edildiyini və belə destruktiv mövqeyin Ermənistana heç zaman uğur gətirməyəcəyini qeyd edib. Ölkəmizin öz torpaqlarını Ermənistanın işğalçı hərbi qüvvələrindən azad edəcəyini və öz yurd-yuvalarından zorla qovulmuş Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıdacağını vurğulayan nazir müavini bu dövlətin yalnız Azərbaycana münasibətdə deyil, digər qonşu dövlətlərə qarşı da ərazi iddiaları sürdüyünü və buna görə regionda təcrid olunmuş vəziyyətə düşdüyünü bildirib. Azərbaycanda olduğu kimi dünyanın heç bir ölkəsində hər 9 nəfərdən birinin qaçqın və ya məcburi köçkün olmadığını diqqətə çatdıran Azərbaycan rəsmisi bu xüsusda beynəlxalq ictimaiyyətə bir daha müraciət edərək, bu məsələdə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinin vacibliyini vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti