Ədliyyə Nazirliyi Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı böyük tədbir keçirib

Ədliyyə Nazirliyi Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı böyük tədbir keçirib
  01 May 2013    Oxunub:1830
Tədbirdə aidiyyəti qurumlardan 150-dək nümayəndə, o cümlədən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Prezident Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.
Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ədliyyə orqanlarında geniş qeyd edilir, silsilə tədbirlər həyata keçirilir. Bu gün Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə "JW Marriott Absheron" otelində "Müasir hüquq sisteminin formalaşmasında Heydər Əliyevin rolu" mövzusunda geniş elmi-praktiki konfrans keçirilib.

Ədliyyə nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə aidiyyəti qurumlardan 150-dək nümayəndə, o cümlədən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Prezident Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov, millət vəkilləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, hakimlər, Vəkillər Kollegiyasının, Ombudsman Aparatının, Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin məsul şəxsləri, alimlər, gənclər, vətəndaş cəmiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Konfransı giriş nitqi ilə açan nazir Fikrət Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lideri Heydər Əliyevin yaratdığı milli dövlətçilik irsi, Vətən və xalq qarşısında misilsiz xidmətləri barədə geniş məruzə ilə çıxış edib.
Dahi öndərin "Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi dövlət qurmaq yoludur" sözlərini öz fədakar və yorulmaz əməlləri ilə gerçəkləşdirdiyini vurğulayan nazir Heydər Əliyev şəxsiyyəti ilə hüquqi dövlət konsepsiyasının bir-biri ilə sıx bağlı olduğunu bildirərək, ölkəmizdə aparılan demokratik hüquqi dövlət quruculuğu prosesi, o cümlədən ədliyyə fəaliyyət istiqamətlərinin genişləndirilməsi, qısa müddətdə çoxsaylı mühüm qanun və məcəllələrin qəbul olunduğunu, yeni üç pilləli məhkəmə sisteminin bərqərar edildiyini, dahi öndərin müəyyən etdiyi islahatlar kursunun hazırda ölkə Prezidenti cənab İlham Əliyev rəhbərliyi ilə uğurla davam etdirildiyini, son illər ədliyyə və məhkəmə sahəsində əldə olunmuş nailiyyətləri qeyd edib.

Konfransda Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov çıxış edərək müasir hüquq sisteminin formalaşmasında və inkişafında Heydər Əliyevin müstəsna rolundan, apardığı məqsədyönlü islahatlardan danışmış, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan bugünkü möhtəşəm uğurlarımızın təməlində Heydər Əliyev ideyalarının durduğunu bildirib, Azərbaycan ədliyyəsinin, digər hüquq-mühafizə orqanlarının davamlı inkişafını qeyd edərək, müxtəlif sahələr üzrə işin təkmilləşdirilməsindən, şəffaf və innovativ xidmətlərin, o cümlədən yeni yaradılmış ASAN mərkəzlərinin fəaliyyətindən söz açıb.

Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova bildirib ki, 1995-ci ilin noyabrında ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, eləcə də Konstitusiya Məhkəməsinin yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, dahi öndərin "Mən bu işə çox məsuliyyətlə yanaşıram. Çünki həm Azərbaycan Konstitusiyasının tarixini bilirəm və onu böyük diqqətlə təhlil etmişəm, həm də indiyədək Azərbaycanda dövlət quruculuğu sahəsində aparılan işlərin çoxunun iştirakçısı olmuşam" sözlərini xatırladaraq Əsas Qanunun ümummilli liderin bilavasitə rəhbərliyi və zəhməti ilə mükəmməl bir sənəd kimi ərsəyə gəldiyini qeyd edib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev ümummilli liderimiz Heydər Əliyevin yüksək dövlətçilik amallarının hər birimizə örnək olduğunu vurğulamış, ölkəmizdə məhkəmə hakimiyyətinin təşəkkülündə, demokratik dövlət hakimiyyətinin müstəqil qolu kimi bərqərar olması və inkişafında müstəsna xidmətlərindən danışıb. O, İnsan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqinin, presedent hüququnun öyrənilməsinin ümummilli liderin insan haqlarının etibarlı müdafiəsi sahəsində ideyalarının icrasında mühüm rolu nəzərə alınaraq bu sahədə Ali Məhkəmə tərəfindən görülən ardıcıl işlərə toxunub. R.Rzayev dahi rəhbərin müəyyən etdiyi məhkəmə-hüquq islahatları konsepsiyasının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulayıb.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ümummilli lider Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi naminə fədakar fəaliyyətindən danışıb və bildirib ki, prokurorluq orqanlarının yenidən qurulması və inkişafı bilavasitə dahi öndər Heydər Əliyevin xidmətləridir. Z.Qaralov ümummilli liderin "sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır" sözlərini xatırladaraq prokurorluq sahəsində aparılan islahatların Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsi olduğunu bildirib, bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Prokurorluğunun müasirləşməsi üzrə həyata keçirilən tədbirləri qeyd edib.

Konfransda həmçinin, ölkəmizdə vəkillik institutunun təşəkkülü, Ombudsman təsisatının yaradılması, milli qanunvericiliyimizin formalaşdırılması, hakim korpusunun formalaşdırlıması, hüquq elminin və təhsilinin inkişafı, korrupsiyaya qarşı mübarizə və digər sahələrdə ümummilli lider Heydər Əliyevin müstəsna rolu və xidmətləri barədə məruzələr dinlənilmiş, dahi rəhbərin zəngin dövlətçilik salnaməsindən geniş bəhs olunaraq, Heydər Əliyev siyasi irsinin daim yaşayacağı və inkişaf edəcəyi vurğulayıb.

Sonra tədbirdə Azərbaycanda hüquqi dövlət ideyasının yaranması, hüquq sisteminin köklü və kompleks qaydada yenidən qurulması üçün elmə əsaslanan yeni konsepsiyanın işlənib hazırlanması, demokratik hüquqi dövlətin atributlarının - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsiplərinin bərqərar olunması, hüquq sisteminin islahatı və digər mövzular üzrə müzakirələr aparılıb.

Eyni zamanda, ümummilli liderimizin insanpərvər və humanizm ideyalarını yaşadan Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın ulu öndərin 90 illik yubileyi münasibətilə növbəti amnistiya aktı ilə bağlı təşəbbüsü xüsusi vurğulanıb.

Ədliyyə naziri Fikrət Məmmədov konfransa yekun vuraraq ulu öndərin çoxşaxəli fəaliyyətinin, siyasi irsinin hələ çox-çox illər sonra da gələcək nəsillər tərəfindən öyrəniləcəyini, dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin inkişaf edəcəyini vurğulanıb.

Nazir bildirib ki, Heydər Əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə, prokorurluq və digər hüquq mühafizə fəaliyyəti yenidən qurulub və onların gələcək inkişafının təməli qoyulub. Bu gün Azərbaycan, onun hüquq sistemi ümummilli liderimizin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşir və müasirləşir.

Konfrans iştirakçılarına ümummilli liderimiz Heydər Əliyevin zəngin və mənalı həyat yolundan bəhs edən vəsaitlər təqdim olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti