“Gəncə Avropanın heç bir şəhərindən geri qalmır”

  01 May 2013    Oxunub : 1128
“Gəncə Avropanın heç bir şəhərindən geri qalmır”
Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının I müavini Mikayıl Zeynalov AzVision.az oxucularının suallarına cavab verir:
1) Aytən:
- 10 il qabaqkı Gəncə ilə indiki Gəncə arasındakı fərq nədir? Sizin gördüyünüz dəyişiklikləri gəncəlilər də görə bilirmi?



-Ümumiyyətlə, Gəncə şəhərindəki dəyişiklərdən danışdıqda, 10 il əvvəl yox, elə 10 gün əvvəl də etdiyimiz müqayisədə kifayət edər ki, şəhərimizdə olan dəyişiklik, inkişaf görünsün.

Bu gün Gəncə gündən-günə inkişaf edir, gözəlləşir və hər bir şəxs bu inkişafı görə bilər.



2) Səfər:
- Gəncədə bir dənə də normal kinoteatr yoxdu. “Nizami” kinoteatrının bərpası və ya yeni kinoteatrın inşası nəzərdə tutulurmu?



-Bu gün Gəncə şəhərində yeni bir filarmoniyanın binası tikilir. Filarmoniya ilə yanaşı müxtəlif kinoteatrlar, tədbirlərin, konfransların keçirilməsi üçün binalar olacaq. Eyni zamanda, şəhərimizdə fəaliyyət göstərən müxtəlif ticarət əyləncə mərkəzlərində də kinoteatrlar fəaliyyət göstərir.

İstər “Aura park” ticarət mərkəzində, istərsə də Tağıyev molt ticarət mərkəzində də kinoteatrlar fəaliyyət göstərir.
Bundan başqa, şəhərimizdə olan köhnə kinoteatrlardan olan Nizami kinotetrı da yaxın zamanlarda yenidən bərpa olunub, istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

3) Əli:

- Torpaq sahələrində sənədsiz tikilən evlərə nə zaman sənəd veriləcək?



-Bu proses artıq başlamışdır, belə ki, Gəncədə qəsəbələrin yaradılması, artıq qeyd olunan ərazilərdə tikilən evlərə sənədlərin verilməsinə başlanılmışdır.

Və bir müddət əvvəl Məhsəti qəsəbəsində Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Elmar Vəliyevin vətəndaşlarla görüşü zamanı 100-dən çox evin sənədləri verilmişdir. Qeyd edim ki, bu proses davam edir və belə tikililər Gəncədə çoxdur.

Və həmin evlərin sənədləşdirilməsi aparılır və insanlar öz evlərinin sənədlərini alırlar.

4) Məmməd:
- Gəncənin qırmızı kərpicli tarixi üzünün yeni icra hakimiyyəti tərəfindən məhv edilməsi işinə hər hansı bir formada etiraz etmisinizmi?



-Bu gün Gəncə şəhərində aparılan geniş abadlıq, quruculuq işlərinə baxmayaraq, Gəncənin tarixi siması qorunub saxlanılır. Bu birbaşa Gəncə şəhər hakimiyyətinin diqqətində olan məsələdir.
Belə ki, şəhərimizdə 500-dən çox bina var ki, onlar qədimi binalar hesab olunurlar və onlar ölkə əhəmiyyətli tarixi binalardır. Bunların hamısı yenidən restavrasiya olunur. Şəhərimizin mərkəzində olan 16 küçədən ən əsas küçə Cavadxan küçəsidir. Hazırda Hüseyn Cavid küçəsi də artıq restavrasiya olunub və bütün oradakı kərpic evlər tikilib başa çatdırılmışdır. Eyni zamanda Xan bağının ətrafındakı qədimi evlər də qırmızı kərpicdən olan evlərdir.

Və bunlar da hamısı yenidən bərpa olunur. Və Gəncənin tarixi siması qorunub saxlanılır. Odur ki, Gəncədə gedən abadlıq quruculuq işləri Gəncənin tarixi arxitekturasına heç bir təsir göstərmir.


5) Samir:
- Neçə yaşınız var?
- 33

6) Vəfa Tağıyeva:
- Gülüstan qəsəbəsilə “Avtozavod” deyilən ərazinin arasında yaşayan əhali 10 ildir ki, yol problemindən əziyyət cəkir. 2 km.yolu qışda palcıqdan, yayda istidən çətinliklə gedirik. Əvəzində isə mərkəzi kücələrdə asfalt üstündən asfalt cəkilir. Qocaları, körpələri nəzərə alıb, bir marşrut acmagı düşünmək lap yerinə düşər, məncə. Zəhmət olmasa, bu məsələ ilə baglı cavab verin. Əvvəlcədən təşəkkürlər.



-Dediyiniz ərazi Gəncə şəhərinin ərazisi sayılmamışdır. Ancaq, möhtərəm cənab prezidentin sərəncamı ilə Gəncə şəhərinin ərazisinə 2 min yeddi yüz hektardan çox yeni ərazi əlavə olunmuşdur.

Və şəhərimizdə 5 qəsəbə yaradılmışdır ki, bu qəsəbələrdən biri də Cavad xan qəsəbəsidir. Və burda qeyd olunan ərazini əhatə edir. Artıq şəhərimizdə olan 3 qəsəbədə, Şahsevənlər qəsəbəsi, Məhsəti və Natəvan qəsəbələrində daxili yolların təmiri başlanılıb və növbəti qəsəbələrdə də daxili yolların çəkilməsinə başlanılacaq. Və o zaman sizin dediyiniz problem də aradan qaldırılacaq.

Eyni zamanda, nəqliyyatın təmin olunması da bu gün Gəncə şəhərində ən aktual məsələlərdən biridir ki, şəhərin ən ucqar nöqtələrinə belə, marşrut xətlərinin çəkilməsi və yeni yaranmış bütün qəsəbələrdə bu problem öz həllini tapır. Cavadxan qəsəbəsində bu məsələ həll olunacaq.

7) Kənan:
- Uğurunuzu nəyə və ya kimə borclusunuz?
Nihat:
- Mikayıl müəllim, karyeranızda birdən-birə belə sıçrayışla uğur əldə etməyinizin sirri nədədir? Axı siz, bu yaxınlara kimi kiçicik bir İB ("Keçmişə körpü") sədri idiniz... Uğur reseptinizi lütfən bizimlə bölüşün!



-Azərbaycan elə bir ölkədir ki, orada hər bir insan öz şəxsi keyfiyyətlərinə, bilik və qabiliyyətlərinə görə inkişaf etmək imkanlarına malikdir. Mən də bir azərbaycanlı olaraq dövlət başçısının bizə yaratdığı bu imkanlardan yəqinki yararlanmışam və bunun üçün də dövlətimizin başçısına borcluyam. Eyni zamanda, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı cənab Elmar Vəliyevin öz kadr siyahısında daim gənc kadrlara üstünlük verməsi, onlar üçün imkanlar yaratması da yəqin ki, mənim uğurlarımda dəstək olub.


8) Fərid:
- Salam. Mən bilmək istəyirdim, Gəncənin küçələrində nə vaxt tramvay görmək mümkün olacaq?



-Gəncə şəhəri, ümumiyyətlə, nəqliyyatın inkişafı ilə bağlı bir çox layihələr həyata keçirir və bunlardan biri də Gəncə şəhərində tramvay xətlərinin açılmasıdır. Bununla bağlı artıq avropanın bir sıra qabaqcıl şirkətləri ilə danışıqlar aparmışıq.

Bir neçə Fransa şirkətinin nümayəndələri Gəncə şəhərində olublar. Onlar şəhərdə mərkəzi küçələrə baxışlar keçiriblər və öz təkliflərini hal-hazırda hazırlayıb bizə təqdim ediblər. Bu təkliflər arasından biz baxıb dəyərləndirib ən yaxşılarını seçib fəaliyyətə başlayacağıq. Bu il ərzində layihənin təqdimatı da olacaq.

9) Elman:

- Salam. Gəncə şəhərinin Avropanın gənclər paytaxtı olması nə qədər realdır?



-Mən bunu real sayıram. Çünki, bugün Gəncə Avropanın heç bir şəhərindən geri qalmır. Və Azərbaycanda dövlət başçısının dəstəyi ilə həyata keçirilən gənclər siyasəti dünyanın aparıcı ölkələrində nümunə olacaq bir siyasətdir. Və belə olduğu halda nəyə görə də, Gəncə Avropanın gənclər paytaxtı olmasın.

10) Killer:

- Salam. Niyə Gəncə şəhərinin ali məktəblərində bu qədər rüşvət var?
- Niyə Gəncə şəhərində Cavad xan küçəsi, “Təbriz” marketi tərəfdə piyadaların keçməsi üçün heç bir yol nişanı yoxdur?




-Gəncə şəhərində ali məktəblərdə imtahanların, dərs prosesinin tam şəffaflığı üçün istənilən şərait yaradılmışdır. Belə ki, elektron Universitet layihələri həyata keçirilir, Universitetlərdə imtahanların götürülməsi tamamilə elektronlaşdırılmışdır.

İmtahanlardan əvvəl tələbələrə bütün imtahan sualları paylanılır. Ən azı bir, iki ay öncə sınaq imtahanlarıtəşkil olunur. Və imtahanların keçirilməsinə birbaşa nəzarət aparılır.

Bundan başqa da, şəhər rəhbərliyi tərəfindən, dövlət başçısı tərəfindən bildiyiniz kimi, Gəncə şəhərində bir neçə Universitetin rəhbərliyi səviyyəsində kadr islahatları da aparılmışdır. Və mən bu imkanlardan istifadə edib bir daha xahiş edirəm ki, Universitetdə həm tələbələrdən, həm valideyblərdən, həm də Universitet işçilərindən əgər elə bir hallarla rastlaşarlarsa, mütləq bizə, şəhər icra hakimiyyətinə də məlumat versinlər.

Az öncə, qeyd etdiyim kimi, Gəncə şəhərində nəqliyyatın inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirilir. Şəhərimizdə nəqliyyatın intelektual idarəetməsi ilə bağlı layihələr hazırlanır və həyata keçirilir. Rəqəmsal işıqforlar qoyulur, nəzarət kameraları yerləşdirilir. Yol nişanları yenilənir. Dayanacaqlar qoyulur, dayanacaqlarda elktron tablolar yerləşdirilir. Və yaxın zamanda qeyd olunan bu ərazidə nişanlar yoxdusa, onlar yerləşdiriləcək.



11) Nahidə:
- Salam. Narahat etdiyim üçün bağışlayın. Evlə bağlı narahat edirəm. Zəzələdən sonra qəzalı vəziyyətə düşüb, divar aralanıb, düzəltdirməyə imkanım yoxdur. Kömək üçün hara və necə müraciət edə bilərəm? Çox sağ olun...



-Əgər bu fövqəladə hallar nəticəsində baş veribsə, şəhər fövqəladə komissiyasına müraciət olunsun. Bu evə baxış keçirilər və bu halın fövqəladə hal nəticəsində baş verdiyi təsdiqlənərsə, bununla bağlı tədbir görülər.


12) Məmməd:

- Hörmətli Mikayıl müəllim. Bilmək istərdim ki, Gəncədə nə zaman KVN yarışları keçiriləcək?



-Bu gənclərdən asılıdır və belə bir təşəbbüs olarsa, biz bunu dəstəkləməyə hazırıq. Bildiyiniz kimi Gəncədə gənclərin bütün təşəbbüsləri dəstəklənir və onların həyata keçirdiyi tədbirlər müxtəlif sahələrdə daim şəhər rəhbərliyi tərəfindən dəstək alır. Və belə bir təşəbbüslə də çıxış edən gənclər varsa, biz gəncəliləri dəstəkləməyə hazırıq.

Teqlər: