Diqqət! Dini gərginlik – TƏHLİL

Diqqət! Dini gərginlik – TƏHLİL
  02 May 2013    Oxunub:2762
Elzar Ağayev,
Misir
(Xüsusi olaraq AzVision.az üçün)

Artıq 3 ilə yaxındır ki, Misirdən ancaq gərgin xəbərlər almağa alışıb hərkəs. Təəssüf ki, bu ölkədə toqquşmalar, 5-10 adamın ölümü artıq xəbər kimi yox, adi, statistik məlumat kimi verilir, səhəri gün də unudulur. Yəqin ona görə ki, səhəri gün də başqa toqquşma-ölüm xəbəri çıxır...


Əlbəttə, betərin betəri var. Əfqanıstanda, İraqda xəbəri xəbər eləməkçün daha çox meyid lazımdı... Amma, hər halda, son günlər Misirdən gələn xəbərlərə diqqət...

...Qahirə yaxınlığnda, müsəlman məhəlləsinin divarına svastika çəkilməsi qarışıqlığa səbəb olub, xristian və müsəlmanlar arasında toqquşmada 4 xristian və 1 müsəlman qətlə yetirilib...

...Qahirədə müqəddəs Mark kilsəsində (Misirn ən böyük xristian məbədi) dəfn mərasimi zamanı Müsəlman qardaşları hərəkatının tərəfdarları ilə mərasim iştirakçıları arasında toqquşma olub. Molotov kokteylləri və daşla silahlanmış qruplar bir-birinə hücum edib. Nəticədə 1 nəfər həlak olub...

Statistika göstərir ki, Misirdə dini zəmində toqquşmalar 1970-ci ildən bu yana ən yüksək həddə çatıb.

Fikrimcə, bu hadisələr Misirin hansı təhlükə ilə üz-üzə qaldığını bütün çılpaqlığı ilə ortaya qoyur. Mənə görə, münaqişələrin ən qorxunc olanı - dini münaqişələr Misiri özünə məskən tutmaqdadır. Dini zəmində münaqişənin nə demək olduğunu Dünya Bosniya-Hersoqovinada, Nepalda, Hindistanda, Banqladeşdə, Sudanda görüb.

Misirdə vəziyyət daha mürəkkəbdir. Burda yaşayan Koptlar Yaxın Şərqin ən böyük xristian icması (8 milyondan artıq) hesab edilir. Onlar bir-iki şəhərdə kompakt şəkildə deyil, əksər böyük şəhərərdə yaşayırlar və demək olar ki, bütün Misir ərazsinə yayılıblar. Xristianlar uzun onilliklər boyu müsəlmanlarla qonşuluqda əmin-amanlıqda yaşayıblar. Məhz bu səbəbdən də burda sırf xristianların yaşadığı, özünəqapanmış xristian şəhərləri yoxdur, sadəcə, kiçik, hamı üçün açıq xristian məhəllələri var.

Düzdü, bu sabitlik, müəyyən mənada Hüsnü Mübarəkin dəmir dəyənəyi hesabına bərqərar olmuşdu, amma fakt faktlığında qalır, Misirdə xristian və müsəlman onilliklər boyu çiyin-çiyinə, sülh içində yaşayıb. Maraqlıdır, görəsən, Ərəb baharını ölçüb-biçənlər Misirdə dini fərqliliklərin doğura biləcəyi perspektivləri hesablamışdılarmı? Cavab müsbətdirsə, o zaman dini gərginlik kimlərinsə mənafeyinə xidmət edir...

Avropanın, uzaq Avstraliyanın böyük şəhərlərində təşkil edilən aksiyalar və Misirin xristian icması ətrafındakı vəziyyəti digər gərginləşdirmək cəhdləri təsadüf ola bilməz... Kim bilir, bəlkə bu gərginlik dünyanı idarə edən kartoqrafların mənafeyinə xidmət edir. Səbr etmək lazımdır, cənubi Sudan-Şimali Sudan birdən-birə tikilməyib ki...

Misir xalqı güclü, cəsarətlidir. Dövlətçiliyə yaranmış istənilən təhlükəni dəf etməyə qadirdir. Amma necə...

Misirdə Mübarək rejiminin devrilməsini bayram edənlərin, sonrakı təlatümləri, müvəqqəti və keçici çətinlik kimi görənlərin nə qədər yanıldığı tədricən ortaya çıxmaqdadır. 30 illik prezidentin gedişi Misirliləri işıqlı demokratiya yoluna çıxarmadı, əksinə, xaosun və sonu görünməz toqquşmaların, ictimai parçalanmanın əsasını qoydu. Mübarəkin hakimiyyəti dövründə qadağan edilmiş “müsəlman qardaşları” hərəkatının sürətlə populyarlıq qazanıb, nəticədə hakimiyyətə gəlməsi də əslində qanunauyğun idi. Misirlilər, mənəviyyata, dini inanclara olduqca bağlı insanlardır, ölkə tarixən İslam dininin elmi-araşdırma mərkəzlərindən biri olub. İnqilabi və sonrakı prosesləri müşahidə etmiş şəxs kimi, “Müsəlman qardaşları”nın tam demokratik yolla, misirlilərin iradəsilə hakimiyyətə gəldiyinə inanıram. Amma, yaxşı müsəlman olmaq həm də yaxşı diplomat, idarəçi, hakim, siyasətçi olmaq demək deyilmiş.

Əxlaqi-mənəvi dəyərlərə söykənərək cəmiyyətdə ədaləti, haqqı təmin etmək, rüşvətə, qanunsuzluğa, qərəzli məhkəmə qərarlarına qənim kəsilmək olar ( təəssüf ki, Misirdə hələ heç bunu da müşahidə etmirik... ). Amma Yaxın Şərq kimi mürəkkəb, dostu düşmən, düşməni dost kimi göstərən regionda Misir boyda nəhəngi mənəviyyatla-kitabla idarə edəcəyini düşünənlər çox sadəlövh, ya da utopistdirlər.

Misirdə 84 milyonluq əhalinin 30%-i yoxsulluq həddinin altında yaşayır. Burda hələ də milyonlarla adam çörəyi talonla alır. Sinayda bədəvi qəbilələri sözün əsl mənasında at oynadır. Onlar istənilən sayda turisti ölkədən qaçırdıb, mərkəzi hakimiyyətlə bazarlıq masasında tələblərinin yerinə yetirilməsinə nail ola bilərlər.
Bu cür qeyri-sabit Misirə turist gəlməyəcək. Turist gəlməyəcəksə, pul da olmayacaq... Sinay yarımadasının əsl sahibi onlardır. İsrail kimi spesifik qonşu ilə dil tapmaq, Nil çayının statusu məsələsində Misirin hegemonluğunu qoruyub saxlamaq da çətin olacaq...

Problemlərin həll ediləcəyinə, Misirdə sabitliyin bərqərar olacağına inanıram. Hətta inanram ki, bunu “Müsəlman Qardaşları” da edə bilər. Güclü, sabit Misir bütün Yaxın Şərqə lazımdır. Amma yenə də... DİQQƏT! DİQQƏT! DİNİ GƏRGİNLİK...


Teqlər:  





Xəbər lenti