Futbolçularımızın gizli biznesləri - ARAŞDIRMA

Futbolçularımızın gizli biznesləri - ARAŞDIRMA
  23 Oktyabr 2014    Oxunub:18961
“Azərbaycanda futbolu pul üçün oynayırlar. Oyunçular futboldan həzz almırlar”.

Bu fikirləri Azərbaycan futbol yığmasından istefa verən alman baş məşqçisi Berti Foqts müsahibələrinin birində deyib. Futbolçularımızın pula hərisliyini işarə edən Foqts özü futbol meydanında foks göstərə bilmədiyi kimi futbolçularımızın da futboldan çox maddiyata önəm verdiyini dilə gətirib. Doğrudur, dünyanın elə bir futbol klubu olmasın ki, orada pul önəm daşımasın. Maddiyat digər sahələrlə yanaşı yaşıl meydanda da əsas aparıcı “silahdır”. Yəni, pulun varsa istənilən ulduz futbolçunu transfer edə bilərsən…

Foqt isə eyham vuraraq israrla qeyd edir ki, azərbaycanlı futbolçuları futboldan çox pul maraqlandırır.

Futbolçularımızın sosial şəbəkələrdə paylaşdığı fotolardan, onlara yaxın çevrələrin sızdırdığı məlumatlardan görünür ki, milli top qovanlarımız heç də pis yaşamırlar. Baxmayaraq ki, yüksək bir uğura imza atmayıblar, dövlət bayrağımızı ölkə xaricində qaldırmayıblar, bahalı maşınlar, dəbdəbəli villalar, fərqli yaşamları ilə seçilirlər.

Belə ki, Azərbaycan futbolçuları sürdükləri bahalı avtomobilləri və bir neçə obyektləri ilə həmişə diqqət mərkəzində olublar. Futbolçuların bir çoxu deyir ki, futbolçu ömrünün qısalığından istifadə etmək lazımdır. Bu baxımdan onların əksəriyyəti yaşıl meydandan qazandığı pulu biznesə yönəldirlər.

AzVision.az saytı biznesi olan futbolçularımızla bağlı araşdırma aparıb.



Azərbaycan milli komandasının üzvü və Türkiyənin “Karşıyaka” klubunun futbolçusu Mahir Şükürov 2 il öncə biznesə qoşulub. Belə ki, futbolçu Sumqayıt şəhərində toyuq ferması açıb. Şükürov toyuqları dayısının ona hədiyyə etdiyini deyərək bu məqslədə ferma açdığını bildirib. Tanınmış futbolçunun fermanı açmaqda məqsədi toyuq yetişdirmək və satmaqdan ibarətdir. Onun biznesini yaxın qohumları idarə edir.

Milli yığmada və bir neçə tanınmış klubda futbolçu karyerası keçən Samir Abbasov da hazırda bizneslə məşğulur. Onun bir neçə obyektinin olduğu deyilir. Sumqayıt şəhərində yaşayan futbolçu hazırda məşqçi kimi çalışır.

Bir neçə il öncə futboldan uzaqlaşan “Qarabağ” futbol klubunun kapitanı olmuş Aslan Kərimov bizneslə məşğul olan futbolçulardandır.

Millinin keçmiş üzvünün stomatoloji klinikası və super-marketi var.

Azərbaycan yığmasının sabiq müdafiəçisi Aftandil Hacıyev də biznes sahibidir. Futbolçu müsahibələrinin birində bildirib ki, “Futboldan qazandıqlarımızı ora-bura xərcləməmişik. Şəxsi biznesim var. Bunun hesabına ailəmi dolandırıram”.

Millinin keçmiş üzvü, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov və onun kimi keçmiş futbolçu olan qardaşı Musa Qurbanovun Zaqatalada şəirkli obyekti var.

“Qarabağ” klubunun futbolçusu Namiq Yusifov limonad istehsalı ilə məşğul olan müəssisə sahibidir.

Bir vaxtların əsas liqada çıxış edən “Muğan” klubunun hücumçusu Fərrux İsmayılovun ev alqı-satqısıyla məşğul olan obyekti var.

Futbolçu hazırda yaşıl meydanlardan kənardadır.

Millinin və “Neftçi”nin hücumçusu olmuş Samir Əliyev ət və “oboy” biznesilə məşğul olur.

Dövrünün tanınmış hücumçularından olan Samir Əliyev 2 il öncə rəsmi olaraq futbola əlvida deyib.

Ölkənin bir neçə tanınmış klublarında forma geyinən, hazırda “Neftçi” klubunda məşqçi kimi çalışan Kamal Quliyev Sumqayıt şəhərində “Barselona” adlı kafenin sahibidir.

“Bakı” klubunun yarımmüdafiəçisi olmuş və hazırda milli komandanın baş məşqçi vəzifəsini müvəqqəti icra edən Mahmud Qurbanovla “Bakılı” klubunun keçmiş qapıçısı Hüseyn Məhəmmədov şərikli “Çay evi” işlədirlər.

Obyekt Bakının “Milyonerlər məhəlləsi” adlanan ərazidə yerləşir.

“Bakı” klubunun kapitanı Elvin Məmmədov müsahibələrinin birində futboldan sonra biznes quracağını deyib. Futbolçu gələcək üçün bunun vacib olduğunu diqqətə çatdırıb.






Bu siyahıda olanların bir çoxu artıq yaşıl meydanlardan uzaqdırlar. Amma hazırda futbolçu karyerasını başa vurmayan oyunçuların da bir çoxu bizneslə məşğul olurlar. Belə ki, onların bir çoxu futbolu qazanc yeri kimi görür və müəyyən müddətdən sonra uzaq olacaqlarını düşünərək ələ düşən pulları biznesə yatırırlar. Digər tərəfdən futbolçuların əksəriyyəti ən bahalı avtomobillərə sahibdilər. Onların qiyməti 100-250 min manat arasında dəyişir.



Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti