`Pul hər şeyi həll etmir` - Deputat Aqil Abbas

`Pul hər şeyi həll etmir` - Deputat Aqil Abbas
  23 Oktyabr 2014    Oxunub:2384
““Qarabağ” bu gün qalib gələcək və buna çox inanıram”.
Bunu AzVision.az-a açıqlamasında deputat Aqil Abbas deyib. Millət vəkilinin sözlərinə görə, rəqibin heyətində bahalı legionerlər olsa da, təmsilçimiz qali gəlmək iqtidarındadır.

“Rəqib Ukraynanın tanınmış klublarındandı və dəfələrlə çempion olub. Onlarda legionerlərə verilən pul “Qarabağ”-ın oyunçularına verdiyi puldan qat-qat çoxdu. Buna baxmayaraq, “Qarabağ” qalib gələcək. Çünki pul hər şeyi həll etmir”.

Bir neçə gün öncə Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqtsun istefa verməsinə münasibət bildirən Milli Məclisin üzvü bildirib ki, Berti Foqts istefa verməyə 5 il gecikib:

“O çoxdan bu addımı atmalı idi. Hazırda komanda bildiyimiz kimi Mahmud Qurbanova tapşırılıb. Görək bundan sonra nə edəcəklər”.

Millət vəkili qeyd edib ki, futbolu inkişaf etdirmək üçün futbolçularımızda inam olmalıdır.

““Neftçi”, “Qarabağ”, “Qəbələ” kimi klubların yaxşı akademiyaları var. Orada yetişən futbolçuları görə bilmirik. Dəfələrlə uşaq futboluna diqqət etmişəm. Onların arasında uşaqlar var ki, Ronaldo kimi futbolçulardan yaxşı oynayırlar. Sadəcə olaraq onlardan istifadə etmək lazımdır. Digər bir problem isə region futbolunun yox səviyyəsində olmasıdır. Əgər rayonlarda, bölgələrdə futbol inkişaf etmirsə, heç vaxt Azərbaycanda futbol olmayacaq. İstəyirsən dünyanın ən yaxşı məşqçisini gətirək, xeyri olmayacaq. Əgər regionda futbol yoxdursa, heç bir inkişaf ola bilməz. Bir neçə rayonun futbol məktəbi olub. Hazırda həmin bölgələrdə futbol yoxdusa, futbolun inkişafından danışmaq olmaz”-deyə deputat qeyd edib.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti