Millət vəkili dünya mediasına müraciət etdi
Müraciətdə deyilir ki, onu dünyada nüfuzlu media orqanına müraciət etməyə vadar edən səbəb Ermənistan Silahlı Qüvvələri tərəfindən 2014-cü ilin 11 iyul tarixində işğal edilmiş Azərbaycan Respublikasının Kəlbəcər rayonunda girov götürülmüş 3 azərbaycanlı mülki şəxsin- Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəhşətli taleyidir.
“Artıq Həsən Həsənov ağır işgəncələrlə qətlə yetirilib. Hələlik sağ qalan Dilqəm Əsgərov və Şahbaz Quliyev isə əsl insan dramı üz-üzədirlər. Onlara təcili olaraq nəfəs almaq üçün təmiz hava, dərman, yemək, lazımi qədər içməli su lazımdır. Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının 27, 29 və 32-ci maddələrinə zidd olaraq, azərbaycanlı girovlar 3 aydan çoxdur ki, ağır işgəncələrə məruz qalırlar. Halbuki, bu azərbaycanlılar heç bir cinayət əməli törətməyiblər, heç bir beynəlxalq hüquq normasını pozmayıblar. Həmin şəxslərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 2, 3, 5, 6-cı maddələrinin tələbləri kobud surətdə pozulubdur”,- deyə millət vəkili müraciətində vurğulayıb.
Sahib Alıyev qeyd edib ki, 1966-ci il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsi, Avropa İnsan hüquqları Konvensiyasına əlavə 4-cü Protokolun 2-ci maddəsi və digər beynəlxalq hüquq normalarına əsasən, hər bir vətəndaşın öz ölkəsində hərəkət azadlığı hüququ vardır. Bu hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin III bəndində də aydın əksini tapıb.
“Lakin həmin azərbaycanlılar məhz bütün dünya və BMT tərəfindən tanınan Azərbaycan Respublikasının sərhədləri daxilində Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onları Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi bu ayın 27-də saxta “məhkəmə” qarşısına çıxarmağı planlaşdırır. Bu, dünyada ilk qondarma məhkəmə olacaq ki, insanın öz doğma evini və əzizlərinin məzarlarını ziyarət etdiyinə görə təşkil edilir. Təsadüfi deyil ki, həmin gün Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından 1 milyondan çox azərbaycanlı əziyyət çəkir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi və onlara verilən ağır işgəncələr, məhkəmə şousu danışıqlar prosesini pozmaq üçün təxribatdır”,- deyə müraciətdə bildirilir.
Daha sonra Sahib Alıyev Azərbaycan parlamentinin bitərəf üzvü kimi dünya jurnalistlərindən xahiş edib ki, bu müraciətini Ermənistan ictimaiyyətinə yaymaqda vasitəçi olsunlar: “Mən hər bir Ermənistan vətəndaşına üzümü tutaraq girov götürülmüş iki günahsız azərbaycanlını dərhal azad etməyi öz rəhbərlərindən tələb etməyə, Ermənistan Silahlı Qüvvələrinin başqa dövlətin- Azərbaycan Respublikasının suveren torpaqlarından geri çəkilməsinə nail olmağa çağırıram. Biz sülh və təhlükəsizlik şəraitində birgəyaşayış arzulayırıq.
Azərbaycan ictimaiyyətinin bu məsələdən nə qədər böyük narahatlıq keçirdiyini anlamaq üçün 5 dildə sosial şəbəkələrdə bu günlərdə başladılan virtual kampaniyaya nəzər yetirmək kifayətdir:
#SaveAzeHostages
#GirovlarimiziAzadEt
#CпасемAzeЗаложников
#SauverLesOtagesAze
#Փրկենքադրգերիներին
https://www.facebook.com/events/303922283130654/
Mənim deputat seçildiyim Tərtər rayonunun Qapanlı kəndində məcburi köçkün həyatı sürən Şahbaz Quliyevin ailəsi də daxil olmaqla bütün Azərbaycana iki azərbaycanlı girovun azad olunması xəbərini kaş ki, ilk dəfə məhz Sizin media çatdıra biləydi.
Kaş ki, girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də sağ olsunlar və bizim onları azad etmək üçün vaxtımız çatsın”.