Prezident səfiri qəbul etdi

Prezident səfiri qəbul etdi
  02 May 2013    Oxunub:1172
Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudun etimadnaməsini qəbul edib.

Səfir İkramullah Məhsud fəxri qarovul dəstəsinin qarşısından keçdi.

İkramullah Məhsud etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı.

Əməkdaşlığımızın müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığı iqtisadiyyatın bütün sahələrində də genişləndirmək üçün səyləri artırmağın zəruriliyini bildirdi.

Dövlətimizin başçısı Pakistan Prezidenti Asif Əli Zərdarinin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakını və əməkdaşlığımızın inkişafı ilə bağlı onunla apardığı müzakirələri məmnunluqla xatırladı.

Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləməsinin önəmini qeyd edən Prezident İlham Əliyev güclü tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu dedi.
Fövqəladə və səlahiyyətli səfir İkramullah Məhsud Pakistan Prezidenti Asif Əli Zərdarinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Prezident Asif Əli Zərdarinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzVision.az


Teqlər:





Xəbər lenti