`Haştaq müharibəsi`ndə təxribat cəhdi – TƏHLİL

`Haştaq müharibəsi`ndə təxribat cəhdi – TƏHLİL
  28 Oktyabr 2014    Oxunub:15907
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə keçirilən “Azərbaycanlı girovlara azadlıq” kampaniyası Ermənistanda və ölkə xaricindəki ermənipərəst qüvvələr arasında narahatçılığa səbəb olub.

‪#‎SaveAzeHostages‬, ‪#‎GirovlarimiziAzadEt‬, ‪#‎CпасемAzeЗаложников‬, ‪#‎SauverLesOtagesAze, ‬ ‪#‎Փրկենքադրգերիներին‬ haştaqlarında aparılan kampaniya çərçivəsində başladılan virtual flaşmob böyük rezonansa səbəb olub. Odur ki, ermənilər Azərbaycan əleyhinə anti-kampaniya başlayıblar.

Ötən gün ermənilər üzərlərində qanunsuz `məhkəmə` qurduqları Dilqəm Əsgərov və Şahbaz Quliyevi terrorçuylarmış kimi təqdim etmək məqsədilə twitterdə ‪#‎AzeSaboteurs haştaqı yaradıblar.

Vaşinqton Universitetinin professoru, keçmiş sovet ölkələrində rəqəmsal texnologiya vasitələrindən sosial və siyasi məqsədlər üçün istifadə üzrə araşdırmaçı Keyti Pirs isə bunu Azərbaycan və Ermənistan arasında “haştaq müharibəsi” kimi qələmə verib. Məsələ ilə bağlı internetdə xüsusi araşdırma aparan Pirsin budəfəki işi də qərəzli olub. Belə ki, əksər hallarda ermənipərəst mövqedən çıxış edən Pirs, Azərbaycan tərəfindən yaradılan haştaqların guya `fake` yəni saxta profillər tərəfindən paylaşıldığını iddia edir.


Keyt Pirs

Pirs, Twitter səhifəsində “onlar təxribatçı deyil, ermənilər tərəfindən doğma torpaqlarında əsir götürülüblər” yazaraq, #SaveAzeHostages haştaqını paylaşan azərbaycanlı istifadəçilərinin siyahısının fotosunu paylaşıb. Fotoda həmin adamların adlarını “qırmızılamaqla” onların profillərinin guya saxta olduğunu bildirib. Qeyd edək ki, həmin siyahıda Azərbaycanın millət vəkili Sahib Alıyevin də adı qeyd olunub.



Millət vəkili özü facebook profilində buna belə reaksiya verib:

- Bizim ermənilərə işləyən Leyla Yunus və onabənzərlərin sosial şəbəkədə iki kuratoru var- Rebecca Vincent və Katy Pearce. Bu iki xanım həmin bizdən olmayıb bizimki kimi görünənlərə ölkəmizi qaralamaq üçün tapşırıqlar verirlər, əmrə müntəzirlər onların istədiklərini dedikdən və yaxud da yazdıqdan sonra başlayırlar öz tapşırılaqını Azərbaycandan gələn səslər adıyla sosial şəbəkədə paylaşmağa. Və bu zaman onlara çoxlu sayda erməni də qoşulur ki, onların içərisində davamlı olaraq nəzərə çarpanlar Ani Vandaryanla Sedrak Mkrtçyandır. Hər şey yəni bu qədər bəsit və primitivdir.

Millət vəkilinin sözlərincə, verilən reaksiyalardan görünür ki, erməni girovluğundakı soydaşlarımızın buraxılması tələbilə başlatdığımız kampaniya erməni havadarlarını dəhşətə salıb. `Özlərininki saydıqları, at oynatdıqları meydanda onlara yerlərini göstərənlərin olduğunu görüb çaşıblar. Ona görə xanım Pearce başlayıb növbəti qarayaxmaya. O, bizim apardığımız kampaniyaya qoşulanların sayının şişirdildidiyini bildirir, bir çoxlarının, o sıradan mənim profilimin də saxta olduğunu deyir. Tutaq ki, bu doğrudan da belədir, adamdan soruşarlar ki, ay amerikalı nəmənə sənə nə? Amma soruşmuruq. Çünki ən azından mən bilirəm ki, Sahib Alıyev profilinin yiyəsi özüməm. Bilirsiniz, oğru hər kəsi oğru saydığı kimi saxta profillə işləmək təcrübəsi olan bu xanım da elə bilir biz də o cür çalışırıq.Yenə də bir halda ki, profilimin saxta olduğunu vurğulayır, onda mən də deyirəm, əgər Şahbaz Quliyevlə Dilqəm Əsgərov girov yox, ermənilərin təqdim etdikləri kimi diversant və beynəlxalq terrorçudurlarsa, onların getdiyi Kəlbəcər Azərbaycanın deyil, haylarındırsa, Rebecca Vincent və Katy Pearce kimilərin ölkəmiz haqda tənqidləri bizə canları yandıqlarına görədirsə, bəli, mənim profilim saxtadır. Yox, əgər mənim profilim saxta deyilsə, onda bildirirəm ki, bu gün Azərbaycanı tənqid edənlər ölkəmizin müstəqil siyasət yeritməsini, öz milli maraqlarını qabartmasını istəməyən məkrli qüvvələrin təmsilçiləridir, onlara çalışanlar isə öz adlarıyla çağırmalı olsaq şərəfsizlər və yaramazlardır`,- deyə Alıyev vurğulayıb.

Millət vəkilinin profilinin “fake” olmasını iddia etməyin özü absurddur; bununla yanaşı adları qeyd olunan digərlərinin də profillərinin saxta olmadığı məlum məsələdir. Pirsin gözündən bir məqam yayınıb. Sözügedən haştaqlar saxta profillərdən deyil, ayrı-ayrı fərdlər tərəfindən bir neçə dəfə paylaşılıb. Twitterdə isə buna heç bir qadağa yoxdur.

Yaxud, Pirs aksiyaya qoşulan gənclərin şəklini paylaşmaqla, özünü təkzib edir: Real şəklini sosial şəbəkəyə qoyan adam necə saxta ola bilər?



Ermənilərin növbəti təxribatının qurbanı olmaq istəməyərək öz soydaşlarının terrorçu kimi qələmə verilməsinə biganə qalmayan azərbaycanlıların özünümüdafiəsinə və ya Prsin dililə desək, “haştaq mübarizəsinə” başqa don geydirməyin özü bir təxribatdır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti