Can, ay Cen, yaxud, kürən diplomat Psaki

Can, ay Cen, yaxud, kürən diplomat Psaki
  29 Oktyabr 2014    Oxunub:7556
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki ənənəvi brifinqində bəyan edib ki, onların Kəlbəcər girovlarının məhkəməsindən xəbərləri yoxdur.

Əlbəttə, soruşmaq istərdik ki, bu, necə olur - ermənilərə işləyən əhəmiyyətsiz bir fiqurun həbsindən ABŞ-da nəinki xəbər tutur, hətta münasibət də bildirirlər, amma Kəlbəcər girovlarının haqqında heç bir xəbərləri yoxdur?

Amma kimdən soruşasan? Cen Psakidən? O Cen Psakidən ki, axmaqlığı və qərəzliyi bütün dünyada artıq siyasi lətifəyə çevirilib?!

“Amerika diplomatı” deyəndə ilk baxışdan adamın ağlına nəsə savadlı və ciddi bir şəxs gəlir. Cen Psaki fəlsəfə doktoru elmi dərəcəsinə baxmayaraq, bunun tam əksidir. Hətta onun adını google-də yazanda belə, axtarış sistemi “jen psaki stupid” (kütbeyin) variantını təklif edir. Və bu, heç də təsadüfi deyil.

36 yaşlı Cennifer Psaki Amerikanın özündə belə, lağlağı mövzusudur. Ənənəvi brifinqlərə gələn jurnalistlərin çoxu onunla məzələnməkdən ləzzət alırlar. Qınamalı deyil: Həştərxanın harada olduğunu bilməyən adam belə yüksək vəzifə tutursa, necə məzələnməyəsən axı? “Ukrayna sərhədləri yaxınlığında yerləşən Həştərxanda keçirilən hərbi təlimlər bizi narahat edir” sözlərindən sonra Rusiyanın boksçu-deputatı Nikolay Valuyevin ona xəritə bağışlaması, yəqin, yadınızdan çıxmayıb...

Ukraynadakı seçkidən danışanda Psaki orada “məntəqələrdə karusel tətbiq olunub” deyərkən, “Assoşieyted Press”in müxbiri Mett Li ilə aralarında belə bir dialoq olmuşdu. Li onunla konkret məzələnirdi.

Mett Li:
- Savadsızlığıma görə bağılayın, xanım Psaki, “seçki karuseli” nədir?

Cen Psaki:
- Boynuma almalıyam ki, bilmirəm. Mən, sadəcə əlimə verilən mətni oxuyuram. Həmkarlarımdan soruşub deyərəm.

Mett Li:
- Bayaq dediniz ki, seçkidə uşaqlar da səs veriblər. Bu karusel məntəqəyə gələn uşaqların minməsi üçün qurulmuşdu?

Cen Psaki:
- Məncə yox Mett... Onların nəsə başqa təyinatı olub...

Bu kürən qız, pardon, qadın (Cennifer keçən il ərə gedib, əri ilə necə tanış olmasının özü də bir ayrıca hekayədir) hər dəfə brifinq üçün tribunaya çıxanda təxminən belə hallar yaşanır.

“Əgər Belorusiya Ukraynaya qoşun göndərsə, ABŞ-ın 6-cı donanması Belorus sahillərinə yaxınlaşacaq ” – bu da Psakinin müdrik kəlamlarından daha biridir. Adam bilmir ki, Belorusun dənizə çıxışı yoxdur!

Bu “yüksək intellektli” kürən xanımın belə sarsaq fikirlərini toplasaq, böyük bir kitab yazmaq olar. Yəqin, çoxlarına maraqlıdır ki, necə olub, belə bir “civi” ABŞ diplomatiyasının simasına çevrilib?! Bəzi versiyalara görə, keçmiş dövlət katibi Con Kerri ilə yaxınlığına görə. Necə bir yaxınlıq?! Sormayın...



Psakinin bir müddət əvvəl taykeş çəkmə ilə brifinqə çıxması isə bir ayrı aləm idi...

İndi biz durub ondan Kəlbəcər qaçqınları haqqında nə soruşaq? Mən əminəm ki, Psaki nəinki Kəlbəcər, ümumiyyətlə, Qarabağ konflikti haqqında heç nə eşitməyib.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti