`Müasir Amerikada İslam: miflər və reallıqlar` simpoziumu keçirilib
Toplantının əsas müzakirə mövzusu ABŞ ictimaiyyətində İslam dini ilə bağlı formalaşmış süni rəy olmuşdur. Eyni zamanda simpoziumda ABŞ-da medianın dini məsələlərə mövcud münasibətinin vəziyyəti də müzakirə edilib. Tədbirdə qeyd olunub ki, 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ mətbuatının çoxunda İslam yalnış şəkildə - sülhpərvər olmayan din kimi təqdim olunur.
Simpoziumda ilk olaraq tədbir iştirakçılarına ABŞ mətbuatının İslam dinini ziddiyətli, qeyri-obyektiv şəkildə təqdim etməsinə dair maraqlı faktların əksini tapdığı film nümayiş olunub. Sonra tədbir iştirakçıları nümayiş olunan video haqqında, habelə hazırkı dövrdə ABŞ-da İslam haqında mövcud olan stereotiplər barədə fikirlərini bölüşüblər.
Toplantıda İslamın sülh, mərhəmət, dostluq dini olduğu bildirilib və islamafobiyaya qarşı mübarizənin vacibliyi vurğulanıb. Simpozium iştirakçıları qeyd edib ki, müəyyən neqativ hallardan sui-istifadə etməyə çalışan maraqlı dairələrin İslam dininə qarşı apardığı siyasət ABŞ cəmiyyətinin gələcəyi üçün ciddi təhlükə doğurur.
Toplantıda islamafobiyanın doğurduğu zərərdən bütün dinlərin nümayəndələrinin əziyyət çəkdiyi bildirilib və ABŞ ictimaiyyətində İslam dininə münasibətdə mövcud olan problemlərin aradan qaldırılmasının mexanizmləri müzakirə olunub.