Foqtsun yerinə xorvat məşqçi gəlir

Foqtsun yerinə xorvat məşqçi gəlir
  31 Oktyabr 2014    Oxunub:1969
Serbiyanın "Srvena Zvezda" klubunun keçmiş baş məşqçisi, Xorvatiya yığmasının sabiq oyunçusu Robert Prosineçki futbol üzrə Azərbaycan millisinə başçılıq edəcək.
Bu haqda Xorvatiya KİV-nə istinadən azerisport.com xəbər yayıb.

Xəbərə görə, Prosineçki oktyabrın 30-da Parisdə AFFA nümayəndələri ilə görüşüb və bir sıra türk klublarından gələn təkliflərə baxmayaraq Azərbaycan millisində işləməyə öz razılığını verib.

Bundan başqa, artıq çərşənbə axşamı Prosineçki AFFA ilə müqaviləni imzalayacağı və noyabrın 16-da Norveç millisinə qarşı oyunda Azərbaycan yığmasını görüşə çıxaracağı gözlənilir.

Qeyd edək ki, Prosineçki 1969-cu ildə Qərbi Almaniyanın Şvenningen şəhərində dünyaya gəlib. O, futbolçu karyerası ərzində Xorvatiyanın "Dinamo" (Zaqreb), "Draqovolyaç", "Zaqreb", Serbiyanın "Srvena Zvezda", İspaniyanın "Real", "Oviedo", "Barselona", "Sevilya", Belçikanın "Standart", İngiltərənin "Portsmut" və Sloveniyanın "Olimpiya" klublarında çıxış edib. Yuqoslaviya millisində 15 (4 qol), Xorvatiya yığmasında 49 (10 qol) oyun keçirib. Prosineçki futbolçu karyerası ərzində 13 kubok qazanıb.

45 yaşlı xorvat mütəxəssis məşqçiliyə Xorvatiya millisində başlayıb. O, 2010-2012-ci illərdə komandada məşqçi işləyib. Daha sonra isə Serbiyanın "Srvena Zvezda" və Türkiyənin "Kayserispor" klublarına başçılıq edib.




Teqlər:  





Xəbər lenti