Azərbaycanda "Quş qripi" aşkar olunmayıb

Azərbaycanda "Quş qripi" aşkar olunmayıb
  31 Oktyabr 2014    Oxunub:2081
Dövlət Baytarlıq Nəzarəti Xidməti "Quş qripi" ilə bağlı monitorinq keçirib.
Xəbər verdiyimiz kimi, oktyabrın 20-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 18 baş çöl quşunun, 5 baş ev quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1741 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

DBNX-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilmədiyini bildirib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb. Xatırladırıq ki, quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.

Quş qripi xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Nəzarəti Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcəkdir. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin noyabrın 17-də başlanması nəzərdə tutulur. Hal-hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

AzVision.az


Teqlər:





Xəbər lenti