Hollivud adlı bomba, yaxud, Amerikanın `kino diplomatiyası`

Hollivud adlı bomba, yaxud, Amerikanın `kino diplomatiyası`
  03 Noyabr 2014    Oxunub:8941
«Bu film müharibəni qazanmağa kömək olacaqmı»?
E.Davis (ABŞ rejissoru)


1930-cu ilin iqtisadi böhranı zamanı çoxları problemdən qaçmaq üçün yeni yaranan kinoteatra üz tuturdu. ABŞ prezidenti Franklin Delano Ruzveltin marağına səbəb olan bu fakt ABŞ hökumətini `film diplomatiyası`nın başlanmasına bir siqnal oldu.

II Dünya Müharibəsi zamanı Ruzveltin tapşırığı ilə Hemfri Boqart və İngrid Berqmanın iştirakı ilə 1942-ci ildə `Kasablanka` filmi çəkildi. Filmdə alman əsir düşərgəsindən qaçan bir qrup insan ABŞ-a pənah gətirir. Romantik səpgidə çəkilən filmin adının məhz `Kasablanka` olması heç də təsadüfü deyildi... 1943-cü ildə “Kasablanka” ekranlara çıxdı və həmin ildə də general Eyzenhauerin rəhbərliyi ilə ABŞ və Britaniya əsgərləri Şimali Afrikada almanları məğlub etdilər.

“Warner Brothers” studiyası Ruzvelti dəstəkləyən qüvvə idi. Bunun qarşılığında müharibə illərində Avropada ancaq onun filmlərinin yayımlanmasına icazə verilmişdi. Yaponiyanın Perl Harbora hücumundan sonra Amerikanın hərbi gücünü nümayiş etdirən çoxlu filmlər çəkilməyə başlanıldı. İngiltərədə də komediya janrında antifaşist filmləri gündəmə gəldi və 1944-45-ci illərdə geniş vüsət aldı.

Həmin dövrdən başlayaraq ABŞ siyasətində “Film Diplomatiyası” adlanan istiqamət formalaşdı. Bu diplomatiya öz effektini bu gün də göstərməkdədir və ABŞ-ın film sənayesinin beynəlxalq münasibətlərə təsiri çox böyükdür.

II Dünya Müharibəsi dönəmində Yaponiya və Almaniya “film diplomatiyası”nın əsas hədəfi olmuşdu, daha sonra isə SSRİ əleyhinə antikommunizm ruhlu filmlər çəkilməyə başlanıldı.

II Dünya Müharibəsindən sonra Amerika Avropa dövlətlərinə “Marşall planı” (1948-52) çərçivəsində maliyyə yardımı ayıranda, bunun qarşlığında irəli sürülən şərtlərdən biri də Amerika filmlərinin Avropada yayımlanması idi. İlk olaraq 3 gün ərzində 17 Amerika filmi nümayiş olunub, ümumilikdə isə 513 film göstərilməli idi, bəzi mənbələrə görə isə 800 film nəzərdə tutulmuşdu.

Marşall planı çərçivəsində Avropada kommunizm əleyhinə də çoxlu filmlər göstərilib. 1948-ci ildə İtaliyada kommunistlər çox güclü nüfuza sahib olanda ABŞ Marşall planı vasitəsiilə həmin ölkəyə antikommunizm məfkurəli filmlər yollayırdı. Tərəflər İtaliyada açıq-aydın ciddi təbliğat mexanizmini işə salmışdılar. Marşall planı vasitəsi ilə nümayiş olunan filmlərin ideologiyasına görə, sakit həyat, gözəl ailə, normal evə sahib olmaq, işləmək, təhsil almaq üçün liberal dəyərlər, kapitalizm lazımdır. Təbliğatın nəticəsində avropalılar başa düşdülər ki, bütün bunları kommunizm sadəcə sözdə verə bilər, liberalizm isə realda.

“Marşall planı” filmləri konkret olaraq ölkələr üzrə bölünürdü: Almaniya, Türkiyə, Fransa, Danimarka, İslandiya, İtaliya, İngiltərə və s. Bir ölkədə göstərilən film digər ölkədə nümayiş olunmurdu, yəni hər bir filmin aid olduğu ölkə var idi.

Prezident Harri Trumanın dönəmində hətta Amerika film sektoru “kovboy” filmlərində belə, sətiraltı olaraq antikommunizmi təbliğ edirdi. Kovboylar Amerikan cəmiyyəti, qızıl dərililər isə “Qızıl ordu”ya işarə sayılırdı. Qızıl dərililər (Qızıl ordu) Amerika cəmiyyəti üçün böyük təhlükə kimi göstərilirdi.

`Soyuq Müharibə` dönəmində ABŞ-ın film diplomatiyası yavaş-yavaş özünün pik nöqtəsinə çatdı. Amerika SSRİ ilə olan diplomatik, siyasi və iqtisadi rəqabəti filmlərin vasitəsi ilə bütün dünyada tamaşaçının beyninə yeridirdu. Bu zaman SSRİ mənfi, düşmən və şər qüvvə kimi təqdim olunurdu.

Tədricən Amerika siyasətində `Ağ Ev filmləri` - “White House Films” termini yarandı. Bu anlayış ABŞ-ın milli maraqlarına, hökumətin nüfuzuna, ABŞ-ın beynəlxalq siyasi mövqeyinə xidmət edən xüsusi filmləri əhatə edirdi. Müasir dövrdə həmin filmlərə ən yaxşı misallar kimi “Qara şahinin vurulması” (Black Hawk Down), “Oskar”a layiq görülmüş “Fırtınanın hökmdarı” (The Hurt Locker), “Argo” filmlərini qeyd etmək olar.

II Dünya Müharibəsindən sonra Amerika əsgəri dünyanın xilaskarı kimi təqdim olunmağa başlanıldı, nəticədə millətçi idealizmin inkişafına təkan verildi. Əksər Amerika filmlərinin qəhrəmanı hərbişi tiplər idilər. Bununla ABŞ-ın milli təhlükəsizliyi məsələsində hərbi qüvvənin başlıca komponent olduğu ictimai şüura yeridilirdi. Reyqan dönəmində ABŞ filimlərində 4 düşmən obrazı təbliğ olunurdu: ruslar, vyetnamlılar, yaponlar və almanlar. Bu filmlər militarist Amerika sevgisini aşılayırdı.

Amerikalı politoloq Jozef Nay (Joseph S.Nye) gücün 3 formasının olduğunu hesab edir: mədəniyyət, siyasi ideologiya və diplomatiya; Mədəniyyət “yumşaq güc” (soft power) olmaqla, daha effektli sayılır. Bu yumşaq güc “film diplomatiyası” vasitəsilə çox rahat həyata keçirilirdi, filmlər beynəlxalq münasibətlərə ABŞ siyasətinin toxumunu səpirdi.

Heç kəs Hollivudun dünyadakı təsirini inkar edə bilməz. Kino insan həyatının ayrılmaz hissəsidir. Hər yerdə ABŞ filmləri Amerika həyat tərzini, mədəniyyətini və təfəkkürünü təbliğ edir və beləcə, dünya istəmədən ABŞ-ın uğurlu “film diplomatiyası”nın obyektinə çevrilir. ABŞ “film dipomatiyası” ilə amerikansayağı qloballaşmanı təbliğ edib. Nəticədə bütün dünya Amerikanın “Yumşaq güc”ü vasitəsi ilə mədəni əsirə çevrilərək, hələ də amerikanlaşmaqdadır.

Hər il ABŞ-da müxtəlif filmlərin “Oskar” mükafatı üzrə təqdimatı keçirilir. İranın nüvə probleminin gündəmdə olduğu dövrdə həmin ölkənin rejissoru Əsgər Fərhadinin “Ayrılıq” filimi gözlənilmədən Oskar mükafatına layiq görüldü. “Ayrılıq” əslində çox primitiv filmdir və bir ailənin boşanmasından bəhs edir. İranda olan sosial təbəqələşmə, varlı-kasıb münasibətləri, təhlükəsizlik orqanlarında sorğulamanın necə olduğu, insan hüquqlarının necə qorunduğu, kişi-qadın münasibətləri və ən əsası, İranın dəyərlər sistemi filmdə əks olunub. Bu film Qərbdə və Amerikada yaradılmış “Şər qüvvə - İran” obrazını yox edirdi.

Elə isə niyə Amerika bu İran filmini Oskara layiq gördü? ABŞ bununla İrana qarşı olan mənfi obrazı dəyişməyə çalışırdı, çünki milli maraqlar baxımından İrana baxış bucağını dəyişməsi prosesi başlayıb. Amerika İranın nüvə probleminə getdikcə konstruktiv yanaşmağa çalışır, bu addım Tehranın ABŞ-ın müttəfiqinə çevirilməsinə gətirib çıxaracaq. Beləcə, ABŞ “film diplomatiyası” ilə İran məsələsində ilk addımı atdı. Amerika məhz İranlı rejissorun mərasimdəki nitqi vasitəsilə dünyaya bildirdi ki, “İran bizim düşmənimiz deyil və biz əməkdaşlıq edə bilərik”.

Son vaxtlarda Amerika filmlərində əsas düşmən terrorçu ərəblər olurdu. Şvartsnegerin çəkildiyi “Həqiqi yalanlar” (Tru Lies) filminin qəhrəmanı Amerikanı bir qrup ərəb terrorçudan xilas edir. Denzel Vaşinqton “Mühasirə” (The Siege) filmində Nyu-Yorku ərəb terrorçulardan xilas edir. Leonardo Di Kaprionun baş rola çəkildiyi “Yalanların cəmi” (Body of Lies) filmində ərəb ölkələri ən təhlükəli yer kimi göstərilir. 2010-cu ildə təqdim olunan “Yaşıl zona” (Green Zone) filmində hadisələr İraqda cərəyan edir, burada ABŞ-ın İraqda öz maraqları üçün yox, bölgə xalqının azadlığı üçün döyüşdüyü mesajı verilir. “Qara Şahinin vurulması” (Black Howk Down) adlı film Somalidə vurulan ABŞ helikopterindən bəhs edir, filmin əsas xətti bu ideyaya söykənir: “Biz yerli xalqın müstəqilliyi üçün buradayıq”. 2003-cü ildə göstərilən “Günəşin göz yaşları” filmində “Amerika dünyanın hər yerində əziyyət çəkən insanların köməkçisi, xilaskarıdır” ideyası duyulur.

Amerikanın film sektoru bütün yaşda olan insanları nəzərə alır. Balacalar üçün “Tom və Ceri”, “Baqs Banni” kimi çoxseriyalı cizgi filmləri Amerika mədəniyyətini təbliğ edir, birbaşa hər bir ailəyə ixrac olunur. Yeniyetmələrə “Batman”, “Superman”, “Spiderman” kimi filmlər Amerika mədəniyyətini sevdirir. Tanınmış “Simpsonlar” cizgi filmi hər bir əcnəbi ailəyə Amerika mədəniyyətini, dəyərlərini, kişi-qadın, uşaq münasibətlərini, bir ailənin hansı haqlara sahib olduğunu göstərir, buna baxanlar asanlıqla Amerika mədəniyyətinin daşıyıcısına çevrilirlər. Nəticədə qloballaşmada öz milli dəyərlərini itirib, yad mədəniyyətin əsirinə çevrilirlər.

Fərrux Həsənov



Teqlər:  





Xəbər lenti