Mehriban Əliyeva “Olimpiya kəndi” ilə tanış olub

Mehriban Əliyeva “Olimpiya kəndi” ilə tanış olub
  04 May 2013    Oxunub:1980
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mayın 3-də "Olimpiya kəndi"ndə aparılan hazırlıq işləri ilə tanış olub.
Bakının Nizami rayonunda yerləşən, birinci Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq "Olimpiya kəndi" 382 min 397 kvadratmetr sahəni əhatə edir.

Olimpiya kəndi Avropa Oyunlarının keçiriləcəyi əsas idman komplekslərinə - Olimpiya Stadionuna, Su İdmanı Növləri Mərkəzinə, Gimnastika Kompleksinə və Hava Limanına yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir.

On üç yaşayış binası, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dörd otaqlı 1161 mənzil var. Burada, həmçinin elektrik yarımstansiyaları, qazanxana, yeraltı su anbarı, nasosxana, hər binanın maşın parkı mövcuddur. Kompleksdə 3520 otaqdan əlavə 42 min sahəni əhatə edən dupleks evlərin salınması üçün də hazırlıq işləri görülüb.

Ərazidəki 1100 şagird yerlik yeni məktəb binası isə Bakı Avropa Oyunları Koordinasiya Komitəsinin fəaliyyəti üçün ayrılıb.
Xanım Mehriban Əliyevaya məlumat verildi ki, Koordinasiya Komitəsinin fəaliyyəti, burada çalışan yerli və beynəlxalq ekspertlər üçün bütün lazımi şərait yaradılıb. Binada müxtəlif toplantıların keçirilməsi üçün böyük və kiçik zallar, müxtəlif kabinələr var. Kompleksdə voleybol, basketbol meydançaları yaradılmışdır, qapalı üzgüçülük hovuzu, trenajor zalı inşa olunur. Həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin fəaliyyəti də nəzərə alınıb. Bütünlükdə kompleksdəki hazırlıq işləri 2014-cü ilin sonunadək başa çatdırılacaq.

Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva yarışlar zamanı ölkəmizə gələcək idmançıların və nümayəndə heyətlərinin qalması üçün hazırlanan mənzillərdəki şəraitlə tanış oldu.

Görülən işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva tövsiyələrini verdi.


Teqlər:





Xəbər lenti