4 gün qaldı... - Dövlət qurumundan `isti` vəd

4 gün qaldı... - Dövlət qurumundan `isti` vəd
  11 Noyabr 2014    Oxunub:2046
““Azəristiliktəchizat” ASC hər il qış vaxtına noyabrın 15-də keçir, bu tarixdən binalara istilik verilməyə başlayır”.
Bunu AzVision.az-a açıqlamasında ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev deyib. Qurum rəsmisi bildirib ki, dörd gündən sonra evlərə və dövlət əhəmiyyətli obyektlərə istilik verilməsinə başlanacaq:

“Həyata keçirilmiş tədbirlər nəticəsində “Azəristiliktəchizat” ASC tərəfindən növbəti payız-qış mövsümündə 539 qazanxana və 115 istilik məntəqəsinin fasiləsiz və etibarlı iş rejimi təmin ediləcəkdir ki, onların da vasitəsilə 2014/2015-ci illər payız-qış mövsümündə 3500 yaşayış binasının, 281 məktəbin, 155 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin və 431-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub”.

R.Əliyevin sözlərinə görə, bundan başqa sakinlər tərəfindən müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə ASC tərəfindən 956 saylı “Qaynar xətt” istifadəyə verilib:

“Bununla sakinlərin ərizə və şikayətlərinin qısa müddət ərzində araşdırılaraq istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin olunmasına şərait yaradacaq. Eyni zamanda “Azəristiliktəchizat” ASC-nin azeristilik.gov.az saytı fəaliyyətə başlamışdır ki, bu sayt vasitəsilə də vətəndaşlar elektron ərizə ilə müraciət edərək onları maraqlandıran suallara operativ cavab ala bilərlər. Sakinlər tərəfindən istilik haqlarının ödənilməsinin asanlaşdırılması məqsədi ilə bütün abonentlər kodlaşdırılaraq Azərbaycan Respublikası Mərkəzi Bankının kütləvi ödənişlərin mərkəzləşdirilmiş idarə sistemi olan hökumət ödəniş portalına qoşulub”.

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC ölkənin müxtəlif dövlət obyektlərinin, binaların istilik sistemi ilə təchizat vəziyyətinin yaxşılaşdırılması üçün 2005-ci il Nazirlər Kabinetinin sərəncamı ilə yaradılıb. 2006-2013-cü illərdə dövlət büdcəsindən bu quruma 110 milyon manat ayrılıb. 2013-cü il üçün bu quruma 25 milyon manat vəsait yönəlib. Onun -10,3 milyonu Bakı şəhərində qazanxanalarda, yaşayış evlərində və sosial obyektlərdə istilik təchizatı sistemlərinin təmir-bərpasına, 10 milyon manatı isə "2011-2013-cü illərdə Bakı və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş təchizatın yaxşılaşdırılması tədbirlərinə, 4,7 milyon manatı Xətai rayonu, Əhmədli yaşayış məntəqələrində 10 ədəd istilik paylayıcı məntəqələrin yenidən qurularaq məhəllə qazanxanalarına çevrilməsinə xərclənib. Bütün bu işlərlə bərabər ölkənin əksər şəhərlərinin binalarında tam olaraq istilik sistemi qurğuları yoxdur.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti