“Xəstəlik yenidən qayıda bilər” - Nazirlik

“Xəstəlik yenidən qayıda bilər” - Nazirlik
  15 Noyabr 2014    Oxunub:2501
“Son bir həftə ərzində “Nodulyar Dermatit” xəstəliyinə yeni yoluxan heyvan qeydə alınmayıb”.
Bunu AzVision.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. DBX-nin rəsmisi bildirib ki, hazırda 172 baş heyvan adı çəkilən xəstəliklə bağlı müalicə olunur:

“Amma bu o demək deyil ki, xəstəlik tam olaraq bitib. Belə ki, bu xəstəlik hər zaman yenidən qeydə alına bilər. Havalar tam soyuyandan sonra bu xəstəlik tam öləcək. Çünki bu xəstəliyin daşıyıcısı olan həşəratlar hələki qalırlar. Onlar qışlamaq dövrünə keçəndən sonra xəstəlik tam sönə bilər”.

Y.Xanvəli qeyd edib ki, Dövlət Baytarlıq Xidmətinin əməkdaşları proflaktiki tədbirləri, dezinfeksiya işlərini və sintomatik müalicəni davam etdirir:

“Xəstəlik başlayandan bu günə qədər 5178 baş heyvan “Nodulyar Dermatit” xəstəliyinə yoluxub. Onlardan 4812 baş heyvan müalicə olunub. 172 baş heyvanın müalicəsi isə hal-hazırda davam etdirilir. Xəstəlik baş verəndən bu günə kimi 255 baş heyvan “Nodulyar Dermatit” və yanaşı baş verən xəstəliklərdən həlak olublar”.

Xatırladaq ki, “Nodulyar Dermatit” xəstəliyi bu ilin avqust ayının sonlarından başlayaraq Azərbaycanın bir neçə rayonunda heyvanlar arasında yayılıb. Bu xəstəlikdən sonra rayonlarda fəaliyyət göstərən bəzi heyvan bazarlarının fəaliyyəti dayandırılıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti