TƏHLÜKƏ: Azərbaycanda narkomanların sayı artır

TƏHLÜKƏ: Azərbaycanda narkomanların sayı artır
  17 Noyabr 2014    Oxunub:4459
Son 10 ildə dünyada narkotik istehsalı 78 faiz artıb. 2011-ci ildən başlayaraq qanunsuz narkotik istehsalının və narkomanların sayında artım müşahidə olunur. BMT-nin hesabatlarına görə, hazırda dünyada təqribən 250 milyon insan narkotiklərdən əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin 5 faizi deməkdir.

Həyəcan doğuran odur ki, bu sahədə görülən böyük işlərə baxmayaraq, Azərbaycanda da narkotikdən istifadə meylləri artıb və xüsusən gənclər arasında bu, özünü daha qabarıq göstərir.

Rəsmi statistikaya görə, son beş ildə narkotikdən istifadə üzrə yaş senzi 30-dan 17-yə düşüb. Regionlarda, xüsusən cənub regionunda hətta 14-15 yaşında yeniyetmələrin də narkotikdən istifadə etmə hallarına rast gəlinir. 2011-ci ildə ölkədə qeydiyyata alınmış narkomanların ümumi sayı 26 717 nəfərə çatıb. Narkomanların 60 faizindən çoxu isə gənclərdir.

Narkotikdən istifadənin qarşısını almaq hazırda bəşəriyyətin əsas problemlərindən biri olaraq qalır. Belə ki, dünya ölkələrinin bir çox tanınmış simaları narkotikdə istifadə etdiyi üçün dünyasını dəyişib.

İşğal olunmuş Azərbaycan əraziləri narkotranzit kimi istifadə olunur.

Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğal edən düşmən tərəfi, həmin ərazilərdən qanunsuz narkotiklərin dövriyyəsi üçün istifadə edir. Bu hər zaman ölkəmizin beynəlxalq hesabatlarında göstərilib. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20% ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistanın silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropaya, o cümlədən Qara Dəniz hövzəsi ölkələrinə, habelə digər dövlətlərə güclü narkotik axını həyata keçirilir. Sübuta yetirilib ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması üçün istifadə olunur. Azərbaycan hüquq-mühafizə orqanlarının əməliyyat məlumatlarına görə, Dağlıq Qarabağ və onun ətrafında işğal edilmiş ərazilərdə onlarla narkotik laboratoriyaları fəaliyyət göstərir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyası”na, “Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası”na, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyası”na qoşulub, narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər bağlayıb, memorandumlar imzalanıb, bu sahədəki fəaliyyəti tənzimləyən zəruri qanunvericilik bazası yaradılıb.


Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin təşkilati metodoki işlər üzrə direktor müavini Aytən Səmədova AzVision.az-a açıqlamasında bildirib ki, bu il tamam olmadığı üçün yeni statistik rəqəmləri yalnız ilin sonunda deyə bilərlər.

A.Səmədova ötən ilin statistik məlumatına gəlincə bildirib ki, 2013-cü ildə narkomanların ümumi sayı 28376 nəfər olub:

“Onların 22 min 533 nəfəri dispanserin qeydiyyatında, 5843 nəfəri profilaktik qeydiyyatdadır, 756 nəfəri isə anonimdir. Ümumilikdə, 539 nəfər qadın narkotik aludəçisidir”.

Direktor müavini qeyd edib ki, narkomaniya daha çox orta yaş nəsli arasında müşahidə olunur:

“Azərbaycanda əvvəlki illərlə müqayisədə narkotik maddə aludəçilərinin sayı artıb. Sayını açıqladığımız şəxslərdən 15-17 yaşlarında 4 nəfər, 18-24 yaşlarında 1344, 25-29 yaşlarında 3893, 30-34 yaşlarında 4147, 35-39 yaşlarında 4296, 40-44 yaşlarında 3415, 45-49 yaşlarında 3023, 50-54 yaşlarında 2531, 55-59 yaşlarında 2227, 60-64 yaşlarında 2014, 65 və yuxarı yaşlarda isə 1482 nəfər narkoman var. İnyeksion narkotik istifadəçilərinin sayı 20 004 nəfər təşkil edir. Onların 393 nəfəri qadındır”.

DİN ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 135 nəfərdən ibarət 54 cinayətkar qrup zərərsizləşdirib.

Daxili İşlər Nazirliyinin 2013-cü il ilə bağlı statistikasına nəzər saldıqda görürür ki, narkotiklərlə əlaqədar 2577 (+5,1%), o cümlədən satış məqsədilə 677 (-5%) cinayət aşkar edilərək qeyri-leqal dövriyyədən 619 (+23) kq narkotik vasitə çıxarılıb, ümumi çəkisi təxminən 302 (-11) ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 135 nəfərdən ibarət 54 cinayətkar qrup zərərsizləşdirilib, 65,1 (+10,2) kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Bu növ cinayət törətmiş 2131 nəfərdən 1921 (90,1%-i) işləməyən və oxumayan, 609 (28,6%) əvvəllər cinayət törətmiş şəxslər, 516 (24,2%) gənclər, 51 (2,4%) qadınlar 0 təşkil edib.

2014-cü ilin birinci yarımilinə nəzər saldıqda, Daxili İşlər Nazirliyinin narkotiklərlə əlaqədar 1743 cinayət, o cümlədən satışı ilə bağlı 449 fakt fakt müəyyən edilib, 90 nəfərdən ibarət 27 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 373 kiloqrama yaxın narkotik vasitə çıxarılıb. Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1252 nəfərdən 1150-i (91,9%) əmək qabiliyyətli işləməyən və oxumayan, 353-ü (28,2%) əvvəllər cinayət törətmiş şəxs, 32-i (2,6%) qadınlardar. Ötən il narkotiklə əlaqəli qadın saxlanılmasa da, bu ilin birinci yarısında onların sayının 32 nəfər olduğu müşahidə olunur.

Son illər Azərbaycanda narkomanların sayı artır

Dövlət Statistika Komitəsinin məlumatına görə, əgər 2000-ci ildə Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan narkomanların sayı 14010 nəfər olubsa, 10 il sonra – 2010-cu ildə bu göstərici 24875 nəfərə çatıb. Fikir verirsinizsə, 10 il ərzində rəsmi qeydiyyata düşən narkomanların sayı 10 min nəfər artıb. Hazırda həmin rəqəm 26 mini ötüb. Amma bu, rəsmi qeydiyyata alınan narkomanların sayıdır. Qeyri-rəsmi rəqəmlər isə Azərbaycanda göstərilən rəqəmdən bir neçə dəfə çox narkoman olduğunu deyir.

Ötən il dövriyyədən çıxarılan narkotiklərin həcmi 1 milyondan yuxarıdır.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2013-cü il üçün olan hesabatında müxtəlif narkotik vasitələrdən nə qədərinin dövriyyədən çıxarılmasını göstərib. Belə ki, 2013-üi ildə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı (qramla) aşağıdakı kimidir:

Heroin-100.766,378, tiryək-170.277,005, kokain-198,567, həşiş-379.396,055, marixuana-476.375,54-, metamfetamin-303,9, metadon-98,2, həblər-0, digərləri-412,437, xaş-xaş samanı-0. Bütün narkotik vasitələrin cəmi cəmi-1.182.010,895, yaşıl kütlə isə 326 ton 905 kq-dır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti