Prezidentin vəzifə verdiyi Taleh Ziyadov kimdir?

AzVision.az mövzunun aktuallığını nəzərə alaraq yenidən T.Ziyadovun tərcümeyi-halını oxuculara təqdim edir:
T. Ziyadov magistr elmi dərəcəsinə ABŞ-ın Corctaun Universitetində, fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə isə Böyük Britaniyanın Kembric Universitetində müdafiə edərək yiyələnib.
T. Ziyadov nəqliyyat, logistika və enerji məsələləri üzrə ixtisaslaşıb. 2008-ci ildən başlayaraq Ziyadov bir çox yerli özəl və dövlət şirkətlərinə, o cümlədən beynəlxalq qurumlara Azərbaycan və Mərkəzi Asiyada nəqliyyat və logistika məsələləri üzrə məsləhətlər verib və mühazirələr keçib.
2009-cu ilin əvvəlindən T. Ziyadov “ADA" Universiteti (keçmiş Azərbaycan Diplomatik Akademiyası) tərəfindən dəstəklənən “Azərbaycan Mərkəzi Avrasiyada Regional Mərkəz kimi” adlı tədqiqat layihəsinin aparıcı tədqiqatçısı olub. Bu tədqiqatın nəticəsi olaraq 2012-ci ildə müəllifi olduğu “Azərbaycan Mərkəzi Avrasiyada Regional Mərkəz kimi” adlı kitabı çap olunub. Kitabda Çin Xalq Respublikası və Hindistandan Avropaya uzanan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, o cümlədən Avrasiya ticarət və nəqliyyat şəbəkələrinin strateji analizi, Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri və Azərbaycanın gələcəkdə "regional mərkəz"-ə çevrilməsi baxışı öz əksini tapıb.
T. Ziyadov bir çox elmi-analitik yazıların və məqalələrin müəllifidir. Eyni zamanda ABŞ-ın Pensilvaniya Universiteti Nəşriyyatı tərəfindən çap olan "Beyond the Resource Curse" adlı kitabın redaktorlarından biridir. Adıçəkilən kitabda neft və qaz ixracı ilə məşğul olan dövlətlərin qarşılaşdıqları çətinliklər və onların həlli yolları şərh olunub.
T.Ziyadov daha əvvəl ABŞ-ın Vaşinqton şəhərində yerləşən “ABŞ-Azərbaycan Ticarət Palatasının” icraçı direktorunun müavini və ADA Universitetində dekan müavini və Baş elmi işçi vəzifələrində çalışıb.
AzVision.az