“Məni bəyənib kinoya çəkmirlər...” – Tanınmış aktrisa

“Məni bəyənib kinoya çəkmirlər...” – Tanınmış aktrisa
  18 Noyabr 2014    Oxunub:3044
“Xəstə oğluma və nəvələrimə prezident təqaüdü ilə baxıram”
AzVision.az əməkdar artist, hazırda təqaüddə olan aktrisa Lətifə Əliyeva ilə əlaqə saxlayıb səhhəti ilə maraqlanıb. Əməkdar artist saytımıza bildirib ki, əsəbləri bir az gərgin olsa da ümumi səhhətində elə də ciddi problem yoxdur.

“Hazırda evdəyəm, 70 yaşlı insan özünü necə hiss edərsə, mən də eləyəm. Bütün yaşlılar kimi yaşayıram. Yemək bişirirəm, ev-eşiyi yığışdırıram. Xəstə oğluma baxıram. Bir sözlə aktrisa Lətifə Əliyeva gedib, yerinə evdar qadın Lətifə gəlib. Teatrla da çox az əlaqə saxlayıram. Arada bir gedib tamaşalardakı köhnə rollarımı oynayıram”.

Xanım aktrisa ümumi vəziyyətindən razı olsa da, həyatında narazı qaldığı məqamların olduğundan şikayətlənib:

“İndi siz mənə zəng etmisiniz, oğlum baxıb gülür ki, ay ana, səni də yada salırlar. Düz deyir də, nə olsun ki, yaşlanmışam, təqaüdə çıxmışam. Heç kim arayıb axtarmır, məni kinolara çəkmirlər. Halbuki, ömrümün 50 ildən çoxunu bu sənətə həsr etmişəm. 70 Yaşım var, hələ də əməkdar artist adını daşıyıram. Xalq artisti adı verməyiblər. Axı, kinomuza mənim yaşımda olan aktrisa da lazımdır. Daha sənətə lazım olmamaq mənə çox pis təsir edir.

Üstəlik də oğlum xəstədir. Kəlbəcərdə döyüşüb, veterandır. İş qabiliyyəti yoxdur ona və iki qız nəvəmə prezident təqaüdü ilə mən baxıram. Həm kinoya, seriala dəvət olunmamaq, həm də evdəki bu vəziyyət, çiynimdəki məsuliyyət əsəblərimi gərginləşdirir. Kaş ki, oğlum belə olmazdı, özü işləyərdi, mən də oğul çörəyi yeyərdim. Mənim arzum bu idi, niyə Allah məni belə etdi”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti