Ermənistanda müxalifətçilərin maşınları yandırıldı

Ermənistanda müxalifətçilərin maşınları yandırıldı
  01 Dekabr 2014    Oxunub:1996
Son günlər İrəvanda müxalifətçilərə və ictimai fəallara məxsus 6 avtomobil yandırılıb. 7-ci cəhdsə baş tutmayıb.
"Azadlıq" radiosunun Ermənistan xidməti xəbər verir ki, biri istisna olmaqla maşınların hamısı “Predparlament” hərəkatının üzvlərinə məxsusdur.

Onlar etiraz əlaməti olaraq polis idarəsinin binası qarşısına toplaşıblar.

Maşını yandırılan Vartan Akopyan deyir ki, bu, cinayətkar qrupun əməlidir, qrup bütün hallarda hadisə yerində eyni iz qoyub: “Əksər hallarda arxa təkərə maye töküb yandırıblar. Yalnız Karo Engikyanın maşınına qabaq təkərdən od vurmağa çalışıblar.

Özü də maşınlardan biri Milli Təhlükəsizlik Nazirliyinin binası qarşısında dayanıbmış. Digər bir maşın isə polisin mərkəzi idarəsi qarşısında tamamilə yanıb. Qalan maşınlar həyətlərdə yandırılıb”.

Yandırılan avtomobillərin 6-nın şüşəsinə “Predparlament”in emblemi və “Rejimsiz yüzillik” şüarı yazılıbmış.

Həmin maşınlar 1 həftə qabaq Yerevanda keçirilmiş “Rejimsiz yüzillik" avtoyürüşü adlı aksiyaya qatılıbmış. 7-ci maşın isə nəqliyyatda gediş haqqının bahalaşmasına etiraz etmiş Karen Arutyunyana məxsus idi. İlk dəfə deyil ki, onun maşınına xətər toxundurmağa cəh edirlər. Ötən il naməlum şəxslər onun həyətdə saxladığı maşının qabaq şüşəsini sındırmışdılar.

Akopyan deyib ki, arxa təkər ona görə yandırılıb ki, benzin çəni, yaxud qaz balonu partlayıb alovlansın və maşın tamamilə yansın.

Bütün insidentlər səhər saat 4-5 arası baş verib.

Akopyan deyib ki, Ermənistan “xan rejiminin total nəzarəti altındadır”. Onun sözlərinə görə, bu hadisələri hansısa fərdi şəxslərin törətdiyini istisna edirlər: “Bunun təşkilatçısı kriminal elementlərlə çulğaşmış rejimdir”.

Müxalifətçilər iddia edirlər ki, polisin, xüsusi xidmət orqanlarının xəbəri olmadan kimsə belə cinayətləri törədə bilməzdi, çünki yalnız onlar maşın sahiblərinin harada yaşadıqlarını dəqiqliklə bilirlər.

Zərərçəkənlər polisə müraciət etsələr də hələ ki, cinayət işi qaldırılmayıb. Hüquq-mühafizə orqanları insidentləri araşdırdıqlarını deyirlər.

Polisin sözçüsü bildirib ki, sözügedən hadisələr polis idarəsinin rəhbərinin şəxsi nəzarətindədir və yəqin ki yaxın günlərdə araşdırmanın nəticələri bilinəcək.

Müxalifətçilərsə deyirlər ki, bu, sadəcə rejimin üsyana qalxmış vətəndaşı qorxutmaq cəhdidir.

“Maşınlardan biri polis idarəsinin qarşısında yanıb. Necə oldu ki, növbətçilər maşının yandığını görmədilər?” - deyə onlar sual edirlər.


Teqlər:





Xəbər lenti