SOCAR Gürcüstanda qiyməti saldı: bəs, bizdə? – TƏHLİL

SOCAR Gürcüstanda qiyməti saldı: bəs, bizdə? – TƏHLİL
  01 Dekabr 2014    Oxunub:2780
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Gürcüstanda satdığı benzinin qiymətini növbəti dəfə aşağı salıb. Başqa sözlə desək, onun törəmə şirkəti olan “SOCAR Georgia Petrolium” Gürcüstandakı yanacaqdoldurma məntəqələrində benzinin qiymətini yenidən azaldaraq 2-3 tetri, yəni 0,9 - 1,3 qəpik ucuzlaşdırılıb.

Şirkətdə bunu dünya bazarlarında neftin ucuzlaşması ilə izah ediblər. SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələrində benzinin qiyməti bununla da indiyədək ən aşağı həddə düşüb. Qeyd edək ki, hazırda bu ölkədə SOCAR-ın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti 2 laridən - 2,15 lari, yəni 86,3 - 92,8 qəpik aralığında satılır. Xatırladaq ki, son 3 ayda SOCAR bununla üçüncü dəfədir ki, benzinin qiymətini aşağı salır.

Bəs, bu, Azərbaycanda niyə müşahidə edilmir?

Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Azərbaycanda Aİ-95 “Premium” markalı benzinin satış dəyərinin bu ilin oktyabrın 1-dən 2 qəpik enməsi ciddi ucuzlaşma sayılmasa da, ölkəmizdə neft məhsullarının pərakəndə satış tariflərinin ilk dəfə məhz üzü aşağıya doğru dəyişməsi baxımından, mühüm hadisə oldu. Ona görə ki, bizdə buna kimi heç bir növ neft məhsulu 1 qəpik də olsa belə, ucuzlaşmamışdı. Yanacaq məhsullarının qiymətlərinin sonuncu dəfə keçən ilin dekabrın 3-dən Tarif Şurasının qərarı ilə 25-33 faiz yüksəldilməsindən və bundan əvvəlsə 6 il öncə - 2007-ci ilin yanvarında bahalaşdırılmasından ötən dövr ərzində heç bir ucuzlaşma baş verməmişdi.

Düzdür, ölkəmizdə bütün növ enerji daşıyıcılarının qiymətlərinə Tarif Şurası nəzarət edir. İkincisi də, məhz bu ilin əvvəlindən ancaq Aİ-95 ilə Aİ-98 markalı benzin markalarının qiymətləri sərbəst buraxıldığından bu və ya digər qiymət dəyişikliyindən əslində, söhbət də belə gedə bilməzdi.

“SOCAR Georgia Petroleum” şirkəti keçən il Gürcüstanda ən böyük vergi ödəyicisi olub. 2013-cü ildə şirkət tərəfindən Gürcüstanın dövlət büdcəsinə 129 457 626 lari (təxminən 78 459 167 ABŞ dolları) məbləğində vergi ödənilmişdir ki, 2006-cı ildən bu vaxtadək isə bu məbləğ ümumilikdə 1 123 824 431 lari (təxminən 681 105 715 dollar) təşkil edib. 2013-cü ildə “SOCAR Georgia Petroleum”un xətti ilə Gürcüstan bazarına 326 297 ton neft məhsulu idxal edilib ki, bunun da 295 715 tonu Azərbaycan mənşəli neft məhsullarının payına düşüb. Sözümüz bunda deyil.

Adı çəkilən şirkətdən qeyd ediblər ki, benzinin qiyməti aşağı salınmaya da bilərdi. Sadəcə, yanacaq satışı sahədə bu ölkədə ciddi rəqabət mövcud olduğundan, bu, qaçılmaz idi. Çünki əks təqdirdə, “SOCAR Georgia Petroleum”un fəaliyyəti sual altına düşə bilərdi.

Deməli, qonşu ölkədə enerji daşıyıcılarının qiymətləri sərbəst olmaqla yanaşı, güclü rəqabət də var. Hansı ki, bu da qiymətlərin təşəkkül tapmasında mühüm rol oynayır. Azərbaycanda isə belə imkan yoxdur.

Ümumiyyətlə, eyni mövzuda ötən şərhimizdə də yazdıq ki, dünya ölkələrinin daxili bazarlarında neft məhsullarının pərakəndə satış qiymətləri 2 şəraitdə – dünya bazarlarında bu sahədəki real vəziyyətdən irəli gələn səbəblər təsirindən və bir də həmin ölkələrdə yürüdülən fiskal – vergi və büdcə siyasətindən asılı olaraq formalaşır. ABŞ-da neft məhsullarının pərakəndə satış qiymətləri bilavasitə dünya bazarlarında real vəziyyətdən asılı olaraq təşəkkül tapır. Xam neftin qiyməti düşdükdə yanacaq məhsulları ucuzlaşır, bahalaşdıqda isə yüksəlir.

Ancaq ABŞ-dan fərqli olaraq Rusiyada isə yeni ilin yanvar ayından benzinin qiymətinin Aİ-95 üçün 1 litrə 40 rubl olacağı deyilir ki, bunda da bilavasitə dövlətin vergi siyasəti mühüm rol oynayacaq.

Azərbaycanda da vəziyyət eynidir. Belə ki, ölkəmizdə də neft məhsullarının pərakəndə satış qiymətləri hökumətin fiskal – vergi və büdcə siyasətindən asılıdır. Əvvəla, ölkəmizdə sözügedən məhsulların topdansatış və pərakəndə satış qiymətləri dövlət tərəfindən tənzimlənir və buna Tarif (qiymət) Şurası baxır, ikincisi də, sözügedən sahədə bayaq qeyd etdiyimiz kimi rəqabət yoxdur.

İstehsalçı da və bazarda qiyməti diqtə edən də məhz eyni şirkətdir. Başqa sözlə desək, daxili bazarda SOCAR-la üz-üzə gələ bilən şirkət olmadığından qiymətlərə nəzarət edilməsəydi, benzin də daxil, bütün neft məhsulları indiyədək bir neçə dəfə bahalaşmışdı. Çünki bazarda tələb fasiləsiz olaraq artır.

Odur ki, ölkədə neft məhsullarının qiymətləri büdcəyə əlavə gəlir mənbəyi rolunu oynamaqla istər-istəməz hökümətin əlində vasitə sayılır ki, gəlirlərin təminində bu, mühüm “cilov” sayılır. Yeri gəlmişkən, ölkədə yanacaq məhsullarının qiymətlərinin Tarif Şurası tərəfindən keçən il dekabrın 3-dən etibarən yüksəldilməsi məhz büdcəyə əlavə gəlir əldə etmək məqsədi daşıyırdı.

Hələ yaxşı ki, neft məhsullarının pərakəndə satış qiymətləri hökumətin fiskal siyasətinə sıx bağlı olan Rusiyadaki kimi Azərbaycanda da dünyada neft ucuzlaşdığı təqdirdə, neft məhsulları bahalaşmır. Yəni, benzinin ucuzlaşmaması bir yana qalsın, hələ o, bahalaşdırıla da bilər. Bu, bizdə hökumətin əhalinin sosial müdafiəsinə, ümumi istehlak bazarında qiymətlərə nəzarət etməsi və ümumiyyətlə, makroiqtisadi sabitliyi qorumaq, inflyasiyanı idarə etmək sarıdan ehtiyatlı mövqe tutması səbəbindən baş vermir.

Ancaq təkrar edirik ki, Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətləri sərbəstdir və bunlar əslində, ucuzlaşmalıdır.

Yeri gəlmişkən, Aİ-95-in qiyməti Aİ-98 kimi sərbəst buraxılarkən qeyd etmişdik ki, yanacaq məhsulları sarıdan ölkənin daxili bazarında keyfiyyətə, real qiymətlərə və şəffaflığa nail olmaq istəyiriksə, buna öyrəşməliyik. Çünki dövlətin əlində onsuz da güclü tənzimləyici vasitələr var.

Ancaq bizdə həmin növ benzin ölkəyə kənardan gətirilir deyə, qiymət sərbəst buraxıldı. Bu işlə isə ilkin mərhələdə Neft Şirkətinin məşğul olacağı, sonradan isə prosesə özəl qurumların da qoşulacağı deyilsə də, dünya bazarlarında neftin qiymətinin düşməsiylə əlaqədar sözügedən benzinin satış dəyərinin enməməsi bunun belə olmadığını və ölkəyə yanacaq idxalında heç bir rəqabətin olmadığını göstərir.

Odur ki, sual yaranır: daxili bazarda yanacaq məhsullarının qiymətlərinə dövlət nəzarətini saxlamaqla, idxala geniş imkanlar açaraq bu sahədə ölkəmizdə rəqabətə şərait yaratmaq olmazmı? Onsuz da kənar ölkələrdə benzin bizdəkindən bahadır. Məsələn, Gürcüstanda qiymət hələ endiyi halda, bizdəkindən yenə bahadır.
Bu sahədə, rəqabət məgər, pis nəticə verərmi? Bizcə, yox...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti