`...Prosineçki öz kariyerasını korlayacaq` - Böyükağa Hacıyev

  04 Dekabr 2014    Oxunub : 1484
`...Prosineçki öz kariyerasını korlayacaq` - Böyükağa Hacıyev
`Prosineçkinin işinə o qədər də bələd olmadığım üçün dəqiq fikir yürüdə bilmərəm. Bir qədər zamana ehtiyac var ki, nəyə qadir olduğunu görək`.
Bunu AzVision.az-a açıqlamasında “Neftçi” klubunun keçmiş baş məşqçisi Böyükağa Hacıyev deyib. Onun sözlərinə görə, millimizin yeni baş məşqçisinin bəzi müsbət cəhətlər var ki, onlardan biri də ailəsi ilə birgə Bakı şəhərində yaşayacağıdır:

“Həmçinin yeni məşqçi ölkəmizə gələn kimi stadionlarla tanış oldu və hər dəfə komandaların oyununu izləyir. Yeni olduğu üçün məsuliyyətlə işləməlidir. Bu məşqçi özünü Azərbaycanda təsdiqləməlidir ki, yenidən Avropaya qayıtsın. Həmçinin cavan məşqçidir. O bizim milli komandayla yaxşı işləyə bilməyəcəksə, öz kariyerasını korlayacaq”.

Yerli məşqçilərə yer verilməməsinə gəlincə, B.Hacıyev bildirib ki, bizim varlığımız, yoxluğumuz bilinmir:

“Belə məsləhət görüblər və yenə xarici məşqçiyə güvəniblər. Biz onlara uğurlar arzulayırıq”.

Xatırladaq ki, ötən gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Bakıda olan xorvatiyalı Robert Prosineçkinin milli komandaya təyinatı rəsmiləşib. Onunla üç il müddətinə müqavilə imzalanıb. O, bu vəzifədə Berti Foqtsu əvəzləyib. Müqaviləyə əsasən, R.Prosineçki Azərbaycanda bir ilinə 1 milyon 200 min avro qazanacaq.

Anar Kəlbiyev

Teqlər: