Bir əsrdə 4 soyqırımı – MÜSAHİBƏ, VİDEO

Bir əsrdə 4 soyqırımı – MÜSAHİBƏ, VİDEO
  04 Dekabr 2014    Oxunub:6573
Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası üç mərhələdə aparılıb: 1905-1920-ci illər, 1948-1953-cü illər və 1988-1992-ci illər. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağırdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olmaqla 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb.

Sonuncu deportasiyada – 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən, doğma yurd-yuvalarını tərk edib.

AzVision.az silsilə yazılar və videoçəkilişlərlə deportasiyaya edilmiş azərbaycanlıların xatirələrini və tarixçi alimlərin bununla bağlı dəqiq məlumatlarını oxucularla bölüşəcək. Bu dəfə müsahibimiz Tarix üzrə fəlsəfə doktoru, professor, AMEA Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovdur.

- Azərbaycan tarixində xalqımıza qarşı törədilən, insanlıq üçün ən ağır cinayət hesab edilən əməllərdən biri də deportasiya, etnik təmizləmə və soyqırım cinayətləridir.- deyir Cəbi müəllim.- 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra kütləvi sürətdə həm İran ərazisindən, o cümlədən, Osmanlı Türkiyəsindən 18 min ailə, say hesabı ilə desək isə, 125 mindən çox ermənini Şimali Azərbaycan torpaqlarına köçürdülər. Bu köçürmə ilk növbədə çar Rusiyasının Qafqaz siyasətinin ümumi nəticəsi idi.

20-ci əsrin əvvəllərində Bakıda, Şuşada, İrəvan Quberniyası ərazisində, Zəngəzurda, Şimali Azərbaycanın digər ərazilərində Azərbaycan əhalisinə qarşı çar hökumətinin təhrikilə kütləvi qırğınlar törədildi. Şimali Azərbaycanın qərb hissəsində İrəvan xanlığı və Naxçıvan xanlığı əraziləri daxil olmaqla qondarma erməni vilayəti yaradıldı.

Ermənilərin köçürülməsi, burada yerləşdirilməsi, şübhəsiz ki, azərbaycanlıların öz torpaqlarından məhrum edilməsilə nəticələndi. Azərbaycanlılara qarşı deportasiya, etnik təmizləmə və soyqırım cinayətlərinin zirvə nöqtəsi 1918-1920-ci illərdir. Bizim apardığımız hesablamalara görə, ən azı 700 min türk müsəlman əhalisi etnik təmizləməyə, soyqırıma məruz qalıb. Bu sifariş SSSRİ tərəfindən verilib, başda Lenin olmaqla Azərbaycan əhalisinin Bakıda məhv edilməsi, neftin ələ keçirilməsi üçün bu cinayətə əl atılıb.

Bunun xəritəsi də tərtib olunub: 2007-ci ildə Tarix institutunun nəşr etdiyi tarixi atlasda öz əksini tapıb. Xəritə mənbələr əsasında tərtib olunub.

Əslinə baxanda, dünya dövlətlərinin də birinci dünya müharibəsi zamanı əsas məqsədləri Bakı şəhərini, onun neftini ələ keçirmək idi. O zaman Amerika Birləşmiş Ştatlarını çıxmaqla, dünyanın heç bir yerində Bakıdakı qədər neft hasil edilmirdi. Elə buna görə də çar hökuməti, ondan sonra isə sovet hökuməti bu cinayətlərə əl atıblar. Bunlar təkzibolunmaz sənədlərlə sübut olunub.

Təkcə Bakıda 30 min nəfər adam qətlə yetirilib. Bununla bağlı Leninin 1918-ci il 5 iyununda Şamuyan kimi bir cəlladın Neft Komitəsinə təyin etdiyi Ter-Qabrielyana məktubu var. Orada açıq şəkildə göstərir ki, “şəhəri yandırın və bu haqda mətbuatda məlumat verin”. O sənədləri biz arxivlərdən çıxarmışıq.

Xalqımıza qarşı törədilən ən ağır cinayətlərdən biri də 1948-1953-cü illərdə Ermənistan SSR adlanan Qərbi Azərbaycan torpaqlarından yüz min nəfər əhalinin köçürülməsi haqqında sovet hökumətinin qəbul etdiyi qərarlardır. Əslinə baxanda, Çar hökumətinin edə bilmədiyi cinayətləri sovet hökuməti edib. Məsələn, 1920-1930-cu illərdə Azərbaycanda 128 min nəfər güllələnib. Onun 48 min nəfərini 1920-ci ilin may ayından 1921-ci ilin noyabr ayınadək güllələyiblər. 1937-ci ilin sonu, 1938-ci ilin əvvəlində isə repressiyalar nəticəsində güllələnənlərin sayı 72-80 min nəfər təşkil edib. Bu məsələ mərhum akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabında da əksini tapıb.

1948-1953-cü illərdə baş verən köçürülmə deyildi, deportasiya idi. Çünki yerli əhalinin iradəsinin əleyhinə idi. Nəticədə köçürülənlər arasından 50 min nəfər məhv olmuşdu.

Sonuncu mərhələ isə 1988-1994-cü illəri əhatə edir. Bunun da xəritəsini çəkmişəm, o xəritə 2007-ci ildə nəşr olunan Azərbaycan ensiklopediyanın xüsusi cildində yer alıb. 1988-ci ildən 1994-cü ilə qədər 700 mindən çox azərbaycanlı etnik təmizləməyə və deportasiyaya məruz qalıb.

Soyqırım cinayətini 1948-ci il dekabrın 9-da BMT-nin insan hüquqları komissiyasının qəbul etdiyi 264 saylı qətnamə ilə müəyyən etsək, Azərbaycan xalqına qarşı törədilən cinayətlər həmin hüquqi sənədlərə tam uyğun gəlir. Yəni Azərbaycan xalqını tam hüquqi var ki, ona qarşı törədilən cinayətlərlə bağlı beynəlxalq səviyyədə məsələ qaldırsın. Etnik təmizləmə və soyqırım insanlıq üçün ən ağır cinayət hesab olunur.

Azərbaycan torpaqlarının işğalı yerli Azərbaycan toponimikasına qarşı da cinayətdir. Qərbi Azərbaycan ərazisində olan 40 min toponimik ad dəyişdirilib. Bu da 1954-cü ildən başlayaraq, bu günə qədər YUNESKO tərəfindən qəbul edilmiş bütün konvensiyalara ziddir. Ermənilər bu məsələdə də məsuliyyət daşıyırlar.

Şahanə Rəhimli
Foto/Video: Nuron Məmmədov





Teqlər:  





Xəbər lenti