`Sabah` Azərbaycan xalqından üzr istəməlidir` – QHT-dən tələb
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin İdarə Heyəti bu məlumatı ürək ağrısı ilə qarşılayıb. İctimai Birliyin İdarə Heyətinin təcili keçirilən iclasında bu yazıya və bütövlükdə “Sabah” qəzetinə etiraz bildirilib.
İctimai Birliyin İdarə Heyətinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva bildirib ki, dünyanın müxtəlif ölkələrinin kütləvi informasiya vasitələrində indiyədək belə yazılar və xəbərlər çox gedib. Və hər biri ürəyimizi ağrıdıb, imkanımız daxilində etiraz səsimizi ucaltmağa çalışmışıq. Amma Azərbaycanın ərazi bütövlüyünün qardaş Türkiyənin mətbuat orqanında şübhə altına alınması sadəcə ürək ağrısına səbəb olmur, daha ciddi mətləblərə toxunur. Necə ola bilər ki, 25 ildən bəri Azərbaycan xalqının yaşadığı Dağlıq Qarabağ ağrısına qardaş xalqın dilində, qardaş xalqın vəsaiti ilə çap olunan bir qəzetdə bu cür hörmətsizlik göstərilsin?
Dünyanın heç bir dövlətinin, hətta Ermənistanın da dövlət kimi tanımadığı bir terrorçu və qondarma qurumun “cumhuriyyət” kimi təqdim edilməsi Azərbaycanın ərazi bütövlüyünə, xalqımızın illərdən bəri apardığı mübarizəyə arxadan vurulan zərbədir.
İctimai Birliyin İdarə Heyətinin qəbul etdiyi etiraz bəyanatında bildirilir ki, “Sabah” qəzeti dərhal bu məsələ ilə bağlı təkzib verməli, Azərbaycan xalqından üzr istəməlidir.
Teqlər: