Nərimanbəyovun əsəri 68,5 minə satıldı

Nərimanbəyovun əsəri 68,5 minə satıldı
  05 Dekabr 2014    Oxunub:2426
Azərbaycanın Xalq Rəssamı Toğrul Nərimanbəyovun “Böyük qoç” (1982) rəsm əsəri Böyük Britaniyanın “Sothebys” hərrac evində 68,500 ingilis funtuna satılıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Böyük Britaniyanın məşhur “Sothebys” hərrac evində Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə kurator Suad Qarayevadır və onun bu layihənin gerçəkləşməsində mühüm rolu var.

Qeyd edək ki, Bakıda dünyaya göz açan Toğrul Nərimanbəyov 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib. XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlan sənətkarın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnir. Onun insanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilir. Sənətkar təzad və şərtiliyi, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə əks etdirib. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb. Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.

Rəssamın portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

Görkəmli fırça ustası T. Nərmanbəyov 2013-cü il iyunun 2-də Paris şəhərində vəfat edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti