Sürücülərin qənimləri tutuldu
Biləsuvar şəhər sakini Elnur Hüseynovun yaxın tanışı Cavid Şirinovla birgə asan pul qazanmaq istəyi onların yolunu yenidən rayon polis şöbəsindən salıb. İki gün ərzində “KamAZ” markalı maşınlardan 8 ədəd akkumulyator oğurlayan dostların növbəti əməliyyatı uğursuz olub.
Müstəntiq, Fərid Sultanlı bildirib ki, Elnur Hüseynov tanışı Cavid Şirinovla birlikdə gecə saatlarında Biləsuvar şəhəri ərazisində küçədə dayanmış “KamAZ” markalı maşınların üzərindən akkumlyatorları oğurlayıblar. Onların bu hərəkətləri nəticəsində zərərçəkmişlərə ümumikdə 1200 manatdan artıq maddi ziyan dəyib. Həmin oğurladıqları akkumulyatorları Elnur Hüseynov və Cavid Şirinov Biləsuvar və Cəlilabad şəhərlərinin bazarlarında aşağı qiymətlərə sataraq pul əldə ediblər.
Bundan əvvəl narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayan Cavid ilkin istintaqa ifadəsində törətdiyi əməldən peşman olduğunu dilə gətirib. 2-ci dəfə oğurluq etdiyinə görə qanun qarşısında cavab verməli olan Elnur isə oğurladıqları akkumulyatorları dəyərindən qat qat aşağı satdığını bildirib.
Faktla bağlı Biləsuvar rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq “silahdaşların” digər oğurluq hadisələrində iştiraklarının olub-olmadığını araşdırır