Gənclər seçkilə bağlı maarifləndirilib
Toplantıda çıxış edən DANİB sədri Elməddin Behbud Azərbaycanda yerli özünüidarəetmə orqanlarına keçirilən ilk seçkidən cəmi 15 illik qısa müddətin keçdiyini və hələ də bələdiyyələrin hüquqları və seçiciləri qarşısında daşıdığı məsuliyyətlə bağlı vətəndaşlar arasında yetərincə məlumatın olmadığını deyib.
Dövlət gənclər siyasətinin məqsədinin modern elmi biliklərə sahib olan milli düşüncəli gənclərin hazırlanması və onların cəmiyyətin idarəçiliyində yaxından iştirakının təmin olunması olduğunu qeyd edən Elməddin Behbud bu baxımdan bələdiyyə seçkilərində iştirakın əhəmiyyətini vurğulayıb.
E.Behbud bilavasitə bələdiyyə seçkilərinə həsr olunan 5 günlük təlimdə ölkənin Tovuz, Naxçıvan, Gəncə, Qəbələ, Zaqatala, Qazax, Şirvan, Lənkəran, Sumqayıt, Abşeron, Goranboy, Salyan və digər regionlarından olan şəxslərin iştirak etdiyini deyib. 21 yaşı tamam olan hər bir gəncin yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq üçün passiv seçki hüququndan istifadə etmək səlahiyyətində olduğunu söyləyən Elməddin Behbud təcrübə toplanması baxımından 2014-cü ilin 23 dekabrında keçiriləcək seçkilərin fürsət olduğunu deyib.
Təlimin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev dövlət gənclər siyasətinin istiqamətləri və “Azərbaycan gəncliyi 2011-2015 – ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi sahəsində görülən işlər haqqında təlim iştirakçılarına ətraflı məlumat verib. Bələdiyyə inistitutunun ölkəmizdə yeni yaranan orqan olduğunu və onun fəaliyyətində gənclərin təmsilçiliyinin onların inkişafında müsbət rol oynaya biləcəyini deyən Fuad Babayev DANİB-in təşkilatçılığı ilə keçirilən təlimin önəmini qeyd edib. Azərbaycanın 23 illik müstəqllik dövründə böyük inkişaf yolu keçdiyini deyən Gənclər və İdman Nazirliyinin rəsmisi hər bir gəncin qarşısına qoyduğu məqsədlərin realizəsi üçün dövlətin yaratdığı imkanlardan doğru şəkildə istifadə etməli olduğunu bildirib.
Layihənin təlimçisi Abil Bayramov təlimin məqsədləri və proqramı haqqında iştirakçılara məlumat verərək 5 gün müddətində Azərbaycanda bələdiyyə inistitutu, qanunvericilik, yerli özünüidarəetmədə ictimai iştirakçılıq, seçki anlayışı və prinsipləri, seçkinin mərhələləri və digər mövzularda təqdimat, qrup oyunları, simusyasiya və müzakirəlrəin keçiriləcəyini deyib.
Teqlər: