“Anam ermənidir, amma azərbaycanlıları çox sevirəm”

“Anam ermənidir, amma azərbaycanlıları çox sevirəm”
  07 Dekabr 2014    Oxunub:6582
“Mən dəmir ledi deyiləm. Sadəcə olaraq sözünün üstündə dayanmağı və üzərinə öhdəlik və məsuliyyət götürməyi bacaran bir qadınam. Mən güclü olmağı bacarıram. Amma bu, o demək deyil ki, mən dəmir lediyəm...”

Bunu Rusiyanın ən xarizmatik və parlaq teleaparıcılarından biri olan məşhur jurnalist və prodüsser deyir. Bu qadının boş vaxtı demək olar ki, olmur. Söhbət bütün gününü çəkilişlərdə, görüş və müsahibələrdə keçirən Tina Kandelakidən gedir.

Virtualaz.org saytının əməkdaşı MDB ölkələrindən olan media nümayəndələri üçün təşkil olunan jurnalistika məktəbinin Moskvada keçirilmiş növbəti təlimləri zamanı Tina Kandelaki ilə söhbətləşib.

-Uğur qazanmış gənc, məşhur və gözəl bir xanım... TV-də gedən əksər populyar verilişlərin müəllifi kimi bu gün sizi daha çox məşğul edən nədir?

-Hazırda “Apostol Media” prodüsser şirkətinin həmtəsisçisiyəm. Bu şirkət iki istiqamətdə fəaliyyət göstərir. Biz piar və televiziya verilişləri istehsalı ilə məşğul oluruq. Hazırda şirkətimizdə 100-dək əməkdaş çalışır. “İnfomaniya” adlı proqram hazırlayırıq, videoçarxlar çəkirik, Rusiya miqyasında piar fəaliyyəti ilə məşğul oluruq. Qısası, çox iddialı biznes-layihəmiz var.

-Hiss olunur ki, güclü qadınlara rəğbətiniz var...

-Hə, mən Kleopatradan Marqaret Tetçerə qədər bütün güclü qadınlara heyranam. Özümü güclü qadın kimi tərbiyə etməyə və belə aparmağa çalışıram. Müasir qadınların çoxu klassik mənada, yəni bir adama ərə gedib bütün ömrü boyu onunla yaşamaq anlamında xoşbəxt ola bilmir. Lakin bu, o demək deyil ki, onlar xoşbəxt ola bilməzlər. Onlar düşdükləri istənilən vəziyyətdə xoşbəxt olmağı öyrənməlidirlər. Bu da asan deyil.

-Siz TV-də təhsil proqramlarının aparıcısı olmusunuz. Rusiyada təhsilin səviyyəsindən narazı olduğunuzu veriliş və müsahibələrinizdə dəfələrlə demisiniz. İndi də o fikirdə qalırsınızmı?

-Təhsilin əhəmiyyətini nəzərə almamaq olmaz. Bu vacib və mürəkkəb sistemə qarşı diqqət böyük olmalı, onun keyfiyyəti daim yaxşılaşdırılmalıdır. Məsələn, biznes sektoru müasir ali məktəb məzunlarının səviyyəsindən razı deyil. Ona görə də yerli şirkətlər Qərb təcrübəsini getdikcə daha çox əxz edərək istedadlı gəncləri seçir və onları öz vəsaitləri ilə özləri üçün yetişdirirlər. Digər tərəfdən, indiki pedaqoqlar bir çox məsələlərdə öz şagirdlərindən artıq geri qalırlar. Çünki təhsil və tərəqqi artıq bir-birindən ayrı-ayrılıqda gedən proseslərdir. Müəllimin şagirddən internetdən necə istifadə etmək lazım olduğunu soruşması düzgün deyil. Mən həmişə Amerika təhsil sisteminin tərəfdarı olmuşam. Özünüz deyin, əgər bir şagird, tələbə humanitar sahəni seçibsə, fizikanı, yaxud kimyanı oxumaq onun nəyinə lazımdır axı?! Məncə, şagird və ya tələbə yalnız ona maraqlı olan fənləri öyrənməlidir, daha özünü başqa elm sahələri ilə yükləməməlidir.

-Deyirsiniz ki, internetdən və sosial şəbəkələrdən istifadəyə çox vaxt ayırırsınız. XXI əsr insanının həyatında bunların rolu nə qədərdir?

-Bu gün Yer üzündə elə bir adam tapa bilməzsən ki, o, əlində telefon, planşet tutub söz azadlığının məhdudlaşdırılmasından şikayətlənə bilsin. Bunu edə bilməz. Haqqı yoxdur. Çünki artıq hamıya söz verilib, söz azadlığı verilib. Sosial şəbəkələr isə sənə düşündüyünü, istədiyini yazmağa, istənilən problemi qaldırmağa əla imkanlar verir. Problemlər, insan faciələri, narazılıqlar çoxdur. Bunları yazmaq, paylaşmaq, müzakirə etmək imkanları isə internetdədir. Mən internetə çox vaxt sərf edirəm, bütün hadisə və informasiyalardan saniyəbəsaniyə xəbər tuta bilirəm. Bu, məndən ötrü həm də əyləncədir. 5 il qabaq deyirdilər ki, sosial şəbəkələrdə qurdalanmaq mənasız məşğuliyyətdir. İndi isə bu, həyatımızın vacib bir parçasına çevrilib.

-Sizin üçün indi daha çox nə vacibdir - iş, yoxsa...?

-Əlbəttə ki, ailə. Ailə insanın dayağıdır. Ailəm, uşaqlarım var. Evdə keçirdiyim vaxtlarım isə ən qiymətli anlarımdır.

-Həyatınız uzun illər televiziya ilə bağlı olub. Rusiya TV-lərinin baş verənləri əksər hallarda qeyri-obyektiv işıqlandırması ilə bağlı deyilənlərə münasibətiniz necədir?

-Televiziyadan elə buna görə getdim. Televiziya bir çox aspektlərdən bu gün obyektiv informasiya mənbəyi rolunu oynamır. Amma bu haqda çox danışmayaq, çünki televiziyada çalışan həmkarlarımın xətrinə dəyə bilərik. Amma yaxşı televiziya jurnalistləri də var. Məsələn, Pozner. Əla aparıcıdır. Mənim valideynlərim, mən özüm, ona baxırdıq. İndi isə uşaqlarım baxır. Ona görə də TV-lərin rolunun artmasına diqqət yetirməliyik.

-Bu yaxınlarda sizin adınız Gürcüstanın təhsil naziri postuna namizəd kimi hallandı. Bu təklif qüvvəsində qalırmı?

-Bütün bunlar şayiədən başqa bir şey deyildi. Düzdür, bir tərəfim gürcüdür. Anam ermənidir, atam isə gürcü. Ona görə də Gürcüstan ənim ata yurdum, vətənimdir. Onu çox sevirəm. Lakin mənə heç kim belə təkliflə müraciət etməyib. Bununla belə əgər mən öz ölkəmə lazım olaramsa, öz töhfəmi verməyə, təcrübəmi paylaşmağa hazıram.

-Azərbaycana münasibətiniz necədir?

-Bakını və azərbaycanlıları çox sevirəm. Çoxlu azərbaycanlı dostlarım var.



Teqlər:





Xəbər lenti