`Məmurun gözü kor deyil ki... ` - Siyavuş Novruzov

`Məmurun gözü kor deyil ki... ` - Siyavuş Novruzov
  08 Dekabr 2014    Oxunub:1875
“Regionların, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı müəyyən layihələr var və bu işlər mərhələli şəkildə həyata keçirilir. Birinci məsələ yol, su və kanalizasiya sisteminin yaradılmasıdır”.
Bunu virtualaz.org-a müsahibəsində YAP-çı millət vəkili Siyavuş Novruzov deyib. O, bildirib ki, Azərbaycanda 3 mindən artıq yeni məktəb tikilib və Çar Nikolaydan bu yana Azərbaycanda belə şey olmayıb: “Əvvəlcə regionlarda və ətraf qəsəbələrdə əsasən rayon mərkəzlərinin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması istiqamətində işlər görülürdüsə, indiki mərhələdə artıq kəndlərin, qəsəbələrin özünün inkişafına yönələn işlər həyata keçirilir.

Hazırda bəzi yerlərdə problemlər var və bunun da obyektiv və subyektiv səbəbləri var. Bəzi yerlədə vətəndaşların və yerli məmurların səhlənkarlığı var. Qeyri-qanuni evlər tikilir. Əgər buranın infrastrukturu yoxdursa, burada niyə ev olmalıdır? Bəzi yerlərin qazı, suyu, kanalizasiya sistemi yoxdur. Amma bir də baxırsan ki, orada 10 ev tikiblər, sonra bu evlərin sayı arıtr. İşığı birtəhər haradansa tapırlar. Bu hallar əsasən Bakı və ətraf qəsəbələrdə müşahidə olunur. Elə qəsəbələr var ki, artıq 200-300 mindən artıq sakini var. Ancaq evlərin heç bir qanuni sənədləşməsi yoxdur. Çünki o ərazilər yaşayış məskəni olaraq nəzərdə tutulmayıb və heç bir infrastrukturu da yoxdur. Buna da birbaşa məmurlar cavabdehlik daşıyırlar. Sonradan baxırsan ki, gedib vətəndaşın evini sökürlər. Mən bunu düzgün hesab etmirəm. Bunu tikməyə başlayanda qarşısı alınmalıdır. Vətəndaş borc-xərc edib ev tikir, sən də səhər gəlib buldozerlə sökürsən. Məmurun gözü kor deyil ki... Camaat evi tikəndə görmür? Vətəndaşı incitmək olmaz. Bu proses uzun müddət gedib və artıq bu cür evlərin sayı həddən artıq çoxdur. Prezident də bu evlərin sənədləşdirilməsi ilə bağlı göstərişlər verib. Bu proses getdikdən sonra həmin ərazilərdə kommunikasiya xətləri çəkilməlidir. Ancaq bu iş də planlı şəkildə görülməlidir. Siz də, mən də şahidi oluruq ki, bir gün asfalt salırlar, səhər asfaltı söküb kanalizasiya xətti çəkirlər. Sonra yenidən söküb telefon xətti çəkirlər. Bu işi görəcək şəxslər əvvəlcədən planlı şəkildə, mərkəzləşdirilmiş qaydada çalışmalıdır. Bütün problemlərə baxmayaraq kənd və qəsəbələrdə işlər görülür. Mən bir çox ölkələrdə olmuşam, inanın, bu işlər postsovet ölkəri arasında ən sürətlə Azərbaycanda həyata keçirilir”.


Teqlər:



Xəbər lenti