Mənsimovla Ərdoğan ailəsinin gizli biznesi - İDDİA

  08 Dekabr 2014    Oxunub : 1339
Mənsimovla Ərdoğan ailəsinin gizli biznesi - İDDİA
Türkiyə mediası azərbaycanlı gəmiçilik maqnatı, milyarder Mübariz Mənsimovun bu ölkənin baş nazirinin ailə üzvləri ilə ortaq biznesini araşdırır.
AzVision.az virtualaz.org saytına istinadən xəbər verir ki, gəmiçilik sektoru üzrə ixtisaslaşmış denizhaber.com.tr portalı və ona istinadən baş nazir Ərdoğanın qatı düşməninə çevrilmiş Fətullah Gülənin media orqanları, habelə ana müxalifət partiyası CHP-yə yaxın media Mənsimovun müəmmalı ortaqlığı haqda yazır.

Denizhaber.com.tr xatırladır ki, bu ilin noyabrında baş nazir Ərdoğanın qardaşı Mustafa Ərdoğan, oğlu Nəcməddin Bilal Ərdoğan və yeznəzi Ziya İlgenin ortaq şirkəti olan "BMZ Group Denizcilik Şirketi" tərəfindən "Palmali"nin sifarişi ilə inşa edilən 10 tankerdən ikincisi dənizə buraxılıb.

M.Mənsimovun nənəsinin adını daşıyan "Bəyim Aslanova" tankeri 18 milyon dollara başa gəlib. Tanker 7 min tondan çox neft daşımaq imkanındadır. Gəminin suya buraxılması mərasimində uzun müddətdir ortalarda görünməyən Mustafa Ərdoğan da iştirak edib.

Xəbərdə bildirilir ki, Mənsimovun "Palmali Group" şirkəti ötən ilin may ayında "Yardımcı Group" şirkəti ilə neft daşımalarında istifadə edilmək üçün 10 tankerin inşası üçün razılığa gəlib. Daha sonra hələ inşa edilməyən bu gəmilərin kreditlə "BMZ Group"a satıldığı açıqlanıb.

Portal yazır ki, əslində "BMZ Group" gəmiləri almaq üçün əvvəlcə "Palmali Holding"dən kredit alır. 10 tankerin inşası üçün alınan kreditin miqdarı 180 milyon dollardır. Gəmilərin inşası "Yardımçı" tərsanələrində həyata keçirilir.

"BMZ Group" daha sonra kreditlə aldığı bu gəmiləri "Palmali"yə 10 illiyinə icarəyə verir. Pulun necə ödənildiyi məlum deyil. "Palmali Holding" portalın bu haqda sorğusuna cavab verməyib.

"Palmali" şirkətlər qrupu Maltada qeydiyyatdan keçdiyi üçün "Bəyim Aslanova" da Malta bayrağı daşıyır. Bu isə Türkiyə hökumətinin xarici ölkə bayraqları daşıyan gəmilərlə bağlı qərarına ziddir. Türkiyə hökuməti gəmi və qayıqların türk bayrağı altında üzməsi haqda qanun çıxarıb. Bu ölkənin Dənizçilik Administrasiyası xarici ölkə bayraqları altında üzən gəmilərə qarşı sanksiya tətbiq ediləcəyini bildirib.

Araşdırmaya görə, "BMZ Group"un bir çox banklarda aralıq hesabları yer alır. Bu da çirkli pulların yuyulması üçün istifadə edilən mexanizmdir. Türkiyə qanunlarına görə, 20 min dollardan artıq vəsaitin xarici bank hesablarına köçürülməsi üçün dövlət məlumatlandırılmalıdır. Bu, çirkli pulların yuyulmasının qarşısını almaq üçündür.

Lakin şirkətlər bu tələbdən yayınmaq üçün ayrı-ayrı banklarda çoxsaylı hesablar açırlar və həmin hesablardan kiçik məbləğlərlə pulları xaricə transfer edirlər.

"Deniz Haber" qeyd edir ki, Mənsimov "Palmali"ni 1998-ci ildə qurub, Türkiyədə böyük investisiyaları var. Onun 10 gəmi sifariş verdiyi "Yardımçı Group"un sahibi Servet Yardımçı isə Ərdoğanın yerlisidir - Rizədəndir. Türkiyə Futbol Federasiyasının vitse-prezidentidir və ötən il onun federasiya prezidenti postuna namizəd olduğu haqda xəbərlər var idi. S.Yardımçının 10-dan çox gəmi-tərsanə şirkəti var.

Teqlər: