`Zəlzələ olmasaydı, azərbaycanlılar qurtula bilməyəcəkdi` - Müsahibə (VİDEO)

`Zəlzələ olmasaydı, azərbaycanlılar qurtula bilməyəcəkdi` - Müsahibə (VİDEO)
  10 Dekabr 2014    Oxunub:12793
Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası üç mərhələdə aparılıb: 1905-1920-ci illər, 1948-1953-cü illər və 1988-1992-ci illər. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağırdıb və yandırıb, qoca, uşaq və qadınlar da daхil olmaqla 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb.

Sonuncu deportasiyada – 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən, doğma yurd-yuvalarını tərk edib.

AzVision.az silsilə yazılar və videoçəkilişlərlə deportasiyaya edilmiş azərbaycanlıların xatirələrini və tarixçi alimlərin bununla bağlı məlumatlarını oxucularla bölüşəcək. Bu dəfəki müsahibimiz Prezident Kitabxanasının şöbə müdiri, Azərbaycan MEA Tarix İnsitutunun Qarabağ tarixi şöbəsinin elmi işçisi Nazim Mustafadır.

- Mən 1957-ci ildə `Ermənistan` adlanan respublikanın keçmiş Ağbaba mahalının Güllübulaq kəndində anadan olmuşam.- deyir Nazim Mustafa - Uşaqlığım orada keçib, orta məktəbi kəndimizdə bitirmişəm. Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirdikdən sonra rayonumuza qayıtmışam. 3 il orada müəllim işləmişəm. Deportasiya olunan zaman, 1988-ci ildə Amasiya rayonunda çalışırdım.

Onu da qeyd edim ki, Qars müqaviləsindən sonra Amasiya rayonunun 27 kəndi Ermənistana verilmişdi. Nəticədə bizim kəndlər də Ermənistanın tərkibinə daxil olmuşdu. Amasiyada 22 min əhali yaşayırdı ki, onun 85%-ni azərbaycanlılar təşkil edirdi. Vəzifəli kadrların hamısını ermənilər İrəvandan göndərirdilər. Vaxtilə 1920-1930-cu illərdə göndərilən ermənilər orada artıq məskunlaşmışdılar. Əvəllər Amasiyanın özündə bir nəfər də olsa erməni olmadığı halda, Ermənistanda sovet hakimiyyəti qurulandan sonra təyinatla ermənilər gəlirdi. Vəzifəyə göndərilən ermənilər orada məskunlaşmışdılar.

Sonradan qonşu Qukasyan (Qızılqoç) rayonundan 5 kəndi Amasiyaya birləşdirmişdilər ki, burada erməni əhalisi yaransın. 5 erməni kəndində olan və o cümlədən Amasiyanın özündə yaşayan ermənilərin hamısı birlikdə Güllübulaq kəndindəki azərbaycanlıların sayından az idilər. Ancaq bəzi vəzifələri: rayon prokuroru, polis idarəsinin rəisi, Ali Məhkəmənin sədri, kənd təsərrüfatı idarəsinin rəisi, bir sözlə, əsas vəzifələri ermənilər tuturdular. Orada belə bir qayda var di ki, formal olaraq raykomun birinci katibi azərbaycanlı olanda, icra komitəsinin sədri erməni olurdu və ya əksinə.

1988-ci il Dağlıq Qarabağda erməni separatçıları baş qaldırandan sonra azərbaycanlıların vəziyyəti tam gərginləşdi. Çünki Amasiya rayonu dalan vəziyyətində idi. Biz yalnız indiki Gümrü adlanan şəhərin üzərindən Azərbaycana gediş- gəliş edirdik. Bir də Qaraxaç deyilən bir yol var idi ki, Kalinino rayonunun ərazisindən Gürcüstana keçmək olardı. O da qış boyu 6-7 ay bağlı olurdu. Ona görə də əhali yalnız Gümrü, keçmiş Qarakilsə və o istiqamətdə Dilican –Qazax yolu ilə Azərbaycana gedib-gələ bilirdi. Və yaxud da dəmiryolu ilə Gümrüdən İrəvana, oradan da dəmir yolu ilə Bakıya gəlirdik.

Ancaq 1988-ci illərdəki hadisələr vəziyyəti gərginləşdirdi, Amasiya rayonunda yaşayan 18 min əhali girov vəziyyətində qaldı. Erməni saqqallıları bütün Amasiya yolunun çıxışlarını bağlamışdılar. Oradan keçən hər bir maşını saxlayıb, yoxlayırdılar, azərbaycanlılar nə aparırdılarsa, ermənilər onların əllərindən alıb döyürdülər, şikəst edib buraxırdılar. Yəni bu xəbərlər gəlib kəndlərə çatandan sonra azərbaycanlı əhali heç yerə çıxa bilmirdi. Yalnız ümid vertolyotlara qalmışdı ki, nə zamansa gəlib əhalini oradan çıxaracaqlar.

1988-ci ildə mən rayon komitəsində ikinci katib idim. Sonra rayon partiya komitəsində təlimatçı işlədim. Bir gün pəncərədən gördüm ki, 50-60 erməni əllərində meqafon əvvəlcə rayon icra komitəsinin qarşısında qışqırdılar, sonra gəldilər rayon partiya komitəsinin qarşısına . Mən də otağımda oturmuşdum, qışqırdılar ki, Nazim Mustafayev, sənə bir həftə vaxt veririk , rayonu tərk et, etməsən özündən küs.

Çıxdım rayon komitəsinin birinci katibinin yanına, bunları ona danışdım. Noyabrın 25-də ərizəmi yazıb dekabrda işdən azad olundum və getdim Güllübulağa . O günlərdə yeganə ümid yeri Türkiyə idi. İnsanlar istəyirdlər ki, sərhədlər açılsın. Gümrüdəki hərbi hissədən vertolyotlar qalxırdı, sərhəddi yoxlayırdılar ki, əhali toplaşmasın, sərhəd pozulmasın. Əhali də elə fikirləşirdi ki, vertolyot gəlib bunları aparacaq.

1988-ci il zəlzələsi olmasaydı, azərbaycanlıların oradan çıxması mümkün olmayacaqdı. 1988-ci ilin dekbarın 7-də zəlzələ baş verəndə mən kəndimizdə idim. Bizim kəndlə Gümrünün arasında təxminən 10 -12 km məsafə var idi. Bizdə də zəlzələ hiss olundu. Köhnə evlər uçdu. Ancaq bir nəfər də olsa, insan bizimkilərdən xəsarət almadı.

Kənddə elektrik xətti, ərzaq demək olar ki, yox idi, hər kəsin evində ehtiyat nə varsa, onunla dolanırdı, dükanlara çörək verilmirdi. Zəlzələdən 3 gün sonra Qaraxaç yolu ilə əhali kəndi tərk etməyə başladı. Kolxozun avtobusu ilə hər gün 40-50 nəfər adam basabasda gedirdi. Çünki artıq evlərimizin çoxu zəlzələdən dağılmışdı, çıxmaq lazım idi.

Ermənilər o vaxta qədər azərbaycanlıların istehsal etdiyi kənd təsərrüfatı məhsulları ilə qidalanırdılar, ancaq onlar azərbaycanlılara qarşı o hərəkəti edəndən sonra nə fermalarda inəkləri sağan tapılmadı ,nə də ermənilər gedib özlərinə sığışdırıb sağmadılar, qoyunlar otarılmadı, əkinlər , çuğundur sahələri yığılmadı. Özləri də başa düşdülər ki, azərbaycanlılara möhtacdırlar. Ancaq nankorluqlarına görə azərbaycanlıları deportasiya etməyə nail oldular.

Amasiyada insanlar kompakt şəkildə yaşayırdılar. Ermənilər kəndlərə girə bilmirdilər. Hər kəndin girəcəyində azərbaycanlı gənclərdən ibarət dəstələr düzəldib, ermənilərin girməyinə mane olurdular. Son hadisələrin qızğın zamanında Gümrüdəki hərbi hissələrdən olan azərbaycanlı əsgərlərə BTR- lər vermişdilər, hər bir kəndin girəcəyində əsgərlər dururdular. Erməni silahlıları bizimkilərə ona görə toxuna bilmirdilər. Ancaq əhali girov vəziyyətində idi. Bu proses zəlzələyə qədər belə davam etdi. Zəlzələdən sonra isə ermənilərin başları özlərinə qarışdı .

Spitakda azərbaycanlılar yaşayan kəndlərdə 17 nəfər azərbaycanlı girov qalmışdı ki, zəlzələ zamanı həlak oldular. Amasiya rayonunda ermənilər bir çox adamları əllərinə fürsət düşdükcə döymüşdülər. Elə azərbaycanlılar oldu ki, döyüldüklərinə görə Bakıda vəfat etdilər. 1988-1989 -cu illərdə rəsmi siyahıyaalmaya görə 216 nəfər azərbaycanlı qətlə yetirilib. Qalan əhali isə dağlara, meşələrə səpələnib, 2 həftə ərzində ancaq Qazax rayonun sərhədinə gəlib çıxa bilmişdilər. Gündüzlər gizlənirdilər, gecələr yol gedirdilər. Onların bir qismi dağlarda həlak oldular. Meyidləri qar əriyəndən sonra aşkara çıxmışdı.

Son 200 il ərzində azərbaycanlıların taleyinə qaçqınlıq, soyqırımlar, deportasiyalar yazılıb. Bunlar müəyyən mərhələlərlə həyata keçirilib. Bunun başlıca səbəbi isə ermənilərin Cənubi Qafqaza kütləvi sürətdə köçürülməsi, əvəzində isə azərbaycanlıların öz dədə-baba torpaqları olan İrəvan, Qarabağ xanlığı ərazisindən çıxardılması olub. 1826-1828-ci il rus-türk, Rusiya–İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Cənubi Qafqaza İrandan 40, Türkiyədən isə 90 mindən artıq erməni köçürülüb. Həmin müharibələr nəticəsində azərbaycanlı əhalinin bir qismi Cənubi Qafqazı tərk etmək məcburiyyətində qalıb. 500-ə yaxın azərbaycanlı kəndi boş qalıb. Onların bir qismi xaraba qaldı, bir qismində isə ermənilər məskunlaşdırıldı. Onların Türkiyə ərazisində erməni dövləti yaratmaq niyyətləri baş tutmadığına görə, 400000-ə yaxın erməni Cənubi Qafqaza axın edib.

Ermənilərin azərbaycanlılara qarşı ilk cinayəti 1905-1906-cı illərdə baş verib. Orada erməniləri məskunlaşdırmaq üçün Erməni siyasi partiyaları, Daşnaksütunun silahlı dəstələri Azərbaycan kəndlərində silahlı müdaxilə ilə yaşayanları qovmaq, həmin ərazidə erməniləri yerləşdirmək siyasətini yeridirdilər. Qafqaz canişinin arvadı erməni mənşəli idi deyə, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlara Qafqaz canişinliyi heç bir reaksiya vermirdi. 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında, 8 şəhərində ermənilər qırğınlar törətdilər. Bu, indiki Ermənistan ərazisi (o zaman İrəvan Quberniyası adlanırdı) və Zəngəzurda törədilib. Bugünkü Ermənistan dövlətinin əsası kütləvi surətdə qırğınlar törədilən həmin ərazini əhatə edib. Yelizavetpol quberniyasında da qırğınlar törədilmişdi. Sonra isə ermənilər tarixi şəraitin verdiyi fürsətdən istifadə edərək, bu cür qırğınları hər dəfə həyata keçiriblər.

1905-1906-cı illərdə Rusiyada böhran idi, inqilabi şərait yetişmişdi, mərkəzi hakimiyyətin ucqarlara gücü çatmırdı; ermənilər bundan istifadə edib təkcə İrəvan quberniyasında və Zəngəzur qəzasında 200-dən artıq azərbaycanlı kəndini boşaltdılar. Orada erməniləri məskunlaşdırdılar. 1917-ci ildə oktyabr inqilabından sonra yenə fürsət düşdü, Çar Rusiyası qoşunları Cənubi Qafqazdan Şərqi Anadoluya çəkiləndən sonra ermənilər əllərində silah istər Şərqi Anadoludakı türklərə, istərsə də azərbaycanlılara qarşı İrəvan Quberniyasında və Bakıda, Yelzavetpol quberniyasında kütləvi sürətdə qırğınlar törətməyə başladılar. Və İrəvan quberniyası ərazisində 400 -ə yaxın azərbaycanlı kəndi 1918-1920 –ci illərdə darmadağın edildi. Onlardan bir qismi indiyə qədər xaraba qalıb. 1918-ci ilin martında Bakıda, daha sonra Qubada , Şamaxıda ermənilərin törətdiyi kütləvi qırğınlar barədə kifayət qədər təhqiqatlar var.

1920-ci ilin payızında , Ermənistanda sovet hakimiyyəti qurulanda təxminən 10 min azərbaycanlı qalmışdı. Onlardan bir qismi İrəvan şəhərində, bir qismi isə İrəvana yaxın ərazilərdə yaşayırdılar. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra 131 mindən çox azərbaycanlı geri qayıtdı, qalanı İrana, Türkiyəyə, Azərbaycanın müxtəlif ərazilərinə səpələndi, geri qayıtmaları mümkün olmadı. İkinci dünya müharibəsinin sonlarında Rusiya Qars və Ərdahan vilayətlərini ələ keçirmək üçün Türkiyəyə ərazi iddiası irəli sürdü. Stalinin məqsədi var idi ki, həmin əraziləri ələ keçirsin və guya vaxtilə Şərqi Anadoludan dünyanın müxtəlif ölkələrinə səpələnən erməniləri gətirib bu ərazilərdə məskunlaşdırsınlar. Bu fürsətdən istifadə edərək, ermənilər də öz niyyətlərini həyata keçirmək istədilər.

1947-ci ilin dekabrın 23-də azərbaycanlı əhalinin Ermənistan SSR ərazisindən Azərbaycanın Kür- Araz ovalığına köçürülməsi ilə bağlı Stalinin imzası ilə SSR nazirlər Sovetinin qərarı çıxdı. 3 il ərzində 1948-ci ildə 10,1949-cu ildə 40, 1950-ci ildə 50 min əhali Ermənistan ərazisindən Azərbaycana köçürüldü. 150-ə yaxın azərbaycanlı kəndindən əhali indiki köçürüldü, orada xaricdən gələn ermənilər məskunlaşdırıldı. Ermənistanda yaşayan azərbaycanlı əhali demək olar ki, Ermənistanı ərzaq məhsulları ilə təmin edən zümrə idi. Onlar kənd yerlərində yaşayırdılar. Xaricdən gələn ermənilər isə heç bir kənd təsərrüfatında işləmək istəmirdilər, şəhərdə yaşayıb sənaye obyektlərində işləmək istəyirdilər. Ermənistan kənd təsərrüfatı məhsulları ilə təmin olunma problemilə qarşılaşandan sonra Ermənistan hökuməti razılıq verdi ki, vaxtilə 1948-1953-cü illərdə köçürülən azərbaycanlıların bir qismi Stalinin ölümündən sonra öz dədə-baba yurdlarına qayıda bilsinlər.

Və nəhayət, 1988-1989- cu illər deportasiyası baş verdi. Ermənilər həmişəki kimi tarix fürsətdən istifadə edərək, Qarabağın Ermənistana birləşdirilməsi haqqında Moskvaya ərizələrlə müraciətlər göndərdilər. Qorbaçovun və onun xanımı Raisa Qarbaçovanın ermənipərəst mövqeyi nəticəsində ermənilərin separatçılıq hərəkətinin, Azərbaycana qarşı ərazi iddiasının SSR hökuməti tərəfindən qarşısı alınmadı. Sırf 170 azərbaycanlı kəndindən 90-a yaxın ında, həmçinin ermənilərlə azərbaycanlıların qarışıq yaşadığı kəndlərdən 250 minə yaxın azərbaycanlı öz dədə-baba yurdlarından deportasiya edildilər.

Hələ 1905-1906-cı illərdən ermənilər nəzərdə tutmuşdular ki, bu əraziləri azərbaycanlılardan təmizləsinlər və monoetnik erməni dövləti yaratsınlar. Və tarixi Azərbaycan torpaqlarında, vaxtilə İrəvan xanlığının, sonradan İrəvan quberniyasının ərazisi olmuş, azərbaycanlıların ta qədimdən oğuz-qıpçaq boylarının məskunlaşdığı o ərazilərdə erməni dövləti yaratdılar.

Bu günə qədər indiki Ermənistan ərazisində yaşayış məntəqələri kimi mövcud olan məntəqələrin 703-nün adı dəyişdirilib. Ermənistan ərazisində mövcud olan 40 minə yaxın Azərbaycan türklərinə məxsus toponimlər vardı. Dağlar, dərələr, çaylar , göllər, təpələr və s.-in adları orada yaşayan azərbaycanlı tayfalara, ya da coğrafi relyefinə, yaxud həmin ərazidəki baş vermiş hansısa hadisəyə görə verilirdi. Ermənilər azərbaycanlıların tam təmizlənməsini həyata keçirdikdən sonra onlara məxsus toponimləri silirlər. Azərbaycanlıların bu ərazilərdə yaşadıqlarını inkar etməyə çalışırlar. Bu gün Ermənistanda buraxılan kitablarda vaxtilə azərbaycanlıların bu ərazilərdə yaşaması haqqında heç bir qeyd yoxdur. Sadəcə olaraq qeyd edirlər ki, guya bu ərazilər müəyyən müddət İranın işğalı altında olub, müəyyən müddət Türkiyənin əsarəti altında olub, ancaq bu ərazilərdə yaşayan köklü əhali haqqında danışmırlar.

Ancaq faktlar, tarix kitabları, ermənilərin özlərinin yazdıqları əsərlər göstərir ki, bu ərazilər azərbaycanlılara məxsus olub. İrəvan qədim Azərbaycan şəhəridir. Yəni bunların hamısını tarix kitablarından silmək mümkün deyil. Nə qədər çalışsalar da, zaman gələcək, İrəvana, Zəngəzura, Göyçə mahalına qayıdacağıq. Çünki ermənilər o ərazilərin köklü sakinləri deyillər. Onlar üçün harada şərait varsa , ora axışırlar. Hazırda Ermənistan ərazisi boşalır. Ermənilər dünyanın müxtəlif ölkələrinə axışırlar.

Şahanə Rəhimli
Video: Nuron Məmmədli






Teqlər:  





Xəbər lenti