Nəvəsini öldürən nənə - FOTO
Tükürpədən cinayət rayonun Qum adası Zeytun bağları adlanan ərazidə kirayədə qalan 1974-cü il təvəllüdlü Şərqiyyə Hüseynovaya məxsus evdə baş verib. Qadın oğlu 1991-ci il təvəllüdlü Elvar Hüseynov və ailəsilə birlikdə yaşayırmış.
Qonşuları isə Anspress-in müxbirinə bildiriblər ki, həmin ailə bir ildir orada kirayədə qalırmışlar. Qadının oğlu Elvar Hüseynovun çox mehriban və istiqanlı biri olduğu qeyd olunub. Lakin Şərqiyyə Hüseynovanın psixi problemləri olduğu üçün gəlini onu çölə tək buraxmırmış.
Ötən gün oğlu işdə olan zaman Şərqiyyə Hüseynova həyətdə gəlini 1994-cü il təvəllüdlü Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə zamanı qaynana gəlininə hücum edərək onu itələyib. Daha sonra yerdən daş parçası götürərək gəlinin gicgahından bir neçə zərbə vurub.
Elnarə Nəcəfova aldığı zərbələrdən ölüb.
Şərqiyyə Hüseynova daha sonra evə girib və Elnarə Nəcəfovanın qızı, nəvəsi 6 aylıq Emilyanı boğaraq öldürüb.
Hadisə barədə qonşular xəbər tutan kimi dərhal ərazi üzrə 30-cu polis bölməsinə xəbər veriblər.
Dərhal hadisə yerinə Suraxanı polis və prokurorluq əməkdaşları gəliblər. Hadisə yerinin müayinəsi aparılıb. Ana-balanın cəsədləri Suraxanı rayonu məhkəmə tibbi ekspertizasının patoloji anatomiya birliyinin Suraxanı rayon şöbəsinə aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Şərqiyyə Hüseynova saxlanılıb.
İşi araşdıran Suraxanı rayon Prokurorluğunun müstəntiqi, ikinci dərəcəli hüquqşunas Kamran Sadıqovun verdiyi məlumata görə, saxlanılan Şərqiyyə Hüseynova dindirmə zamanı hadisəni mübahisə zamanı törətdiyini etiraf edib.
Qeyd edək ki, onlar əslən gürcüstanlıdırlar. Qadın Gürcüstana qayıtmaq istəyirmiş. Lakin oğlu və gəlini onu buraxmırlarmış. Qadının sözlərinə görə, bu səbəbdən dəhşətli cinayəti törədib.
“Şərqiyyə Hüseynova ilkin dindirilmədə bildirib ki, Gürcüstana köçmək istəyirmiş. Gəlini də, qapını bağlayıb. Onu çölə burxmırlarmış. Hələlik onun oğlu Elvar Hüseynovu dindirə bilməmişik. Bu gün dindirilmə olacaq”, - deyə müstəntiq bildirib.
İşi araşdıran Kamran Sadıqov hadisədən çox təsirləndiyini də gizlətməyib.
Teqlər: