İmran yenidən əməliyyat olunacaq

İmran yenidən əməliyyat olunacaq
  12 Dekabr 2014    Oxunub:2082
"Nabran Holiday Village" istirahət mərkəzində baş verən bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış üç yaşlı İmran Cəfərzadə müalicə almaq üçün 2-ci dəfə getdiyi Almaniyadan geri qayıdıb.
Bu barədə AzVision.az-a İmranın yaxınları məlumat verib. Bildirilib ki, İ.Cəfərzadə dekabrın 8-də Almaniyadan qayıdıb:

“Hökumətin dəstəyi ilə onlar yenidən Almaniyaya getmişdilər. Bütün xərcləri hökumət ödəyib. İmranın ayağındakı protez balaca idi. Onun protezini dəyişiblər. İndi vəziyyəti pis deyil”.

Həmçinin bildirilib ki, İ. Cəfərzadə yenidən əməliyyat oluna bilər: “Həkimlər əvvəlcə ona demişdilər ki, uşağın o biri ayağı da əməliyyat oluna bilər. Ailə isə həmin əməliyyatdan imtina etdi. İndi həkimlərin əməliyyat etmədikləri həmin ayağa şin qoyulub. Bu da İmrana çox əziyyət verir. Şin qoyulan ayağındakı əyrilik düzəlməsə əməliyyat oluanacaq”.

Xatırladaq ki, 2013-cü il iyulun 21-də İmran Cəfərzadə Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hovuzda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” adlanan qurğu işə salınıb.

Bu vaxt su borusunun hovuzun içərisində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı Baş Prkorurluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.

Qeyd edək ki, İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti