Neft yenə də ucuzlaşsa, ziyanımız nə olacaq? – TƏHLİL

Neft yenə də ucuzlaşsa, ziyanımız nə olacaq? – TƏHLİL
  16 Dekabr 2014    Oxunub:5449
Əvvəl hökumət nümayəndələri dünya bazarlarında neftin 1 barrelinin qiymətinin hətta 60 ABŞ dollarına düşsə belə, Azərbaycanın dövlət büdcəsinin icrası üçün heç bir problem yaratmayacağını söyləsələr də, indi ucuzlaşmanın icmal büdcəyə təsirsiz ötüşməyəcəyini qeyd etməyə başlayıblar. Bu da təbiidir. O mənada ki, neftin qiymətinin düşməsinin yalnız bu ilin büdcəsinə təsirindən danışmaq olardı. Prosesin 2015-ci ilin dövlət büdcəsinə necə təsir göstərəcəyini isə indidən söyləmək mümkün deyildi. Əsasən də ona görə ki, ucuzlaşma hələ davam etməkdədir.

Digər tərəfdən, ölkəmizin dövlət büdcəsinin yarıdan çox hissəsi Dövlət Neft Fondundan (ARDNF), qalanı isə demək olar, bütövlükdə Dövlət Neft Şirkətindən daxilolmalardan asılı olduğundan, neftin dünya bazarlarındakı qiyməti ona dərhal təsir etmir.

Odur ki, neftin qısamüddətli ucuzlaşmasının dövlətin əsas maliyyə sənədinin icrasında problem yaradacağı bizdə əslində, qeyri-mümkün hesab edilir. Ucuzlaşma uzunmüddətli xarakter daşıyarsa, məsələ artıq, başqa xarakter daşıyır. Belə ki, bu, istər-istəməz əvvəl ARDNF-in gəlirlərinə, ardınca dövlət büdcəsinə təsir göstərəcək.

Məsələ bundadır ki, artıq başa çatmaqda olan bu il ərzində neft iyun ayından ucuzlaşmağa başlasa da, oktyabra qədər 1 barrelin qiyməti 100 dollardan aşağı düşməmişdi. 2014-cü il dövlət büdcəsində qiymət 100 dollardan götürüldüyündən, narahatlıq yaranmamışdı. Belə ki, 2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan neftinin orta qiyməti 109 dollar təşkil edib. İyun və oktyabr ayları arasında təqribən 20 faiz səviyyəsində ensə də, yalnız oktyabr ayında 100 dollardan aşağı düşdü. Bununla belə, ilin sonunadək qiymət 90-95 dollar arasında qalsaydı 2014-cü il üçün neftin 1 barelinin orta qiyməti ölkəmizə 100 dollardan aşağı başa gəlməyəcəkdi. Ancaq bəlli olduğu kimi noyabrın ortasından 70 dollardan da aşağı düşdü.

Odur ki, maliyyə naziri Samir Şərifov bugünlərdə qeyd edib ki, cari ilin dövlət büdcəsi profisitlə yekunlaşsa da, neftin ucuzlaşması icmal büdcənin gəlirlərini azaldacaq. “İcmal büdcənin gəlirləri, əsasən, Neft Fonduna toplanan gəlirlərdən ibarətdir. Yəni, bu gəlirlərə baxdıqda biz icmal büdcənin gəlirlərində xeyli azalma müşahidə edəcəyik.” – deyə, nazir bildirib.

Doğrudur, ARDNF üzrə də cari ildə qiymətin düşməsinin problem yaratmadığı deyilir ki, dövlət büdcəsində olduğu kimi Neft Fondunun da 2014-cü il üçün gəlirləri xərclərini üstələyəcək.

Bunun bir neçə səbəbi var. Birincisi, sözügedən Fondun da bu il üçün nəzərdə tutulan büdcəsində neftin 1 barelinin qiyməti 100 dollar götürülmüşdüsə, digər səbəblər sırasına isə hasilatın nisbətən qənaətbəxş səviyyədə qalması və neftin qeyd etdiyimiz kimi, iyun ayından bəri 40 faiz ucuzlaşmasına rəğmən, bütövlükdə yanvar-noyabr ayları ərzində orta qiymətin 105,6 dollara başa gəlməsi kimi amilləri daxildir. Ona görə də ARDNF-in nə dövlət büdcəsi qarşısında öhdəliyində, nə də gəlirləri ilə xərcləri arasında heç bir kəsir yaranmayacaq.

Ancaq neftin qiymətinin ucuzlaşması tendensiyası davam edərsə, bunu 2015-ci il üçün demək mümkün olmayacaq. Belə ki, dünya bazarındakı ucuzlaşma birinci Neft Fondunu “vuracaq” ki, əvvəla, ölkəmizdə hasilat bu il bayaq qeyd etdiyimiz kimi, nisbətən qənaətbəxş səviyyədə qalsa da, növbəti ildə buna ümid etmək olmayacaq.

İkincisi də, məlum olduğu kimi, ARDNF-in üzərinə böyük xərc öhdəlikləri düşür ki, dövlət büdcəsinə transfertdən əlavə, Neft Fondundan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı, Neft-Qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsində ölkəmizin iştirak payı, TANAP, “Cənub qaz Dəhlizi” kimi böyük layihələr maliyyələşdirilir.

Yeri gəlmişkən, hasilatın nisbətən sabit qalması səbəbi neft mütəxəssislərinin də bildirdiklərinə görə, “Azəri-Çıraq-Günəş”li yataqlarında modernizasiya ilə əlaqədar bu il ərzində 2 platforma dayandırmalı olsa da cəmi 1-nin dayandırılmasıyla bağlı izah edilir.

Nəhayət, üçüncüsü, dövlət büdcəmizin gəlirlərinin formalaşmasında sözügedən qurumun payı 2009-cu ildən 50 faizdən yuxarı təşkil edir ki, 2013-cü ilin büdcəsinə ARDNF-dan transfert 11 milyard 350 milyon manat nəzərdə tutulmuşdu ki, bu da gəlirlərin 59,2 faizii demək idi. 2014-cü ilin dövlət büdcəsində ən mühüm cəhət bunun məhz 17,7 faiz az təşkil etməsi sayılsa da, 2015-ci ilin büdcəsində ARDNF-dən transfert cari ilin büdcəsinə proqnozlaşdırılandan 11,3 faiz çox həyata keçiriləcək.

Ümumiyyətlə, Fondun əsasnaməsinə görə də vəsaitlər strateji əhəmiyyətli infrastruktur obyektlərin yenidənqurulması və tikintisinə, həmçinin ümummilli problemlərin həllinə xərclənməkdədir ki, bunlar da hər il xeyli çoxlu pul aparır.

Xatırladaq ki, ARDNF 1999-cu ildə yaradılarkən ölkəmiz üçün iqtisadi təhlükəsizlik yastığı xarakteri daşımaqla o vaxt cəmi 271 milyon dollar vəsaitə malik idi. 2014-cü ilin oktyabrın 1-nə Fondun aktivləri yanvarın 1-nə olan 35 milyard 877 milyon 500 min məbləğindən 3,98 faiz artaraq 37 milyard 305 milyon 300 min ABŞ dollarına çatıb.

ARDNF-in rəhbəri Şahmar Mövsümov qeyd etmişdir ki, proqnozlara əsasən, yaxın illərdə quruma 200 milyard dollar daxil olacaq. İş ondadır ki, neftin qiyməti 60 dollar civarında təşkil etdiyindən, qiymətin ucuzlaşması ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB) da rəsmi valyuta ehtiyatları azalmaqdadır. Belə ki, cari ilin avqustundan başlanan proses davam edir ki, bunun da manatın dəyəri ilə bağlı olduğu sezilir.

Belə ki, iyulun sonuna ehtiyat 15193.4 min ABŞ dolları təşkil edirdisə, avqustun sonuna bu rəqəm 15190.9, sentyabrda 15042.4, oktyabrda 15033.6, noyabrda isə 14996.3 min dollara bərabər olub. Halbuki, son 4 ildə isə AMB-in valyuta ehtiyatları 6 faizdən çox artaraq 15 milyard dollara çatmışdı.

Odur ki, tendensiyanın gələn ildən başlayaraq Neft Fondunun da aktivlərinə təsir edəcəyi qaçılmaz görünür. Bu üzdən maliyyə naziri də qeyd etmişdir ki, hökumət ucuzlaşmanı diqqətdə saxlayır. “Şərait tələb edərsə, Azərbaycan hökuməti yaxın illər üçün priorotet olmayan infrastruktur layihələrinin icrasını təxirə sala bilər”, – deyə, nazir bildirib.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti