Dünən sənin nömrən öldü – Hekayə

Dünən sənin nömrən öldü – Hekayə
  17 Dekabr 2014    Oxunub:2925
Gül Nar

İlk dəfə onu qarlı bir qış günündə görmüşdüm. Elə gördüyüm o andan ona aşiq olmuşdum, gözlərim onda ilişib qalmışdı. Diqqətimi çəkən isə bəyaz qarda əyninə geydiyi qırmızı palto, buruq saçları və soyuqdan qızarmış balaca burnu idi...


Onu ilk gördüyümdə anlamışdım ki, bu şəhərin bütün qızlarından fərqlidir, həyata baxışı başqadır. Hər gün onun işlədiyim ofisin qarşısından keçməyini səbirsizliklə gözləyirdim. Bircə dəfə görməklə bütün ürəyim rahatlayırdı.

O qızı görəndən sonra sanki özümü yenidən kəşf etdim... Hələ bir balaca gözlərilə göz süzməyi var idi ki...

Beləcə, uzun zaman onu izləməyə başladım. O vaxt mən hələ subay idim. Onunla xəyallarımı qururdum. Amma bir gün ona yaxınlaşmağı heç düşünmürdüm. İçimdə o qədər qorxu hissi var idi ki, birdən yaxınlassam, məni pərt edər, ya bir şillə vurar... Və mən sadəcə, ona baxmaqla kifayətlənirdim...

Bir gün və mən iş yerimi dəyişməli oldum. Onun şəhərini tərk etdim. O gündən nə o qızı gördüm, nə də onu bir daha görəcəyimə ümidim vardı…

Beləcə, uzun zaman keçdi. Və bir gün təsadüfən onunla şəhərdə üz-üzə gəldik. Mən onda artıq bir il olardı ki, evlənmişdim. Amma onunla rastlaşdığımda ilk gördüyüm o qızı yadıma saldım. Yenə bir müddət yadımdan çıxmadı. Elə gün ərzində onu düşünürdüm...

...Və növbəti təsadüf bizi kitabxanada rastlaşdırdı. Üz-üzə gəldik. Bu dəfə o, bir tanış kimi dayandı. Əl uzatdı, salam verdi. O qədər həyəcanlı idim ki... Və bir az söhbətdən sonra biz oxu zalına keçdik. Bir az kitablardan danışdı mənə... O, söhbət edərkən hələ də inanmırdım ki, biz yanaşı durub, danışarıq. Mən o qızı bir daha kəşf etdim o gün... Həyat dolu bir qız idi. Sevgi dolu idi. Onu sevən oğlanlar da az deyildi. Amma o, sanki heç kimi sevmək, kiməsə aid olmaq istəmirdi. Eləcə balaca dünyasında qapanıb qalmışdı özünə. Və aradabir hal-əhval tutmaq üçün onun nömrəsini aldım.

Və bir gün mən onun facebook hesabını tapdım. Dostluq yolladım, qəbul elədi. Sevincimin həddi-hüdudu yox idi. Sanki itirilmiş ən dəyərli bir şeyimi tapmışdım onda.

Dost olduqdan sonra ona gecikmiş hisslərimdən danışdım. Evliyəm, dedim, amma ürəyim həmişə səni istədi. Cürət edib deyə bilmədim. Peşmanam. O isə cavabında `Dəyişə bilməyən həyatın üçün heç vaxt peşman olma` dedi... Və bu mövzüya bir daha qayıtmadıq...

Davamlı olaraq onu izləməyə başladım. Öz dünyasında o qədər kədərli idi ki... Həm də çox romantik idi. Axtardığını sanki tapa bilmirdi.

Mən fəsilləri, həyatı onunla hiss edirdim.cPayızın yerə tökülən sarı yarpaqlarını onunla hiss edirdim. Yağış yağanda onunla islanırdım, qarın bəyazlığını onunla duyurdum. Yazda onu güllərin arasında görəndə baharın gəldiyini görürdüm. Yayda isə dənizin sahilə vuran dalğalarında onunla sərinlənirdim elə bil. Və ən maraqlısı, bütün bunları o, şəkillərdə çox gözəl ifadə edə bilirdi. Bax, onun fərqli dünyası bu idi. O, hər şeyi olduğu kimi yaşaya bilirdi. Yaşamaq üçün yaşamırdı o... Bəlkə rastlaşdığım ən fərqli qız idi...

Və bir gün o, evlənmək üçün seçdiyi adamla evləndi. Sanki xoşbəxt olmaq üçün yox, lazım olduğu üçün evlənirdi. Alışmışdım onun profilində hər gün nəsə bir şey oxumağa. Sanki məni bir hiss qorxudur ki, bir səhər ayılanda onun profilində ölüm xəbərini görəcəyəm. Bu düşüncə məni tək qoymurdu heç. Həyatı sevdiyi qədər, qapalı dünyasında hiss olunurdu ki, çox inciyib həyatından.

...Və bir gün səhər oyandığımda gördüyümə gözlərim inanmadı... Dostları onun şəklini paylaşıb, onunla bağlı xatirələrini yazmışdılar. Dəhşətli idi... Anarın əsərini xatırladım o an...

Dünən sənin nömrən öldü...Ölən təkcə adamlar olmur ki... Telefon nömrəsi də ölür... Mən, sən və o telefon...

Və o gündən ümidsiz bir ümidlə onun profilini izləmək mənim ən kədərli tərəfim olsa da, bunu özümə günümün ən vacib işi bildim...



Teqlər:





Xəbər lenti