Röya “Laçınım” oxudu – konsertdən FOTOLAR

Röya “Laçınım” oxudu – konsertdən FOTOLAR
  20 Dekabr 2014    Oxunub:5138
Bu gün müğənni Röya Ayxanın “Sənə ehtiyacım var” adlı solo konserti baş tutub.
AzVision.az axşam.az-a istinadən xəbər verir ki, səhnəyə çıxmazdan əvvəl media ilə görüşən ifaçı sualları cavablandırıb. O, səhnəni heç bir duet ortağı ilə bölüşməyəcəyini deyib:

“Gecədə ancaq özüm oxuyacam. Bircə qardaşım arada çıxıb, iki mahnı səsləndirəcək. Əslində mən İsmayılın müğənni olmasını istəmirəm. Bu sənət yaxşı deyil. Həm də ailədə bir müğənni olar. İndi hobbisidir, hələ ki, oxuyur. Həyəcanlıyam. Ən qorxduğum şey isə mahnının sözlərini unutmaqdır”.

Gecənin aparıcısı əməkdar artist Murad Dadaşov olub. Səhnəyə çıxan R.Ayxan bir-birinin ardınca sevilən mahnılarnı səsləndirib. “Səni günlərim” mahnısını ifa edərkən sənətçi sözləri iki dəfə unudub. Maraqlı söhbətləri ilə yadda qalan Röya hər kəsə təşəkkür edib:

“2005-ci ildən konsert verirəm. Hər il birinci sırada eyni adamlar olur. Mən çoxunuzu dəyişsəm də siz məni dəyişmədiniz. Bu gecə çoxlu mahnılar oxuyacam. Axşam instaqramda sizlərin fikirlərini gözləyəcəm”.

R.Ayxan mərhum xalq artisti Məhəbbət Kazımovun “Laçınım” mahnısını səsləndirərkən göz yaşlarını saxlaya bilməyib. Gecədə yeni albomuna daxil olan mahnıları ifa edən müğənni “Xəyanət”i də təqdim edib. Yaddaqalan məqamlardan biri də sənətçinin xalq artisti Zülfiyyə Xanbabayevanın “Darıxmışam” mahnısını oxuması olub.

Akustik mahnılarını səsləndirən Röya gecədə iki dəfə libasını dəyişib.

Qeyd edək ki, müğənni dekabrın 20-də və 21-də də Heydər Əliyev Sarayında konsert verəcək.

Qalereya




Teqlər:





Xəbər lenti